Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi


Azərbaycanın qədim yaşayış və mədəniyyət mərkəzlərindən olan Dağlıq Qarabağ ümumilikdə Qarabağın bir hissəsidir. Sovet hakimiyyəti dövründə 1923-cü ildə Qarabağın dağlıq hissəsində 4,4 min kv.km ərazidə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdır. Bununla da bu ərazidə separatçılıq meyllərinin əsası qoyulmuşdur. Əslində isə problemin kökündə Qarabağa XVIII əsrdən başlayaraq köçürülən ermənilərin Azərbaycan torpaqlaraına yiyələnmək iddası dayanır.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə ermənilərin Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları ilə başlamışdır. Sovet İttifaqı rəhbərliyində təmsil olunan ermənilər, Ermənistan SSR-in rəhbərliyi və xaricdəki erməni diasporu 1980-ci illərin əvvəllərindən SSRİ-nin mərkəzi hakimiyyətinin zəifləməsindən istifadə edərək Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi üçün fəaliyyətə başladılar.

1987-89-cu illərdə Ermənistanda yaşayan 250 mindən çox azərbaycanlı öz tarixi torpaqlarından zorla qovulub, onlardan 216 nəfər vəhşicəsinə qətlə yetirilib, 1154 nəfər isə yaralanıb.

20 fevral 1988-ci ildə DQMV-nin Xalq Deputatları Sovetinin iclasında vilayətin erməni icmasının nümayəndələri DQMV-nin Azərbaycan SSR-dən Ermənistan SSR-ə keçirilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetlərinə müraciət etmək haqqında qərar qəbul etdilər.

22 fevral 1988-ci ildə Əsgəran qəsəbəsi yaxınlığında ermənilər DQMV-nin Xalq Deputatları Sovetinin qərarına qarşı etiraz edən dinc azərbaycanlı nümayişçilərə atəş açdılar. Nəticədə həlak olan iki azərbaycanlı gənc münaqişənin ilk qurbanları oldular.

1 dekabr 1989-cu ildə Ermənistan SSR Ali Soveti Ermənistan SSR və Dağlıq Qarabağın birləşdirilməsi haqqında qərar qəbul etmişdir.

10 yanvar 1990-cı ildə SSRİ Ali Sovetinin Rəyasət Heyəti “Dağlıq Qarabağ barəsində Ermənistan SSR Ali Sovetinin 1989-cu il dekabrın 1-də və 1990-cı il yanvarın 9-da qəbul etdiyi qərarların SSRİ Konstitusiyasına uyğun olmaması haqqında” qərar qəbul etmişdir. Qərarda Ermənistan SSR ilə Dağlıq Qarabağın Azərbaycan SSR-in razılığı olmadan yenidən birləşdirilməsinin qeyri-qanuni olması bildirilmişdir.

30 avqust 1991-ci ildə Azərbaycanın Ali Soveti dövlət müstəqilliyinin bərpasını elan etdi. 18 oktyabr 1991-ci ildə “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olundu.

26 noyabr 1991-ci ildə Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv edilməsi haqqında” Qanun qəbul etdi.

1991-ci ilin sonu-1992-ci ilin əvvəlində münaqişənin hərbi mərhələsi başlandı. Sovet İttifaqının parçalanması və Azərbaycanda daxili çəkişmələr nəticəsində yaranmış siyasi qeyri-sabitlikdən istifadə edərək, Ermənistan xarici hərbi yardımla Dağlıq Qarabağda hərbi əməliyyatlara başladı.
1992-ci ilin fevral ayında Xocalı şəhərində azərbaycanlı əhaliyə qarşı misli görünməmiş qırğın törədilmişdir. Xocalı soyqırımı kimi tanınmış bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi yaxud əsir düşməsi ilə nəticələnmiş, şəhər yerlə-yeksan edilmişdir.

