AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ





    Vətəndaşların müraciətlərinə dair qanunvericilik


    Maddə 57. Müraciət etmək hüququ

    I. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hərbi qulluqçular bu hüquqdan yalnız fərdi qaydada istifadə edə bilərlər. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir.

    II. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Təhqir və böhtan tənqid sayıla bilməz.

    Maddə 94. Azərbaycan Respublikası Milli Məclisinin müəyyən etdiyi ümumi qaydalar

    I. Azərbaycan Respublikasının Milli Məclisi aşağıdakı məsələlərə dair ümumi qaydalar müəyyən edir:

    1) bu Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarından və azadlıqlarından istifadə, bu hüquqların və azadlıqların dövlət təminatı;  

     

    Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə və 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir, vəzifəli şəxslərin müraciətlərə baxması qaydasını müəyyən edir.

    Maddə 1. Müraciət etmək hüququ

    1.1. Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır.

    1.2. Vətəndaşlar müraciət etmək hüququnu sərbəst və könüllü həyata keçirirlər. Vətəndaşın öz müraciət hüququnu həyata keçirməsi digər şəxslərin hüquqlarını və azadlıqlarını pozmamalıdır.

    1.3. İrqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, mənşəyinə, əmlak vəziyyətinə, qulluq mövqeyinə, əqidəsinə, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətinə görə şəxsin müraciət etmək hüququnu məhdudlaşdırmaq qadağandır.

    Maddə 2. Vətəndaşların müraciətləri haqqında qanunvericilik

    Vətəndaşların müraciətləri haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir.

    Maddə 3. Əsas anlayışlar

    3.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir:

    3.0.1. müraciət edən şəxs - fiziki və ya hüquqi şəxs;

    3.0.2. müraciət - müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı (o cümlədən elektron) formada göndərilən (təqdim edilən) və ya şifahi formada edilən fərdi və ya kollektiv təklif, ərizə, şikayət;

    3.0.3. təklif - qanunların və digər normativ hüquqi aktların təkmilləşdirilməsi, dövlət və bələdiyyə orqanlarının və digər müraciətə baxan subyektlərin fəaliyyətinin yaxşılaşdırılması, elm, təhsil, mədəniyyət, hüquq, sosial-iqtisadi, yaradıcılıq və başqa sahələrlə bağlı məsələlərin həlli barədə edilən müraciət;

    3.0.4. ərizə - hüquq və azadlıqların həyata keçirilməsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət;

    3.0.5. şikayət - pozulmuş hüquq və azadlıqların bərpası və müdafiəsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət;

    3.0.6. müraciətə baxan subyekt - fiziki və hüquqi şəxslərin müraciətlərinə baxmaq və qərar qəbul etmək səlahiyyəti olan dövlət və bələdiyyə orqanları, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları;

    3.0.7. müraciətə baxan subyektin canlı yayımlanan teleradio proqramındakı nümayəndəsi - müraciətə baxan subyektin razılığı ilə onu həmin proqramda təmsil edən vəzifəli şəxs;

    3.0.8. müraciətə baxan subyektin vəzifəli şəxsi - müraciətə baxan subyektin rəhbəri, dövlət orqanında inzibati vəzifə tutan və hakimiyyət səlahiyyətləri olan şəxs, digər müraciətə baxan subyektlərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər;

    3.0.9. şifahi müraciət - vətəndaşların fərdi və kollektiv qəbulu zamanı və ya müraciətə baxan subyektin nümayəndəsinin iştirakı ilə canlı yayımlanan teleradio proqramları zamanı, habelə telefon müraciət xidməti vasitəsilə edilən müraciət;

    3.0.10. telefon müraciət xidməti - müraciət edənin şifahi müraciətinin qəbulunu, texniki vasitələrin köməyi ilə qeydiyyatını və cavablandırılmasını həyata keçirmək üçün yaradılmış rabitə xidməti;

    3.0.11. yazılı müraciət - kağız üzərində və ya elektron formada tərtib edilmiş müraciət;

    3.0.12. elektron müraciət - müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilən və ya rəsmi internet saytı vasitəsilə daxil edilən müraciət;

    3.0.13. kollektiv müraciət - eyni məsələyə dair iki və daha çox şəxsin birgə müraciəti, yaxud ictimai iştirakçılığın həyata keçirilməsi ilə əlaqədar olan müraciətlər;

    3.0.14. təkrar müraciət - müraciətin bu Qanunla müəyyən edilmiş baxılması müddəti ötdükdə və ya həmin müraciət cavablandırıldıqda eyni şəxsin eyni məsələ ilə bağlı eyni müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə göndərdiyi növbəti müraciət;

    3.0.15. anonim müraciət - müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə vətəndaşın soyadı, adı, atasının adı, ünvanı, şəxsi və ya elektron imzası (hüquqi şəxslərə münasibətdə hüquqi şəxsin adı və hüquqi ünvanı, onun rəhbərinin imzası) olmadan yazılı formada göndərilən müraciət.

    Maddə 4. Vətəndaşların müraciətlərinə baxılmasının əsas prinsipləri

    4.0. Vətəndaşların müraciətlərinə baxılmasının əsas prinsipləri aşağıdakılardır:

    4.0.1. qanunçuluq;

    4.0.2. vətəndaşların müraciət hüququnun sərbəst və könüllü həyata keçirməsinə şərait yaradılması;

    4.0.3. müraciətlərə dair tələblərin vahidliyi;

    4.0.4. fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması;

    4.0.5. müraciətlərə baxılmasında ayrı-seçkiliyə və süründürməçiliyə yol verilməməsi;

    4.0.6. müraciətə baxan subyektlərin və onların vəzifəli şəxslərinin fəaliyyətində şəffaflığın təmin edilməsi;

    4.0.7. vətəndaşların müraciət etmək hüququ ilə dövlət maraqlarının uzlaşdırılması.

    Maddə 5. Bu Qanunun tətbiq dairəsi

    5.1. Azərbaycan Respublikasının Konstitusiya qanunlarında, başqa qanunlarda, onların əsasında qəbul edilmiş digər normativ hüquqi aktlarda, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmayıbsa, bu Qanunun müddəaları vətəndaşların bütün müraciətlərinə şamil edilir.

    5.2. Bu Qanunun müddəaları vətəndaşların məhkəmə icraatı və ya inzibati icraat çərçivəsində etdikləri müraciətlərə şamil edilmir.

    5.3. Hərbi qulluqçuların xidmətlə əlaqədar bilavasitə rəislərinə və ya böyük rəislərinə müraciət etmə və onlara baxılması qaydası Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi və İntizam Nizamnaməsi ilə tənzimlənir.

    5.4. Referendumun və seçkilərin bilavasitə təşkili və keçirilməsi ilə əlaqədar müraciətlərin edilməsi və onlara baxılması qaydası Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə tənzimlənir.

