Tarix


AZƏRBAYCAN TARİXİ

Azərbaycan dünyanın ən qədim sivilizasiya mərkəzlərindən biridir. Ölkəmizin ərazisində Azıx, Tağlar, Damcılı, Daşsalahlı, Qazma mağaralarında, habelə başqa yaşayış məskənlərində aşkar olunan arxeoloji tapıntılar, o cümlədən 300-400 min il bundan əvvəl yaşamış   qədim insanın - Azıx adamının (Azıxantrop) çənə sümüyü Azərbaycanın ibtidai insanların formalaşdıqları əraziyə daxil olduğunu sübut edir. Bu nadir tapıntıya görə Azərbaycan ərazisi "Avropanın ən qədim sakinləri" xəritəsinə daxil edilmişdir.

Təqribən 5 min illik dövlətçilik tarixinə malik Azərbaycan xalqı dünyanın ən qədim dövlətçilik ənənələrinə sahib olan xalqlarındandır. Azərbaycan ərazisində ilk dövlət qurumları və ya etnik-siyasi birliklər hələ eramızdan əvvəl yaranmağa başlamışdır.

Eramızdan əvvəl I minillikdə - eramızın I minilliyinin əvvəllərində Azərbaycan torpaqlarında Manna, Atropatena və Albaniya kimi güclü dövlətlər mövcud olmuşdur. Bu dövlətlər Azərbaycanda dövlət idarəçiliyi mədəniyyətinin daha da yüksəldilməsində, ölkənin iqtisadi-mədəni tarixində, eləcə də vahid xalqın təşəkkülü prosesində mühüm rol oynamışlar.

Həmin dövrdə bütün Azərbaycan ərazisini əhatə edən vahid dini görüş yox idi. Qədim türklərin baş Allahı olan Tanrıya sitayiş - Tanrıçılıqla yanaşı  zərdüştlük, atəşpərəstlik, günəşə, aya, ulduzlara, torpağa, suya sitayiş olunurdu. Ölkənin şimalında - Albaniya ərazisinin bəzi yerlərində, əsasən dağlıq qərb bölgələrində xristianlıq yayılmışdır.

Orta əsrlər

Eramızın əvvəllərində - III əsrdə Azərbaycan Sasani imperiyasının, VII əsrdə isə Ərəb xilafətinin tərkibinə daxil edilmişdir.

VII əsrdə islam dininin qəbul olunması  Azərbaycanın tarixi müqəddəratında və xalqımızın taleyində əsaslı hadisə oldu. İslam dini vahid xalqın və dilin təşəkkülünə güclü təkan verdi, bu prosesin sürətlənməsinə həlledici təsir göstərdi. Türk və digər etnoslar arasında dini birliyin yaranması onların yayıldığı bütün Azərbaycan ərazisində vahid adət-ənənələrin təşəkkülünə, qaynayıb-qarışma prosesinin daha da dərinləşməsinə səbəb oldu.

IX əsrin ortalarından Azərbaycanda yeni siyasi dirçəliş başlandı: Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər, Eldənizlər dövlətləri yarandı. Müstəqil dövlətlərin yaranması nəticəsində siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində oyanış baş verməkdə idi. Azərbaycan tarixinin İntibah dövrü başlanırdı. 600 ilə qədər davam edən Sasani və ərəb əsarətindən sonra yerli dövlətlərin yaranması, islam dininin bütün ölkə ərazisində əsas təkallahlı dinə çevrilməsi Azərbaycan xalqının etnik təkamülündə, vahid dilin və mədəniyyətin təşəkkülündə mühüm rol oynadı.

XV-XVIII əsrlərdə Azərbaycanın dövlətçilik mədəniyyəti daha da zənginləşdi. Bu dövrdə Şərqin geniş ərazili Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Əfşar və Qacar dövlətləri bilavasitə Azərbaycan sülalələri tərəfindən idarə olunurdu.

Uzun Həsənin (1468-1478) hakimiyyəti illərində Ağqoyunlu dövləti bütün Yaxın və Orta Şərqdə qüdrətli hərbi-siyasi amilə çevrildi. Uzun Həsən bütün Azərbaycan torpaqlarını əhatə edən güclü mərkəzləşdirilmiş dövlət yaratmaq siyasəti yeridirdi. XV əsrin sonu - XVI əsrin əvvəllərində Azərbaycan dövlətçiliyi özünün tarixi təkamülündə yeni mərhələyə qədəm qoydu. Uzun Həsənin nəvəsi görkəmli dövlət xadimi Şah İsmayıl Xətai (1501-1524) bütün Azərbaycan torpaqlarını öz hakimiyyəti altında birləşdirə bildi. Paytaxtı Təbriz şəhəri olan vahid, mərkəzləşdirilmiş Azərbaycan dövləti - Səfəvi dövləti meydana gəldi. Səfəvilərin hakimiyyəti dövründə Azərbaycan dili dövlət dili elan olundu. Səfəvi dövləti Yaxın və Orta Şərqin ən qüdrətli dövlətlərindən birinə çevrildi.