1992-ci ilin may ayında Şuşa şəhəri və Ermənistanla Dağlıq Qarabağ arasında yerləşən Laçın rayonu işğal edilmişdir. 1993-cü ildə Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı daha altı rayonunu – Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını işğal etdilər.
30 aprel 1993-cü il tarixində BMT Təhlükəsizlik Şurası Azərbaycanın Kəlbəcər rayonundan və digər işğal olunmuş ərazilərindən bütün işğalçı qüvvələrin dərhal çıxarılmasını tələb edən 822 saylı qətnamə qəbul etdi.

29 iyul 1993-cü il tarixində BMT Təhlükəsizlik Şurası Azərbaycanın Ağdam rayonu və digər işğal olunmuş ərazilərindən işğalçı qüvvələrin tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 853 saylı qətnamə qəbul etdi.

14 oktyabr 1993-cü il tarixində BMT Təhlükəsizlik Şurası ATƏM-in Minsk qrupunun nizama salmaya dair vaxt cədvəlinə uyğun olaraq, dərhal qarşılıqlı və zəruri addımlar atılmasını, o cümlədən ən son işğal edilmiş ərazilərdən çəkilməyi tələb edən 874 saylı qətnamə qəbul etdi.

11 noyabr 1993-cü il tarixində BMT Təhlükəsizlik Şurası 884 saylı qətnamə qəbul etdi. Qətnamə Zəngilan rayonu və Horadiz qəsəbəsinin işğalını, mülki əhaliyə qarşı hücumu və Azərbaycan Respublikası ərazilərinin bombalanmasını pisləmiş, Zəngilan rayonu və Horadiz qəsəbəsindən işğalçı qüvvələrin birtərəfli qaydada çıxarılmasını və Azərbaycan Respublikasının ən son işğal olunmuş digər ərazilərindən işğalçı qüvvələrin çıxarılmasını tələb edir.

Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 20 faiz ərazisi – Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayon - Xankəndi şəhəri, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları, həmçinin Tərtər rayonunun 13, Qazax rayonunun 7, Naxçıvanın Sədərək rayonunun isə 1 kəndi Ermənistan ordusu tərəfindən işğal olunmuşdu.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1 milyondan artıq azərbaycanlı məcburi köçkün vəziyyətinə düşüb, 20 min nəfər hərbi əməliyyatlar dövründə həlak olub, 50 min nəfər əlil olub. Münaqişə nəticəsində 4 minə yaxın azərbaycanlı itkin düşüb, onların arasında 67 uşaq, 265 qadın, 326 qoca olub. Bu şəxslərin aqibəti barədə hələ də məlumat yoxdur. İki mindən çox azərbaycanlı ermənilər tərəfindən əsir və girov götürülüb.

1988-1993-cü illərdə Qarabağda, ümumilikdə, 900 yaşayış məntəqəsi, 150 min ev, 7 min ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 695 tibb müəssisəsi, 927 kitabxana, 44 məbəd, 9 məscid, 473 tarixi abidə, saray və muzeylər, 40 min muzey eksponatı, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsi, 160 körpü və digər infrastruktur obyektləri dağıdılıb.

Azərbaycanın işğal edilmiş ərazilərində dünya əhəmiyyətli abidələrə Cəbrayılda orta əsrlərə aid 11 və 15 tağlı Xudafərin körpüləri və Tunc dövrünə aid Niftalı kurqanları, Kəlbəcərdə orta əsrlərə aid Gəncəsər və Xudavanq monastırları, Ağdamda XIV əsrə aid Qutlu Musa oğlu türbəsi və Tunc dövrünə aid Üzərliktəpə yaşayış massivi, Xocavənddə Paleolit dövrünə aid Azıx və Tağlar mağarası və Xocalıda Tunc və Dəmir dövrünə aid kurqanlar daxildir.

Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair vasitəçilik prosesi 1992-ci ilin fevral ayında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müqaviləsi (ATƏM) çərçivəsində başlamışdır. ATƏM-in Xarici İşlər Nazirləri Şurasının Helsinkidə keçirilən 24 mart 1992-ci il tarixli əlavə iclasında Minskdə ATƏM-in himayəsi altında mümkün qədər tez bir zaman ərzində böhranın ATƏM-in prinsip, öhdəlik və müddəaları əsasında sülh yolu ilə həlli istiqamətində danışıqlar üçün forumu təmin edəcək Dağlıq Qarabağa dair konfransın çağırılması qərara alındı.