    5.5. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana) insan hüquqlarının pozulmasına dair şikayətlərin verilməsi və bu şikayətlərə baxılması qaydası “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə tənzimlənir.

    5.6. İnformasiya əldə edilməsi üçün sorğunun verilməsi və informasiya əldə edilməsi haqqında sorğuya baxılması qaydası “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

    5.7. Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda şikayətlərə baxılması qaydası “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

    5.8. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan ictimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslərə, habelə normativ hüquqi aktlar və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi şəxslərə və fərdi sahibkarlara müraciət edilməsi və həmin müraciətlərə baxılması qaydası bu Qanunla tənzimlənir.

    5.9. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmayıbsa, bu Qanunun müddəaları əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin müraciətlərinə şamil edilir.

    Maddə 6. Vətəndaşların müraciətlərinə dair tələblər

    6.1. Vətəndaşlar müraciətlərini həmin məsələyə baxılmasını bilavasitə təmin etməli olan müraciətə baxan subyektlərə və ya onların vəzifəli şəxslərinə yazılı formada təqdim edir və ya şifahi formada bildirirlər.

    6.2. Yazılı müraciətlər şəxsən və ya nümayəndə vasitəsilə təqdim edilir və ya poçt, telefaks, yaxud bu Qanunun 6.7-ci maddəsində göstərilən qaydada göndərilir.

    6.3. Yazılı müraciətdə aşağıdakılar göstərilir:

    6.3.1. müraciətə baxan subyektin adı və ya onun vəzifəli şəxsinin adı, soyadı, vəzifəsi (vəzifəli şəxsin elektron ünvanına göndərilən müraciətlər istisna olmaqla);

    6.3.2. müraciət edən fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı (yaxud işlədiyi yer), hüquqi şəxsin adı və hüquqi ünvanı;

    6.3.3. müraciət nümayəndə vasitəsilə təqdim edildikdə, nümayəndənin adı, soyadı, atasının adı və ünvanı.

    6.4. Müraciət hüquqi şəxslərin firma rekvizitləri olan blankda göndərildiyi, yaxud fiziki şəxsin əlaqə məlumatlarından ən azı birinin göstərildiyi hallar istisna olmaqla, bu Qanunun 6.3-cü maddəsinin tələblərinə cavab vermədikdə anonim sayılır. Anonim müraciətlər müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri tərəfindən qəbul edilmir və onlara baxılmır.

    6.5. Kağız üzərində yazılı müraciəti fiziki şəxs və ya hüquqi şəxsin rəhbəri, yaxud onların səlahiyyətli nümayəndəsi imzalamalı və tarix qoymalıdır.

    6.6. Yazılı müraciət nümayəndə vasitəsilə təqdim edildikdə müraciətə nümayəndənin səlahiyyətlərini təsdiqləyən sənədin surəti əlavə olunmalıdır.

    6.7. Elektron müraciət həmin müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilir və ya onun rəsmi internet saytına daxil edilir. Müraciətə baxan subyektin rəsmi internet saytına daxil edilən müraciətdə vətəndaşın elektron və ya poçt ünvanı göstərilməlidir.

    6.8. Elektron sənəd formasında göndərilən müraciət elektron imza ilə təsdiq olunmalıdır.

    6.9. Müraciətin mətni oxunaqlı olmalı, müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməlidir. Müraciətin mətnində təhqir və böhtana yol verilməməlidir.

    Maddə 7. Vətəndaşların yazılı müraciətlərinin qəbulu, qeydiyyatı və onlara baxılması qaydası

    7.1. Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır.

    7.2. Vətəndaşların müraciətləri ilə bağlı kargüzarlıq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılır və müraciətə baxan subyektin rəhbəri tərəfindən təmin edilir.

    7.3. Müraciətə baxan subyektlərin müraciətlərin qəbul edilməsi və cavablandırılması işini habelə elektron formada həyata keçirmək hüququ vardır.

    7.4. Vətəndaşın müraciətinə onun daxilolma tarixi və qeydiyyat nömrəsi qoyulur. Müraciət edən şəxsin tələbi ilə ona müraciətin qeydiyyat nömrəsi, tarixi və onun icraçısına dair məlumat bildirilir.

    7.5. Müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir.

    7.6. Elektron müraciətlərə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri tərəfindən müraciət edənin göstərdiyi elektron ünvan vasitəsilə elektron qaydada və ya müraciət edənin xahişi ilə poçt ünvanı vasitəsilə yazılı cavab verilməklə baxılır. Elektron müraciətdə müraciət edənin elektron ünvanı göstərilmədikdə müraciətə poçt vasitəsilə yazılı cavab verilir.

    7.7. Vətəndaşın müraciətinə baxılmasına dair cavab məktubunda müraciətdə göstərilən məsələlərin araşdırılması və görülən tədbirlər və ya həmin məsələlərlə bağlı aidiyyəti üzrə müraciət edilməli subyekt göstərilməlidir.

    7.8. Müraciətin baxılmamış saxlanılması, qismən təmin edilməsi və ya rədd edilməsi barədə qərar qəbul olunduqda, müraciət edənə cavab məktubunda həmin qərardan şikayət verilməsi qaydası izah edilir.

    7.9. Müraciətə baxan subyekt və ya onun vəzifəli şəxsi müraciətdə göstərilən məsələnin həlli ilə əlaqədar əlavə məlumatların öyrənilməsi üçün aidiyyəti üzrə sorğu göndərdikdə həmin sorğuya yeddi iş günündən gec olmayaraq cavab verilməlidir.

    7.10. Müraciətə baxan subyektlər və ya onların vəzifəli şəxsləri müraciətdə irəli sürülən məsələlərin həlli onların səlahiyyətinə aid olmadıqda, müraciəti üç iş günündən gec olmayaraq aidiyyəti üzrə göndərir və müraciət edənə bu barədə məlumat verir. Müraciətdə göstərilən məsələ bir neçə müraciətə baxan subyektin səlahiyyətinə aid edildikdə müraciətin surəti üç iş günündən gec olmayaraq həmin subyektlərə göndərilir.

    7.11. Yuxarı dövlət orqanı vətəndaşların müraciətlərini baxılmaq üçün aidiyyəti dövlət və bələdiyyə orqanlarına və ya digər müraciətə baxan subyektə göndərdikdə həmin müraciətə baxılmanın nəticəsi barədə yuxarı dövlət orqanının tələbi ilə müraciətə baxan subyektin rəhbəri tərəfindən ona məlumat verilməlidir.

    7.12. Vətəndaşın müraciətində göstərilən məsələlər “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət sirri təşkil edən məlumatlara və ya qanunla qorunan digər məlumatlara aid edildikdə müraciətin bu səbəbdən mahiyyəti üzrə cavablandırılmasının mümkünsüzlüyü barədə müraciət edənə məlumat verilir.