Səfəvi dövlətinin süqutundan sonra hakimiyyətə gələn görkəmli Azərbaycan sərkərdəsi Nadir şah Əfşar (1736-1747) keçmiş Səfəvi dövlətinin sərhədlərini daha da genişləndirdi. Nadir şah 1739-cu ildə Dehli də daxil olmaqla Şimali Hindistanı ələ keçirdi. Lakin Azərbaycan hökmdarının bu geniş ərazidə qüdrətli mərkəzləşdirilmiş dövlət yaratmaq planları baş tutmadı.

Nadir şahın ölümündən sonra onun idarə etdiyi geniş ərazili dövlət süquta uğradı. XVIII əsrin II yarısında Azərbaycan xırda dövlətlərə - xanlıqlara parçalandı. Həmin dövrü dövlətçilik tariximizdə tənəzzül dövrü kimi qiymətləndirirlər.

XVIII əsrin sonunda türk sülaləsi olan Qacarlar İranda hakimiyyətə gəldilər. Qacarlar Azərbaycan xanlıqlarını yenidən mərkəzi hakimiyyətə tabe etmək siyasəti yeritməyə başladılar. Beləliklə, Qacarlarla Cənubi Qafqazı işğal etməyə çalışan Çar Rusiyası arasında uzun sürən müharibələr dövrü başlandı. Azərbaycan iki böyük dövlət arasında qanlı müharibələr meydanına çevrildi.

Gülüstan  və Türkmənçay müqavilələrindən sonrakı dövr

Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən Azərbaycan iki imperiya arasında bölüşdürüldü: Şimali Azərbaycan Çar Rusiyasına, Cənubi Azərbaycan isə Qacarların idarə etdiyi İrana daxil edildi.

Həmin dövrdən etibarən Azərbaycan torpaqlarına, xüsusən Qarabağ,  İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə qonşu ölkələrdən kütləvi surətdə erməni əhalisi köçürülməyə başlandı. Təkcə 1828-1829-cu illərdə İrandan 40-50 min, Türkiyədən isə 90 min erməni Azərbaycana köçürüldü. Təsadüfi deyil ki, 1978-ci ildə indiki Tərtər rayonunun Şıxarx qəsəbəsində ermənilərin özləri tərəfindən İranın Marağa bölgəsindən Qarabağa köçürülməsinin 150 illiyi ilə əlaqədar “Marağa-150” abidəsi inşa edilib.

1988-ci ildə bu abidə ermənilər tərəfindən qəsdən dağıdılıb. Çünki bu abidə ermənilərin tarixi Azərbaycan torpağı olan Qarabağa köçürülməsinin sübutu idi.

Çar  Rusiyası 1836-cı ildə müstəqil Alban xristian kilsəsini ləğv etdi və onu erməni Qriqorian kilsəsinin tabeçiliyinə verdi. Bununla da Azərbaycanın qədim əhalisi olan xristian albanların qriqorianlaşdırılmasına və erməniləşdirilməsinə daha əlverişli şərait yaradıldı.

 Azərbaycan Xalq Cümhuriyyəti

1918-1920-ci illərdə 23 ay ərzində mövcud olan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət kimi tarixə düşmüşdür. Gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə həyata keçirdiyi işlər Azərbaycan tarixinin parlaq səhifəsidir.

Azərbaycan Milli Şurası tərəfindən qəbul edilən İstiqlaliyyət Bəyannaməsində deyilirdi: Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan tam hüquqlu müstəqil bir dövlətdir. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq, öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir.  Qısa bir vaxt ərzində Azərbaycanın dövlət bayrağı, himni və gerbi qəbul olundu, Azərbaycan dili dövlət dili elan edildi. Dövlət və ordu quruculuğu, iqtisadiyyat və mədəniyyət, təhsil və səhiyyə sahələrində bir çox önəmli, taleyüklü addımlar atıldı. Şərqdə ilk dəfə və əksər Avropa ölkələrindən əvvəl Azərbaycanda qadınlara seçki hüququ verilmişdir.

1920-ci il yanvarın 11-də Paris sülh konfransında Azərbaycan  müstəqil dövlət kimi tanındı. Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi 114 min km2 (mübahisəli  ərazilər nəzərə alınmadan), əhalisi 2,8 milyon nəfərdən çox idi.

Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti 1918-ci il mayın 28-dən iyunun 16-dək Tiflisdə, iyunun 16-dan sentyabrın 17-dən Gəncədə, sentyabrın 17-dən 1920-ci il aprelin 28-dək Bakıda fəaliyyət göstərmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğu zamanı 5 Hökumət fəaliyyət göstərmişdir. Bunlardan ilk ikisində  Fətəli Xan Xoyski (1975-1920), sonrakı üçündə isə Nəsib bəy Yusifbəyli (1881-1920) Nazirlər Şurasının sədri (Baş nazir) olmuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti 1918-ci il 7 dekabr  1920-ci il 27 aprel tarixlərində fəaliyyət göstərmiş və bu müddətdə 145 iclas keçirilmişdir. Əlimərdan bəy Topçubaşov (1863-1934) Parlamentin Sədri olmuşdur.