12 may 1994-cü il tarixində atəşkəsə dair razılıq əldə olundu. ATƏM-in dövlət və hökumət başçılarının 1994-cü il 5-6 dekabr tarixlərində Budapeştdə keçirilən sammitində ATƏM çərçivəsində bütün vasitəçilik səylərinin əlaqələndirilməsi üçün Minsk konfransı həmsədrlik institutunun yaradılması barədə qərar qəbul olundu. Budapeşt sammiti ATƏM-in fəaliyyətdə olan sədrinə silahlı münaqişənin dayandırılması üçün siyasi razılaşmanın əldə olunması məqsədilə danışıqlar aparmaq tapşırığı verdi. Sözügedən siyasi razılaşma münaqişənin nəticələrini aradan qaldırmalı və Minsk konfransının çağırılmasına imkan verməli idi.

23 mart 1995-ci ildə ATƏT-in fəaliyyətdə olan sədri Minsk prosesinin həmsədrlərinə mandat verdi. 2-3 dekabr 1996-cı il tarixlərində keçirilən ATƏT-in Lissabon sammitində ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədri Dağlıq Qarabağ münaqişəsinin həllinin əsasını təşkil etməli olan prinsipləri tövsiyə etdi, lakin Ermənistan bu prinsipləri qəbul etmədi və ATƏT-in 54 üzv dövləti arasında bu təklifin əleyhinə səs verən yeganə dövlət oldu.

Azərbaycan tərəfi regionda davamlı sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin bərqərar olmasına şərait yaradacaq Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli istiqamətində dünya birliyinin daha qətiyyətli və ardıcıl mövqedən çıxış etməsi və Ermənistanı beynəlxalq birliyin nüfuzlu üzvləri olan ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin təklif etdiyi başlıca prinsiplər əsasında münaqişənin bir dəfəlik həllini nəzərdə tutan yekun sülh sazişi üzərində işə başlamasına vadar etməsinə ümid bəsləyir.
Bir çox beynəlxalq təşkilat münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı çoxsaylı sənədlər qəbul etmişdir.

BMT Baş Assambleyanın 2008-ci il martın 14-də qəbul etdiyi qətnamə münaqişənin hüquqi, siyasi və humanitar aspektlərini əhatə edir və həlli prinsiplərini yenidən təsdiqləyir. Bu prinsiplər Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörməti, erməni qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını, işğal edilmiş ərazilərdən məcburi köçkün düşmüş insanların öz doğma yurdlarına qayıtmaq hüququnu, hər iki icmanın Azərbaycanın tərkibində muxtar idarəetmə formasına malik ərazidə birgəyaşayış şərtlərinin təmin edilməsini və ərazilərin işğalı nəticəsində yaradılmış vəziyyətin qeyri-qanuniliyini vurğulayır.

Münaqişə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində də dəfələrlə müzakirə edilib. Təşkilat beynəlxalq hüququn prinsip və normalarını rəhbər tutaraq, Azərbaycanın hərbi təcavüzə məruz qaldığını elan edib. Hələ 1993-cü ildə təşkilatın xarici işlər nazirlərinin Pakistanın Karaçi şəhərində keçirilən 21-ci iclasında qəbul edilən qətnamə Azərbaycana qarşı erməni təcavüzünü qınayır, erməni qoşunlarının işğal edilmiş bütün ərazilərdən dərhal çıxarılmasını tələb edir, Ermənistanı Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə və münaqişənin dövlətlərin ərazi bütövlüyünə, sərhədləri toxunulmazlığına əsaslanan sülh yolu ilə, ədalətli həllinə çağırır. Növbəti qətnamələrdə təşkilat BMT Təhlükəsizlik Şurasını münaqişənin siyasi həlli prosesində fəal iştirak etməyə, qəbul olunmuş dörd qətnamənin icrasını tam təmin etməyə və Azərbaycan Respublikasına qarşı təcavüz aktının mövcudluğunu tanımağa çağırır.