    7.13. Vətəndaşların müraciətlərini aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır.

    7.14. Bu Qanunun 7.13-cü maddəsi ilə müəyyən edilmiş qadağaya görə vətəndaşın müraciətini aidiyyəti üzrə göndərmək mümkün olmadıqda vətəndaşa qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüququ izah olunur.

    Maddə 8. Müraciətin baxılmamış saxlanılması

    8.1. Müraciət aşağıdakı hallarda baxılmamış saxlanılır:

    8.1.1. bu Qanunun 5-ci maddəsinə uyğun olaraq müraciətin edilməsi və ona baxılması üçün başqa qayda nəzərdə tutulduqda;

    8.1.2. müraciət bu Qanunun 6.4-6.9-cu maddələrində göstərilən tələblərə cavab vermədikdə;

    8.1.3. müraciətdə göstərilən məsələ ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;

    8.1.4. vətəndaşın təkrar müraciətlərinə bir il ərzində 3 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verildikdə və təkrar müraciətdə məsələnin həlli üçün yeni məlumatlar olmadıqda;

    8.1.5. bu Qanunun 7.9-cu maddəsində göstərilən hallarda müraciətin aidiyyəti üzrə göndərilməsi mümkün olmadıqda və ya müraciətdə olan məlumatlar onun həlli və ya aidiyyəti üzrə göndərilməsi üçün kifayət etmədikdə;

    8.1.6. müraciət etmiş şəxs bu Qanunun 14.0.2-ci maddəsinə uyğun olaraq ərizə ilə müraciət etdikdə.

    8.2. Bu Qanunun 8.1-ci maddəsində göstərilən hallarda müraciətə baxan subyekt və ya onun vəzifəli şəxsi müraciət edən şəxsə səbəblər göstərilməklə müraciətin (anonim müraciət istisna olmaqla) baxılmamış saxlanılması barədə beş iş günündən gec olmayaraq, şifahi müraciətin baxılmamış saxlanılması üçün əsas olduqda isə dərhal məlumat verir.

    8.3. Müraciətin baxılmamış saxlanmasına əsas verən hallar aradan qaldırıldıqda müraciətə baxan subyekt ona baxılmanı təmin etməlidir.

    Maddə 9. Korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciətlərə baxılmasının xüsusiyyətləri

    9.1. Dövlət orqanlarında korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciətlərə, bu maddənin xüsusiyyətləri nəzərə alınmaqla, bu Qanuna müvafiq olaraq baxılır.

    9.2. Korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciət daxil olduqda dövlət orqanının rəhbəri müraciət üzrə xidməti araşdırma təyin edir. Xidməti araşdırmanı müvafiq dövlət orqanında daxili nəzarət xidməti aparır. Xidməti araşdırma 20 iş günü müddətində başa çatdırılmalı və nəticəsi barədə məlumat dövlət orqanının rəhbərinə təqdim olunmalıdır. Əlavə materialların və məlumatların əldə edilməsi tələb olunduqda dövlət orqanı rəhbərinin bu müddəti 10 iş günü uzatmaq hüququ vardır.

    9.2-1. Barəsində məlumat verilən şəxsə, həmçinin araşdırmanın nəticəsində birbaşa və ya dolayısı ilə maraqlı olan şəxslərə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatın araşdırılması həvalə edilə bilməz.

    9.3. Dövlət orqanının rəhbəri xidməti araşdırmanın nəticəsi barədə məlumatı aldıqdan sonra müraciət üzrə aşağıdakı qərarlardan birini qəbul edir:

    9.3.1. müraciətin əsaslı olduğu təsdiq edildikdə, eyni zamanda əməldə mülki-hüquqi və ya inzibati məsuliyyəti yaradacaq əlamətlər olduqda Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülməsi, cinayət əlamətləri olan hüquqpozmalar aşkar edildikdə, müvafiq sənədlərin Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi barədə;

    9.3.2. müraciətin əsaslı olması təsdiq edildikdə, lakin əməldə mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyəti yaradacaq əlamətlər olmadıqda aidiyyəti şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi barədə;

    9.3.3. müraciətin əsaslı olduğu təsdiq edilmədikdə şikayət üzrə icraata xitam verilməsi barədə.

    9.4. Müraciət etmiş şəxsə qəbul olunmuş qərar haqqında əsaslandırılmış cavab verilməklə həmin qərardan şikayət etmək hüququ izah olunur.

    9.5. Vətəndaşın dövlət orqanı rəhbərinin qərarından yuxarı dövlət orqanına şikayət vermək hüququ vardır. Bu müddəa vətəndaşın dövlət orqanı rəhbərinin qərarından məhkəməyə şikayət vermək hüququnu məhdudlaşdırmır.

    9.6. Dövlət orqanları istisna olmaqla, digər müraciətə baxan subyektlərdə korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciətlərə bu Qanunun 7-ci maddəsində müəyyən edilmiş qaydada 20 iş günü müddətində baxılır.

    Maddə 10. Müraciətə baxılması müddəti

    10.1. Bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır.

    10.2. Bu Qanunun 9.2-ci, 9.6-cı, 10.3-cü və 10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, müraciətə baxılması üçün əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğu göndərilməsi tələb edildikdə, müraciətə baxan subyektin vəzifəli şəxsinin müraciətə baxılması müddətini ən çoxu 30 iş günü uzatmaq hüququ vardır. Bu barədə müraciət edən vətəndaşa, habelə müraciəti baxılmaq üçün bu Qanunun 7.11-ci maddəsinə uyğun olaraq digər müraciətə baxan subyektə göndərmiş yuxarı dövlət orqanına onun tələbi ilə məlumat verilməlidir.

    10.3. Hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinə daxil olduğu gündən etibarən ən geci 15 iş günü ərzində baxılır.

    10.4. Əgər məlumatın verilməsi barədə müraciətə yuxarıda göstərilən müddətlərdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilərsə, həmin müraciətə dərhal, bu mümkün olmadıqda, müraciətin daxil olduğu andan 24 saat keçənədək baxılmalıdır.

    10.5. Bu Qanunun 10.1-10.3-cü maddələrində göstərilən müddətlərin axımı müraciətin müraciətə baxan subyektə daxil olduğu gündən başlanır.

    Maddə 11. Vətəndaşların qəbul edilməsi qaydası

    11.1. Müraciətə baxan subyektlər vətəndaşların qəbul edilməsini vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq ayda bir dəfədən az olmamaqla təmin etməlidirlər.

    11.2. Vətəndaşları müraciətə baxan subyektlərin rəhbərləri və ya digər vəzifəli şəxsləri qəbul edirlər.

    11.3. Vətəndaşlar əvvəlcədən məlumat verilən günlərdə və saatlarda qəbul edilməlidirlər. Vətəndaşın müraciəti ilə əlaqədar təxirəsalınmaz tədbirlərin görülməsi tələb edildikdə müraciətə baxan subyektin rəhbəri və ya digər vəzifəli şəxsləri onları dərhal qəbul etməlidirlər.