Azərbaycan Sovet hakimiyyəti illərində

1920-ci ilin  aprelin 28-də bolşevik hərbi təcavüzü nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Həmin gün Azərbaycan Sovet Sosialist Respublikasının (Azərbaycan SSR) yaradıldığı elan olundu. Sovet İttifaqı dövründə Zəngəzurun, Göyçənin, Naxçıvanın bir hissəsinin və digər rayonların Azərbaycandan alınaraq Ermənistana birləşdirilməsi, Azərbaycan Xalq Cümhuriyyəti dövründə 114 min kv.km-ə bərabər olan ərazimizin 86,6 min kv.km-ə qədər azaldılması ilə nəticələndi. Bundan başqa, 1923-cü il iyulun 7-də bolşevik liderlərin təşəbbüsü ilə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı.

Azərbaycanda Sovet hakimiyyətinə qarşı müqavimət və etirazlar qanlı repressiyalarla cavablandırıldı.

Təkcə 1937-ci ildə 29 min adam repressiyaya məruz qaldı. Bu dövrdə Azərbaycan xalqı özünün Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad, Salman Mümtaz, Əli Nəzmi, Tağı Şahbazi və başqaları kimi onlarla mütəfəkkirlərini itirdi.

İkinci Dünya Müharibəsi illərində  (1939-1945) Bakı nefti Sovet İttifaqının faşizm üzərində qələbəsinin təmin olunmasında mühüm rol oynadı. Azərbaycanlılardan ibarət  diviziyaların Qafqazdan Berlinədək şanlı döyüş yolu keçməsi Azərbaycan xalqının igidliyini və fədakarlığını bir daha sübut etdi.

1948-1953-cü illərdə azərbaycanlıların öz ulu vətənləri olan Qərbi Azərbaycandan (Ermənistan SSR adlanan ərazidən) kütləvi surətdə sürgün olunmasının yeni mərhələsi başlandı. SSRİ Nazirlər Sovetinin 1947-ci il 23  dekabr tarixli qərarı əsasında Ermənistanın 24 rayonundan və İrəvan şəhərindən 100 min nəfərdən çox azərbaycanlı deportasya edilmişdir.

Sovet hakimiyyəti illərində Azərbaycanın sürətli inkişafının və İttifaq miqyasında qabaqcıl  respublikaya çevrilməsinin təməli 1969-cu il iyulun 14-də Ulu Öndər Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsi ilə qoyuldu.

Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə iqtisadiyyatın bütün sahələrində mühüm irəliləyişlər əldə edildi, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət ayrıldı, minlərlə azərbaycanlı təhsil müəssisələrinə ali təhsil almağa göndərildi. 1970-1985-ci illərdə ölkədə 213 iri sənaye müəssisəsi işə salındı, Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunmağa başladı. Görülən böyük işlər nəticəsində Azərbaycan SSRİ məkanında qabaqcıl sənaye, kənd təsərrüfatı və mədəniyyət respublikasına çevrildi.

1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini yenidən qazanaraq, özünü Xalq Cümhuriyyətinin siyasi və hüquqi varisi elan etdi. Azərbaycan Xalq Cümhuriyyəti dövrünün dövlət rəmzləri bərpa edildi. Azərbaycan Respublikası çox mürəkkəb şəraitdə fəaliyyət göstərməyə başladı. Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi, hakimiyyət uğrunda daxili çəkişmələr, iqtisadiyyatın çökməsi ölkəni xeyli zəiflətdi. AXC-Müsavat cütlüyünün səriştəsiz idarəetməsi hətta Azərbaycanı  parçalanmaq təhlükəsi ilə üz-üzə qoydu.   Dərin siyasi, iqtisadi, hərbi böhran keçirən Azərbaycanda xalqın təkidli tələbi əsasında 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmizin qurtuluşunda həlledici dönüş baş verdi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bu tarix o zamandan Milli Qurtuluş günü kimi qeyd olunur. 1993-cü il oktyabrın 3-də isə Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.

Məhz Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində Azərbaycan Respublikasının dövlət müstəqilliyi qorunub saxlanıldı və Ümummilli liderin hakimiyyətdə olduğu 1993-2003-cü illər Azərbaycan tarixinə dərin islahatlar dövrü kimi daxil oldu.

2003-cü ildən Ümummilli lider Heydər Əliyevin siyasi xətti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 

Dünyanı bürüyən iqtisadi böhrana baxmayaraq, respublikamızda  irimiqyaslı, transmilli layihələr, iqtisadi islahatlar ardıcıl olaraq həyata keçirilir, ölkənin dinamik inkişafı, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görülür, mürəkkəb tarixi  şəraitdə dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatları ilə qarşılıqlı hörmətə əsaslanan əlaqələr uğurla inkişaf etdirilir, dövlətimizin beynəlxalq münasibətlər sistemində  yeri və rolu güclənir. Keçirilən bütün seçkilərdə Prezident  İlham Əliyevin seçicilərinin böyük əksəriyyətinin etimadını qazanması Azərbaycanda xalq-iqtidar birliyinin bariz nümunəsidir.