2016-cı ildə İƏT-in İstanbulda keçirilən sammitində İƏT çərçivəsində “Ermənistan Respublikasının Azərbaycana təcavüzünə dair Təmas Qrupu” yaradılıb. Təmas Qrupunun tərkibinə 7 ölkə daxildir: Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan, Malayziya, Mərakeş, Cibuti, Qambiya.

Avropa İttifaqı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə, Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasına, tərəflərin ərazi bütövlüyünə, beynəlxalq sərhədlərinə hörmət göstərilməsinə və heç bir beynəlxalq legitimliyi olmayan, güc yolu ilə yaradılmış vəziyyətdən imtina edilməsinə çağırır. 2017-ci il noyabrın 24-də Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı sammitində qəbul edilən birgə bəyannamədə Avropa İttifaqı bütün tərəfdaşların ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəkləməklə bu məsələdə qərarlı olduğunu nümayiş etdirib.

2016-cı ilin əvvəlində münaqişənin həlli ilə əlaqədar konkret planlar müzakirə olunduğu vaxtda Ermənistan hərbi təxribata əl ataraq, aprelin 2-də qoşunların təmas xətti boyunca əhalinin sıx məskunlaşdığı əraziləri ağır silahlardan atəşə tutub. Ermənistanın hücumları nəticəsində dinc Azərbaycan əhalisi arasında uşaqlar da daxil olmaqla 6 nəfər həlak olub, 33 nəfər isə ağır yaralanıb. Öz növbəsində, Azərbaycan Silahlı Qüvvələri düşmənə layiqli cavab verib, əks-həmlə nəticəsində strateji əhəmiyyətli mövqeləri işğaldan azad edib. Aprel hadisələrindən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi erməni işğalından tamamilə azad olunub. Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları əsasında böyük bərpa və quruculuq işləri görülmüş, kənddə normal həyat bərpa olunmuşdur.
Ermənistan siyasi və hərbi təxribatlarını 2017-ci ildə də davam etdirib. Ermənistan hərbi hissələri ağır artilleriya qurğularından Azərbaycan Silahlı Qüvvələrinin cəbhəboyu mövqelərini və mülki əhalinin yaşadığı əraziləri intensiv atəşə tutub. Nəticədə iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində 2 mülki şəxs qətlə yetirilmiş, bir nəfər isə ağır yaralanmışdır.

Azərbaycanın bütün sülhsevər səylərinə baxmayaraq, Ermənistan destruktiv siyasəti ilə problemin mərhələli şəkildə tənzimlənməsinə mane olur, siyasi və hərbi təxribatlar vasitəsilə danışıqlar prosesini pozmağa çalışır və Azərbaycan ərazilərinin işğalına əsaslanan mövcud status-kvonu qorumağa çalışır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın beynəlxalq sərhədləri və ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Hazırda dünya birliyi Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə tanıyır və dəstəkləyir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açıq bəyan edib ki, “Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil və heç vaxt olmayacaq... Azərbaycan bu mövqedən bir addım belə geri çəkilməyəcək. Yəni, Azərbaycanın ərazi bütövlüyü məsələsində... heç bir güzəşt olmayacaq”.


İşğal olunmuş ərazilər:

Dağlıq Qarabağ
Ərazisi - 4388 kv.km
Əhalisi (1989) - 189.085

Dağlıq Qarabağın Şuşa rayonu

Ərazisi - 381 kv.km
Əhalisi - 20.579
Azərbaycanlılar - 19.036 (92,5%)
Ermənilər - 1.377 (6,7%)
İşğal olunmuşdur - 8 may 1992-ci il

Dağlıq Qarabağın ətrafındakı işğal olunmuş rayonlar:

Laçın rayonu – 18 may 1992-ci il
Kəlbəcər rayonu - 2 aprel 1993-cü il
Ağdam rayonu - 23 iyul 1993-cü il
Füzuli rayonu - 23 avqust 1993-cü il
Cəbrayıl rayonu - 26 avqust 1993-cü il
Qubadlı rayonu - 31 avqust 1993-cü il
Zəngilan rayonu - 28 oktyabr 1993-cü il

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq və regional təşkilatların sənədləri