    11.4. Vətəndaş şəxsiyyətini təsdiq edən sənəd və ya şəxsiyyətini müəyyən edən rekvizitlər və ya elektron imza olduqda elektron xidmətlər vasitəsilə qəbula yazılır. Qəbula gəlmiş vətəndaş şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir.

    11.5. Qəbul zamanı təqdim edilmiş yazılı müraciət bu Qanunun 7-ci maddəsinə uyğun olaraq qəbul edilir, qeydiyyata alınır və ona baxılır.

    11.6. Vətəndaşın şifahi müraciəti ilə bağlı qəbula dair qeydiyyat-nəzarət vərəqəsində qeyd aparılır. Şifahi müraciətdəki məsələlərin həlli əlavə araşdırma aparılmasını tələb etmədikdə vətəndaşın razılığı ilə müraciət qəbul zamanı şifahi qaydada cavablandırılır. Qəbul zamanı vətəndaşın müraciətini şifahi qaydada cavablandırmaq mümkün olmadıqda müraciət yazılı şəkildə təqdim olunur. Belə müraciətin qəbul edilməsi, qeydiyyatı və ona baxılması qaydası bu Qanunun 11.5-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

    11.7. Vətəndaşın qəbulu zamanı onun müraciətində qaldırılan məsələnin digər müraciətə baxan subyektlərin və onların vəzifəli şəxslərinin səlahiyyətinə aid olduğu aşkar edilərsə, müraciət edən şəxsə aidiyyəti üzrə müraciət etmə qaydası izah olunur.

    11.8. Müraciətə baxan subyektlərin rəhbərlərinin və digər vəzifəli şəxslərinin səyyar və videoqəbullar, o cümlədən onlayn konfranslar keçirmək hüququ vardır. Bu cür qəbul zamanı təqdim edilən müraciətlərin qəbul edilməsi, qeydiyyatı və ona baxılması qaydası bu maddəyə uyğun olaraq həyata keçirilir.

    Maddə 12. Müraciətə baxan subyektlərin və onların vəzifəli şəxslərinin vəzifələri

    12.1. Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilən və təminat verilən qaydada vətəndaşların yazılı və şifahi formada təkliflər vermək, ərizə ilə müraciət etmək, vəzifəli şəxslərin qanunazidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüquqlarının sərbəst həyata keçirilməsi üçün şərait yaradılmasını təmin etməlidirlər.

    12.2. Müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri vətəndaşların təkliflərini, ərizə və şikayətlərini qəbul etməli, onlara bu Qanunla müəyyən olunmuş qaydada və müddətlərdə baxmalı və cavab verməlidirlər.

    12.3. Müraciətə baxan subyektlərin vəzifəli şəxsləri vətəndaşların müraciətlərinə baxarkən:

    12.3.1. müraciətə obyektiv, hərtərəfli və vaxtında baxılmasını təmin etməlidirlər;

    12.3.2. məsələnin mahiyyətini öyrənməli və onun həlli üçün lazımi sənədləri tələb etməlidirlər;

    12.3.3. müraciətə baxılmasının nəticəsi haqqında vətəndaşlara yazılı formada məlumat verməli, müraciət təmin edilmədikdə bunun səbəblərini göstərməli, şikayət vermək qaydasını izah etməlidirlər;

    12.3.4. müraciətlər barəsində əsaslandırılmış qərarların qəbul edilməsini və bu qərarların vaxtında və düzgün yerinə yetirilməsini təmin etməlidirlər.

    12.4. Dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətinin və ya işinin tənqid edilməsi ilə bağlı, yaxud vətəndaşın və ya digər şəxslərin hüquq və azadlıqlarının bərpası və müdafiəsi məqsədi ilə edilən müraciətə görə vətəndaşı təqib etmək qadağandır.

    12.5. Müraciətlərə baxılması zamanı müraciətə baxan subyektlərin və onların vəzifəli şəxslərinin müraciətdəki məsələlərin həlli ilə əlaqədar əldə olunmuş məlumatları, o cümlədən dövlət sirri təşkil edən və qanunla qorunan digər məlumatları yayması (yazılı müraciətin aidiyyəti üzrə baxılması üçün digər müraciətə baxan subyektlərə və onların vəzifəli şəxslərinə göndərilməsi istisna olmaqla), eləcə də müraciətin həlli ilə bağlı olmayan fərdi məlumatların, o cümlədən xüsusi kateqoriyalı fərdi məlumatların toplanılması, saxlanılması, istifadəsi və yayılması qadağandır.

    12.6. Dövlət orqanının (və ya onun vəzifəli şəxsinin) qanunazidd hərəkəti (hərəkətsizliyi) barədə prokurorluq orqanlarına daxil olmuş müraciətlərə bu Qanuna və “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. Bu cür müraciətlər prokurorluq orqanlarının səlahiyyətlərinə aid olmadıqda onlar beş iş günü müddətində müraciət edən şəxsə qaytarılır. Vətəndaşın müraciəti müraciətə baxan subyekt (və ya onun vəzifəli şəxsi) tərəfindən aidiyyəti üzrə baxılması üçün prokurorluq orqanına göndərildikdə həmin subyektə (və ya onun vəzifəli şəxsinə) onun xahişi ilə baxılmanın nəticəsi barədə məlumat verilir.

    12.7. Azərbaycan Respublikasının Baş prokuroru bu Qanunun 12.6-cı maddəsində göstərilən müraciətlərə baxılmasının nəticələri barədə altı ayda bir dəfədən az olmayaraq müvafiq icra hakimiyyəti orqanına məlumat verir.

    Maddə 13. Nəzarətin həyata keçirilməsi

    13.1. Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlıq işinin aparılmasına nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

    13.2. Bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulmuş nəzarətin həyata keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

    Maddə 14. Müraciətlərə baxılması zamanı vətəndaşların hüquqları

    14.0. Müraciətinə baxılan vətəndaşın aşağıdakı hüquqları vardır:

    14.0.1. müraciətin tam və hərtərəfli araşdırılması üçün əlavə sənəd və materiallar təqdim etmək və ya bu sənədlərin əldə edilməsini (o cümlədən elektron formada) müraciətə baxan subyektdən xahiş etmək;

    14.0.2. müraciətə baxılmasının dayandırılması barədə ərizə ilə müraciət etmək;

    14.0.3. təkrar yazılı müraciətə ilkin müraciətə baxılmasının nəticəsi barədə sənədləri əlavə etmək;

    14.0.4. ictimai informasiya və fərdi məlumatların əldə edilməsi məqsədi ilə sorğu vermək;

    14.0.5. müraciətin baxılmasına dair sənədlərin və materialların digər şəxslərin hüquqlarına və qanuni mənafelərinə toxunmaması və ya qanunla dövlət sirri təşkil edən məlumatlara və ya qanunla qorunan digər məlumatlara aid edilməməsi şərti ilə həmin sənəd və materiallarla tanış olmaq;

    14.0.6. müraciətin qeydiyyat nömrəsi və daxilolma tarixi barədə, müraciət aidiyyəti üzrə göndərildikdə həmin məktubun qeydiyyat nömrəsi və göndərilmə tarixi barədə məlumat almaq;

    14.0.7. müraciətə baxılması barədə yazılı cavab və ya müraciətin aidiyyəti üzrə göndərilməsinə dair məlumat almaq;

    14.0.8. müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək;

    14.0.9. müraciətin məzmununda vətəndaşın ailə və şəxsi həyatına aid sirr olan, habelə peşə və ya kommersiya sirri olan sənədlərin və ya məlumatların məxfiliyinin təmin olunmasını tələb etmək.

