Azərbaycan Respublikasının Baş naziri


Novruz İsmayıl oğlu Məmmədov 1947-ci ildə anadan olmuşdur.
1964-cü ildə orta məktəbi bitirərək, Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun Avropa dilləri fakültəsinin fransız dili şöbəsinə daxil olmuşdur.
1970-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmiş və Azərbaycan Respublikası Təhsil Nazirliyinin qərarı ilə İnstitutda müəllim vəzifəsinə təyin edilmişdir.
1967-1968-ci illərdə Əlcəzairdə, 1971-1973-cü illərdə Qvineyada, 1978-1981-ci illərdə yenidən Əlcəzairdə tərcüməçi, baş tərcüməçi işləmişdir.
1991-ci ildə dissertasiya işini müdafiə edərək, filologiya elmləri namizədi elmi dərəcəsini almışdır.
1992-1993-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun hazırlıq, 1993-1997-ci illərdə isə fransız dili fakültələrinin dekanı vəzifəsində işləmişdir.
1995-1997-ci illərdə Azərbaycan Respublikası Prezidentinin fransız dili üzrə tərcüməçisi olmuşdur.
1997-ci ilin aprel ayında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri təyin edilmişdir.
2002-ci ilin yanvar ayında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə fövqəladə və səlahiyyətli səfir rütbəsi verilmişdir.
2005-2018-ci illərdə YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvü olmuşdur.
2012-ci ilin noyabr ayında Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini təyin edilmişdir.
2017-ci ilin may ayında Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Baş naziri təyin edilmişdir.


Təltiflər:
1998-ci ildə Azərbaycan-Fransa dostluq münasibətlərinin möhkəmlənməsində xidmətlərinə görə Prezident Jak Şirak tərəfindən Fransanın Fəxri Legion Ordeni.
2007-ci ilin mart ayında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni.
2009-cu ildə Polşa Prezidenti Lex Kaçinskinin sərəncamı ilə Azərbaycan-Polşa münasibətlərinin inkişafı sahəsindəki xidmətlərinə görə Polşanın Fəxri Legion Ordeni.
2017-ci il 13 mart tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Şərəf' ordeni.

Elmi fəaliyyət:
IX sinif üçün fransız dili dərsliyinin ("Le Français", 1994), "Fransız dilinin praktik fonetikası" (1997), "Geosiyasətə giriş" (iki cilddə, 2011), “Xarici Siyasətin Azərbaycan Modeli” (2012), "Xarici siyasət: reallıqlar və gələcəyə baxış" (2013), “Dış Politika: Gerçeklikler ve Geleceğe Bakış” (2015) və başqa kitabların, elmi, ictimai və siyasi mövzularda 150-dən artıq məqalənin müəllifidir.
Rəhbərlik etdiyi və redaktoru olduğu nəşrlər: “Diplomatiya: ensiklopedik lüğət” (2005, redaktor), “Qlobal Siyasət: Təhdidlər, çağırışlar, ümidlər” (2013, redaktor), “Кто прав, тот и сильнее?” (2013, redaktor), “Müasir beynəlxalq münasibətlər sistemi: Newtimes.az-ın baxış bucağı” (2014, redaktor), “Günümüz Jeosiyasi Süreçlerinin Perde Arkası” (2015, redaktor), “Müstəqil Azərbaycanın 25 ili Səfirlərin gözü ilə” (2016, ideya müəllifi), "Qlobal miqrasiya böhranı: Beynəlxalq münasibətlər və Qərb siyasəti yeni tarixi dönüş ərəfəsində" (2018, ideya müəllifi və baş redaktor).
Tərcümələr:
“Правда o тeppope: армянский терроризм - истоки и причины” (2000, rus dilinə), Pyer Qamarra - "L'Assassin a le prix Goncourt" 1963 (Azərbaycan dilinə, 2010), Philippe Braillard, Mohammad Reza Djalili "Les relations internationales" 1997. (Azərbaycan dilinə, 2010) .


Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvüdür.
Azərbaycan, fransız, rus, ingilis və türk dillərini bilir.
Evlidir. Üç övladı və nəvələri var.