    Maddə 15. Canlı yayımlanan teleradio proqramları və ya telefon müraciət xidməti vasitəsilə edilən şifahi müraciətlərin xüsusiyyətləri

    15.1. Canlı yayımlanan teleradio proqramları vasitəsilə edilən şifahi müraciət üzrə əlavə araşdırma aparmadan izah verilməsi mümkün olduqda müraciətə baxan subyektin həmin proqramda iştirak edən nümayəndəsinin qeydiyyat aparmadan müraciəti canlı yayımda cavablandırmaq hüququ vardır.

    15.2. Vətəndaşların canlı yayımlanan teleradio proqramları zamanı edilən müraciətlərinin dərhal cavablandırılması mümkün olmadıqda müraciətin qəbul edilməsi, qeydiyyatı və ona baxılması qaydası bu Qanunun 7-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

    15.3. Telefon müraciət xidməti vasitəsilə şifahi müraciətlərin edilməsi, qəbulu, qeydiyyatı və cavablandırılması bu Qanunun tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

    Maddə 16. Bu Qanunun pozulmasına görə məsuliyyət

    Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar.

    Maddə 17. Yekun müddəa

    “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 417; 1998, № 7, maddə 444; 1999, № 10, maddə 570; 2001, № 3, maddə 151, № 11, maddə 697, № 12, maddə 736; 2002, № 8, maddə 463; 2004, № 1, maddə 10; 2006, № 5, maddə 390, № 12, maddə 1005; 2007, № 11, maddə 1053; 2010, № 3, maddə 173; 2011, № 7, maddə 615) ləğv edilsin.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 30 sentyabr 2015-ci il.  

     

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

    1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

    1.1. üç ay müddətində:

    1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    1.1.2. həmin Qanunun pozulmasına görə məsuliyyət müəyyən edən qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    1.1.3. həmin Qanunun 7.2-ci maddəsinə uyğun olaraq, dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    1.1.4. həmin Qanunun 13.2-ci maddəsinə uyğun olaraq, dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına nəzarətin həyata keçirilməsi qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    1.1.5. həmin Qanunun 5.8-ci maddəsinə uyğun olaraq, ictimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslərin siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

    1.1.6. həmin Qanunun 15.3-cü maddəsinə uyğun olaraq telefon müraciət xidməti vasitəsilə şifahi müraciətlərin edilməsi, qəbulu, qeydiyyatı və cavablandırılması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

    1.1.7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:

    1.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    1.3. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

    2. Müəyyən edilsin ki:

    2.1. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci, 12.7-ci və 13.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

    2.2. həmin Qanunun 5.8-ci və 15.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

    2.3. həmin Qanunun 13.1-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyası həyata keçirir.

    3. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 12.7-ci maddəsində nəzərdə tutulmuş məlumata dövlət orqanının qanunazidd qərarları və onun vəzifəli şəxsinin qanunazidd hərəkətləri (hərəkətsizliyi) barədə məlumatlar da daxil edilir.

    4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 12 noyabr 2015-ci il.  

     

    4. Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında

    AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

    Bu Qanun Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə təsbit edilmiş Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi qaydalarını müəyyənləşdirir, habelə vətəndaşların hüquq və azadlıqlarının məhkəmə təminatı ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.

    Maddə 1. Məhkəməyə müraciət etmək hüququ

    Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının, müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətləri (hərəkətsizliyi) nəticəsində öz hüquq və azadlıqlarını pozulmuş hesab edən Azərbaycan Respublikasının hər bir vətəndaşının məhkəməyə müraciət etmək hüququ vardır.
    Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə başqa qayda nəzərdə tutulmamışdırsa, bu Qanunla müəyyənləşdirilmiş qaydada müvafiq məhkəməyə müraciət edə bilərlər.

    Maddə 2. Şikayətin verilməsi qaydası

    Vətəndaş onun hüquq və azadlıqlarını pozan qərarlar və hərəkətlər (hərəkətsizlik) barəsində birbaşa məhkəməyə və ya tabelik qaydasında yuxarı dövlət orqanlarına və yerli özünüidarə orqanlarına, müəssisələrə, idarələrə və təşkilatlara, ictimai birliklərə, vəzifəli şəxslərə şikayətlə müraciət edə bilər.
    Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının, müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) vətəndaşların şikayətlərinə məhkəmə tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq baxılır. Qanunvericilikdə başqa müddət nəzərdə tutulmayıbsa, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, tabelik qaydasında yuxarı orqan şikayətə 1 aydan gec olmayan müddətdə baxmalı, şikayətə baxılmasının nəticəsi barədə həmin orqanın rəhbərliyi vətəndaşa cavab verməlidir.
    Məhkəməyə şikayət hüquq və azadlıqları pozulmuş vətəndaş və ya onun

    qanuni nümayəndəsi tərəfindən, habelə vətəndaşın xahişi ilə ictimai birliyin və ya əmək kollektivinin nümayəndəsi tərəfindən verilə bilər.
    Şikayət vətəndaşın yaşadığı yer üzrə və ya qərarlarından və ya hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilən orqanın və ya vəzifəli şəxsin olduğu yerin məhkəməsinə verilir.
    Hərbi qulluqçular hərbi vəzifəli şəxslərin və hərbi idarəetmə orqanlarının
    hüquq və azadlıqlarını pozan qərar və hərəkətləri (hərəkətsizliyi) barəsində bu maddədə nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət edə bilərlər.

    Maddə 3. Qanunun tətbiq dairəsi

    Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid olan, yaxud Azərbaycan Respublikasının qanunvericiliyində qərar və hərəkətlərdən (hərəkəsizlikdən) şikayət verilməsinin digər qaydalarının nəzərdə tutulduğu hallar istisna olmaqla, vətəndaşın hüquq və azadlıqlarının pozulmasına səbəb olan bütün qərar və hərəkətlərlə (hərəkətsizliklə) bağlı şikayətlərə bu Qanunla müəyyən edilmiş qaydada baxılır.

    Maddə 4. Məhkəmə qaydasında şikayət verilə bilən qərarlar və hərəkətlər (hərəkətsizlik)

    Vətəndaş dövlət orqanlarının və yerli özünüidarə orqanlarının, müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin onun hüquq və azadlıqlarını pozan, hüquq və azadlıqlarının həyata keçirilməsinə mane olan qərar və hərəkətlərindən (hərəkətsizliyindən), habelə belə qərarların və hərəkətləri qəbul edilməsi üçün əsas olmuş rəsmi informasiyadan məhkəməyə şikayət etmək hüququna malikdir.
    Vətəndaşın hüquq və azadlıqlarına bilavasitə təsir edən sənəd və materiallarda olan informasiya üçün qanunvericilikdə məhdudiyyətlər nəzərdə tutulmamışdırsa, onun belə sənəd və materiallarla tanış olmaq hüququnu təmin etmək üçün vəzifəli şəxslər həmin sənəd və materialları vətəndaşa təqdim etməyə borcludurlar.
    Rəsmi informasiya yazılı və ya şifahi formada olan, vətəndaşların hüquq və azadlıqlarının həyata keçirilməsinə təsir edən və həmin informasiyanın müəyyənləşdirilmiş müəllifi kimi hərəkətlər edən (qərarlar qəbul edən) dövlət orqanlarının, yerli özünüidarə orqanlarının, müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin ünvanına təqdim olunan elə məlumatlardır ki, onlar məhkəmə tərəfindən hərəkətlərin edilməsi (qərarların qəbul olunması) üçün əsas sayılır.

    Maddə 5. Məhkəməyə şikayətlə müraciət edilməsi müddətləri

    Qanunvericilikdə başqa müddət nəzərdə tutulmayıbsa, məhkəməyə şikayətlə müraciət edilməsinin aşağıdakı müddətləri vardır:
    hüquq və azadlıqlarının pozulmasının vətəndaşa məlum olduğu gündən bir ay keçənədək;
    şikayətin təmin edilməməsi barədə yuxarı orqan və ya vəzifəli şəxs tərəfindən yazılı cavabın verildiyi gündən bir ay keçənədək;
    Azərbaycan Respublikasının qanunvericiliyində başqa müddət nəzərdə tutulmamışdırsa, vətəndaş şikayətin verildiyi gündən bir ay müddətində ona cavab almadıqda bu müddətin tamam olduğu gündən bir ay keçənədək; İnzibati tənbehin verilməsi barədə qərardan həmin qərarın surətinin təqdim edildiyi və ya şəxsə elan edildiyi gündən 10 gün keçənədək.
    Şikayətin verilməsi müddəti üzürlü səbəbdən ötürülübsə, həmin müddət məhkəmə tərəfindən bərpa oluna bilər.
    Bu Qanun 4-cü maddəsində nəzərdə tutulmuş şikayət edilən qərarlar, hərəkətlər (hərəkətsizlik) və onların nəticələri haqqında məlumatların əldə edilməsinə çətinlik törədən bütün hallar üzürlü səbəb sayılır.

    Maddə 6. Şikayətə dair məhkəmə qətnaməsi

    Məhkəmə şikayətə baxılmasının nəticələri barədə qətnamə çıxarır. Məhkəmə şikayətin əsaslı olduğunu müəyyənləşdirdikdə şikayət edilən qərarları və hərəkətləri qanunsuz hesab edir, vətəndaşlar barəsində tətbiq edilən məsuliyyət tədbirlərini ləğv edir, onların pozulmuş hüquq və azadlıqlarını bərpa edir, habelə dövlət orqanlarının və yerli özünüidarə
    orqanlarının müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin vətəndaşların hüquq və azadlıqlarını pozan qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə bağlı onların məsuliyyətini müəyyənləşdirir.

    Əgər məhkəmə şikayət edilən qərarları və hərəkətləri (hərəkətsizliyi) qanuni hesab edərsə, yəni vətəndaşın hüquq və azadlıqlarının pozulması kimi qiymətləndirməzsə, şikayətin təmin edilməməsi barədə qətnamə çıxarır.

    Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada məhkəmənin qərarından yuxarı məhkəməyə şikayət verilə bilər.

    Maddə 7. Məhkəmə qərarının icrası

    Dövlət orqanları və yerli özünüidarə orqanları, müəssisələr, idarələr və təşkilatlar, ictimai birliklər, vəzifəli şəxslər üçün qüvvəyə minmiş məhkəmə qərarının icrası məcburidir.
    Məhkəmənin qərarı qüvvəyə mindiyi gündən ən geci uç gün keçənədək qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilən orqanlara və ya vəzifəli şəxslərə, habelə vətəndaşlara göndərilir.

    Məhkəmə qərarının alındığı gündən ən geci bir ay keçənədək qərarlarından və hərəkətlərindən şikayət edilən orqanlar və ya vəzifəli şəxslər həmin qərarın icrası barədə məhkəməyə və vətəndaşa məlumat verməlidirlər.

    Məhkəmənin qərarı icra edilmədiyi halda məhkəmə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlər görür.

    Maddə 8. Şikayətə baxılması ilə əlaqədar məhkəmə xərcləri

    Şikayətin təmin edilməsindən imtina olunması barədə qərar qəbul edildikdə, şikayətə baxılması ilə əlaqədar məhkəmə xərclərini vətəndaş ödəyir.

    Məhkəmə, şikayət olunan qərarları və hərəkətləri (hərəkətsizliyi) qanunsuz hesab etdikdə isə, bu xərclər müvafiq olaraq dövlət orqanlarının və ya yerli özünüidarə orqanlarının, müəssisələrin, idarə və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin vəsaiti hesabına ödənilir.

    Qərarların və hərəkətlərin qanuni olduğuna baxmayaraq, əgər vətəndaşın tabelik qaydasında yuxarı orqana verdiyi şikayətə cavab verilməmişdirsə, yaxud bu Qanunun 5-ci maddəsində nəzərdə tutulan müddət pozulmaqla cavab verilmişdirsə, məhkəmə xərclərinin ödənilməsi məhkəmə tərəfindən dövlət orqanlarının və ya yerli özünüidarə orqanlarının, müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin öhdəsinə qoyulur. Məhkəmə vətəndaşın məhkəmə xərclərinin ödənilməsindən qismən və ya tam azad edilməsi barədə qərar qəbul edə bilər.
    Maddə 9. Bu Qanunun tələblərini pozmağa görə məsuliyyət

    Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

    Maddə 10. Qanunun qüvvəyə minməsi

    Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

    Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

    Bakı şəhəri, 11 iyun 1999-cu il
    № 682-IQ  

     

    5. "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının 2007-ci il 31 may tarixli 352-IIIQ nömrəli Qanundan cıxarış

    Fəsil 2.

    ETİK DAVRANIŞ QAYDALARI

    Maddə 8. İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət. Hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət

    8.1. Dövlət qulluqçularının fəaliyyəti insanların hüquq, azadlıq və qanuni maraqlarının təmin olunmasına (qorunmasına və müdafiəsinə) xidmət etməlidir.
    8.2. Dövlət qulluqçusu insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.
    8.3. Qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət qulluqçusu xidməti vəzifələrinin icrası ilə bağlı fiziki şəxslərin, habelə digər dövlət qulluqçularının şəxsi həyatı, şərəf və ləyaqəti barədə ona məlum olmuş məlumatların konfidensiallığını təmin etməlidir.
    8.4. Dövlət qulluqçusu hüquqi şəxslərin işgüzar nüfuzuna hörmətlə yanaşmalı və onların işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.

    Maddə 11. Qərəzsizlik

    11.1. Dövlət qulluqçusu xidməti vəzifəsini yerinə yetirərkən və ya qərar qəbul edərkən qərəzsiz olmalı və bu zaman irqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak və qulluq vəziyyətinə, əqidəsinə, ictimai və ya hər hansı digər birliyə mənsubiyyətinə görə hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verməməlidir.
    11.2. Dövlət qulluqçusu xidməti vəzifələrinin yerinə yeritirilməsi zamanı siyasi bitərəfliyə əməl etməyə borcludur.
    11.3. Dövlət qulluqçusu özünün və ya maraqlı şəxslərin mənafelərinin onun xidməti vəzifələrinin yerinə yetirilməsinə təsirinə yol verməməli və bu cür təsir üçün şərait yaratmamalıdır.  

     

    6. "Telefon müraciət xidməti vasitəsilə şifahi müraciətlərin edilməsi, qəbulu, qeydiyyatı və cavablandırılması Qaydası"nın təsdiq edilməsi haqqında

    AZƏRBAYCAN RESPUBLİKASININ

    NAZİRLƏR KABİNETİ

    QƏRAR

    № 339

    Bakı şəhəri, 1 sentyabr 2016-cı il

    "Telefon müraciət xidməti vasitəsilə şifahi müraciətlərin edilməsi, qəbulu, qeydiyyatı və cavablandırılması Qaydası"nın təsdiq edilməsi haqqında

    "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 12 noyabr tarixli 672 nömrəli Fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

    "Telefon müraciət xidməti vasitəsilə şifahi müraciətlərin edilməsi, qəbulu, qeydiyyatı və cavablandırılması Qaydası" təsdiq edilsin (əlavə olunur).

    Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə 

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 1 sentyabr tarixli 339 nömrəli qərarı ilə

    təsdiq edilmişdir.

    Telefon müraciət xidməti vasitəsilə şifahi müraciətlərin edilməsi, qəbulu, qeydiyyatı və cavablandırılması

    QAYDASI

    1.  Ümumi müddəalar

    1.1.   Bu Qayda "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununun (bundan sonra - Qanun) 15.3-cü maddəsinə əsasən hazırlanmışdır və telefon müraciət xidməti vasitəsilə edilən şifahi müraciətlərin qəbulu, qeydiyyatı və cavablandırılması ilə bağlı məsələləri tənzimləyir.

    1.2.  Bu Qaydanın müddəaları dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına, həmçinin Qanunun 5.8-ci maddəsinə əsasən siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş ictimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslərə, habelə normativ hüquqi aktlar və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi şəxslərə və fərdi sahibkarlara (bundan sonra - subyektlər) şamil edilir.

    1.3. Bu Qaydanın müddəaları vətəndaşların Qanunun 5.2 - 5.7-ci maddələrində göstərilən müraciətlərinə şamil edilmir. Bu cür müraciətlər telefon müraciət xidməti vasitəsilə subyektlərə edildikdə, müraciət edən şəxs Qanunun 8.1.1-ci maddəsinə əsasən onlara baxılmaması barədə dərhal məlumatlandırılır.

    1.4. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına çağrı mərkəzləri, qaynar xətlər və etimad xətləri vasitəsilə edilən şifahi müraciətlərin qəbulu, qeydiyyata alınması və cavablandırılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 25 fevral tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları"na uyğun olaraq həyata keçirilir.

    1.5. Bu Qaydanın müddəaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 25 fevral tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları" ilə əhatə olunmayan dövlət orqanlarına şamil edilir.

    1.6. Bu Qaydada istifadə olunan anlayışlar Qanunun 3-cü maddəsi ilə müəyyən edilmiş mənalarda işlədilir.

     2. Telefon müraciət xidməti vasitəsilə şifahi müraciətlərin edilməsi, qəbulu, qeydiyyatı və cavablandırılması

     2.1.  Bu Qaydanın 1.2-ci və 1.5-ci bəndlərində göstərilən subyektlərdə şifahi müraciətlərin qəbulunu təmin etmək üçün xüsusi şəhər telefon nömrəsi ayrılır və bu nömrəyə edilən bütün zəngləri kargüzarlıq xidmətinin bu məqsəd üçün ayrılan əməkdaşı (bundan sonra - kargüzarlıq xidmətinin əməkdaşı) qəbul edir. Bu zaman kargüzarlıq xidmətinin əməkdaşı soyadını və adını deyərək özünü təqdim edir.

    2.2.  Kargüzarlıq xidmətinin əməkdaşı aşağıdakı tələblərə cavab verməlidir:

    2.2.1. Azərbaycan dilində səlis danışmaq, yazmaq və oxumaq;

    2.2.2. kompüterdə işləmək;

    2.2.3. subyektin fəaliyyət istiqamətlərinə dair normativ hüquqi aktlarla bağlı biliklərə malik olmaq;

    2.2.4. stressədavamlı və operativ olmaq;

    2.2.5. etik davranış qaydalarına əməl etmək.

    2.3. Vətəndaşlar yalnız iş günlərində və iş vaxtında telefon müraciət xidməti vasitəsilə müraciət etmək hüququna malikdirlər. İstirahət, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü, həmçinin iş vaxtından sonra edilən zənglər qəbul olunmur. Bu zaman iş vaxtından sonra telefon müraciət xidməti vasitəsilə müraciət edən şəxslərə səsli menyu vasitəsilə bu Qaydanın 2.4-cü bəndində göstərilən məlumatları təqdim etdikdən sonra ismarıc saxlamaq və ya növbəti iş günündə əlaqə yaratmaq təklif olunur.

    2.4. Kargüzarlıq xidmətinin əməkdaşı telefon müraciət xidməti vasitəsilə edilən bütün müraciətləri, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası"nın (bundan sonra - vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası) 2.8-ci bəndinə uyğun olaraq, elektron formada həmin gün qeydiyyata alır. Bu cür müraciətin qeydiyyatı zamanı müraciət edən şəxsin soyadı, adı, atasının adı, ünvanı, əlaqə nömrəsi, müraciətin qısa məzmunu, müraciətin edildiyi vaxt (saat və dəqiqə) qeyd olunur. Müraciət edən şəxs bu məlumatları verməkdən imtina etdikdə və ya yalan məlumat verdikdə, onun müraciəti qeydiyyata alınmır, cavablandırılmır və müraciət edən şəxsə bu barədə dərhal məlumat verilir.

    2.5. Subyektlərin telefon müraciət xidməti vasitəsilə edilən şifahi müraciətlərlə bağlı danışıqların, müraciət edən şəxsi məlumatlandırmaqla, audioyazısını aparmaq hüququ vardır.

    2.6. Telefon müraciət xidməti vasitəsilə edilən müraciət aydın ifadə edilməlidir. Müraciət edən şəxs təhqir və böhtana yol verməməlidir.

    2.7. Müraciət edən şəxs bu Qaydanın 2.4-cü bəndində göstərilən məlumatları təqdim etdikdən sonra kargüzarlıq xidmətinin əməkdaşı telefon müraciət xidməti vasitəsilə daxil olan müraciəti birbaşa və ya müraciət vərəqəsi tərtib edərək araşdırdıqdan sonra cavablandırır.

    2.8. Şifahi müraciətin birbaşa cavablandırılması vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydasının 4.5-ci bəndinə uyğun olaraq təmin edilir. Müraciət edən şəxsə verilən cavab konkret, aydın və ədəbi dilin rəsmi-işgüzar üslubuna uyğun olmalıdır.

    2.9. Şifahi müraciətin birbaşa cavablandırılması mümkün olmadıqda, kargüzarlıq xidmətinin əməkdaşı onun araşdırmaya qəbul edilərək sonradan cavablandırılması məqsədi ilə müraciət vərəqəsi tərtib edir və kargüzarlıq xidmətinin rəhbərinə təqdim edir. Müraciət vərəqəsi bu Qaydanın 2.4-cü bəndində göstərilən məlumatları, eləcə də müraciətin qəbulu və cavablandırılmasınadək olan prosesləri özündə əks etdirir.

    2.10. Şifahi müraciətin operativ cavablandırılmasını təmin etmək məqsədi ilə müraciət vərəqəsi kargüzarlıq xidmətinin rəhbəri tərəfindən imzalanmış məktubla, subyektin rəhbəri ilə razılaşdırmaqla, aidiyyəti struktur bölməyə təqdim edilir.

    2.11. Kargüzarlıq xidmətinin əməkdaşı müraciət vərəqəsi tərtib edildikdən sonra 1 (bir) iş günündən gec olmayaraq, müraciət vərəqəsindəki əlaqə nömrəsinə zəng edərək müraciət edənlə əlaqə yaratmalı və onun müraciətinə baxan struktur bölmə barədə məlumat verməlidir. Bu mümkün olmadıqda, 3 (üç) iş günü ərzində hər gün ən azı 2 dəfə müxtəlif saatlarda müraciət edənlə əlaqə yaratmağa çalışmalı və bu barədə müraciət vərəqəsində qeydlər aparmalıdır.

    2.12. Müraciət vərəqəsi tərtib olunan şifahi müraciətin daxil olduğu struktur bölmənin əməkdaşı Qanunun 10-cu maddəsi ilə müəyyən edilmiş müddətlərə riayət etməklə, müraciətə dair cavab hazırlamalıdır.

    2.13. Müraciət vərəqəsi tərtib olunan şifahi müraciətin cavablandırılması zamanı müraciətə baxan struktur bölmənin əməkdaşı əlaqə telefonu ilə əlaqə yaradarkən özünü təqdim etdikdən sonra, danışılan şəxsin şəxsiyyətini müəyyən etməli və danışılan şəxs müraciət edən şəxsin özü olduqda, hazırlanmış cavabı ona təqdim etməli, əks halda, müraciət edən şəxslə nə zaman əlaqə saxlaya biləcəyini dəqiqləşdirməli və bu barədə müraciət vərəqəsində qeydlər aparmalıdır.

    2.14. Müraciət edən şəxsin şifahi müraciətində qaldırılan məsələ "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət sirri təşkil edən məlumatlara və ya qanunla qorunan digər məlumatlara aid edildikdə, müraciətin bu səbəbdən mahiyyəti üzrə cavablandırılmasının mümkünsüzlüyü barədə müraciət edənə məlumat verilir.

    2.15. Müraciətin bu Qaydanın 2.7-ci bəndinə uyğun olaraq cavablandırılması mümkün olmadıqda, müraciətin yazılı şəkildə təqdim edilməsi təklif olunur.

    2.16. Telefon müraciət xidməti vasitəsilə edilən müraciətdə qaldırılan məsələnin subyektlərin səlahiyyətinə aid olmadığı aşkar edilərsə, müraciət edən şəxsə aidiyyəti üzrə müraciətetmə qaydası izah olunur.

     3. Yekun müddəalar

     3.1.  Hər iş gününün sonunda kargüzarlıq xidmətinin əməkdaşı gün ərzində telefon müraciət xidməti vasitəsilə daxil olan müraciətlərə dair məlumat hazırlayır və kargüzarlıq xidmətinin rəhbərinə təqdim edir. Həmin məlumatda aşağıdakılar əks olunur:

    3.1.1. qəbul edilmiş müraciətlərin ümumi sayı;

    3.1.2. qeydiyyata alınmış və cavablandırılmış müraciətlərin, o cümlədən təkrar müraciətlərin sayı;

    3.1.3. qeydiyyata alınmasından və cavablandırılmasından bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq imtina edilmiş müraciətlərin sayı;

    3.1.4. tərtib edilmiş müraciət vərəqələrinin sayı;

    3.1.5. müraciət edən vətəndaşın soyadı, adı, atasının adı, ünvanı və telefon nömrəsi;

    3.1.6. müraciətin mövzusu, qeydiyyat nömrəsi və qəbul edilmə vaxtı (saatı və dəqiqəsi);

    3.1.7. müraciətin cavablandırılması və ya onunla bağlı görülən tədbirlər barədə qeyd.

    3.2. Subyektin kargüzarlıq xidməti telefon müraciət xidməti vasitəsilə daxil olan şifahi müraciətlər barədə, 6 (altı) ayın və ilin yekunları üzrə arayış hazırlayır və subyektin rəhbərinə təqdim edir.

    3.3. Telefon müraciət xidməti vasitəsilə müraciət edən şəxs barədə əldə edilmiş fərdi, ailə və şəxsi həyatına aid sirr olan, habelə peşə və ya kommersiya sirri ilə bağlı məlumatların istifadəsinə və yayılmasına yol verilmir.

    3.4. Telefon müraciət xidməti vasitəsilə edilən müraciətlərin qeydiyyatına dair elektron daşıyıcılar subyektlərin kargüzarlıq xidmətində 2 (iki) il saxlanıldıqdan sonra "Milli arxiv fondu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada məhv edilir. Fəaliyyətlərinin xüsusiyyətlərinə uyğun olaraq, subyektlərin həmin materialları daha uzun müddət saxlamaq hüququ vardır.

      Qeyd. Bu Qaydada dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə"nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

     


     

     



    © Nazirlər Kabineti 2008 - 2018