AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       SƏRƏNCAMLAR | 03 Iyul 2019 - 11:19   
    “Uçuşların təhlükəsizliyinə dair Dövlət Proqramı”nın və “Uçuşların təhlükəsizliyinin təmin edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 756 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə


    “Uçuşların təhlükəsizliyinə dair Dövlət Proqramı”nın və “Uçuşların təhlükəsizliyinin təmin edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 756 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə:
    1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla:
    1.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının “Uçuşların təhlükəsizliyinə dair Dövlət Proqramı”nın və “Uçuşların təhlükəsizliyinin təmin edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 756 nömrəli Fərmanına (bundan sonra – Fərman) uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
    1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
    2. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla:
    2.1. beynəlxalq norma və prinsiplər, habelə mütərəqqi xarici təcrübə nəzərə alınmaqla “Aviasiya haqqında” Azərbaycan Respublikasının yeni qanun layihəsini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
    2.2. Fərmanın 2-ci hissəsi ilə təsdiq edilmiş “Uçuşların təhlükəsizliyinin təmin edilməsi Qaydası”nın (bundan sonra- Qayda) 2.1.6-cı yarımbəndində nəzərdə tutulmuş uçuşların təhlükəsizliyinin idarə edilməsi sisteminin təşkili qaydasının layihəsini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
    2.3. Qaydanın 5.2.2-ci yarımbəndində nəzərdə tutulmuş uçuşların təhlükəsizliyinin təmin edilməsinə nəzarətin həyata keçirilməsi qaydasının layihəsini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
    2.4. Qaydanın 9.2-ci bəndində nəzərdə tutulmuş aviasiya hadisələrinin araşdırılması qaydasının layihəsini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
    2.5. Qaydanın 10.2-ci bəndində nəzərdə tutulmuş müfəttiş heyətinin peşəkar hazırlığının təşkili və onların ixtisaslarının artırılması qaydasının layihəsini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
    2.6. Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş “Uçuşların təhlükəsizliyinə dair Dövlət Proqramı”nın (bundan sonra – Dövlət Proqramı) 10.1.1-ci yarımbəndinə uyğun olaraq, hava gəmilərinin qeydiyyatı qaydasının, habelə mülki pilotsuz uçan aparat sistemlərinin istismarına dair qaydaların layihəsini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
    2.7. Dövlət Proqramının 10.1.1-ci yarımbəndinə uyğun olaraq, aviasiya sahəsində, o cümlədən uçuşların təhlükəsizliyi sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini altı ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
    3. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Dövlət Proqramının və Qaydanın icrasını təmin etmək üçün zəruri tədbirlər görsün.
    4. Razılaşma prosesinin iştirakçıları (əsas və birgə icraçılar) bu Sərəncamın icrası ilə bağlı normayaratma vəzifələrindən irəli gələn məsələlər üzrə (layihə və təkliflərin baxılması, hazırlanması, razılaşdırılması, təqdim edilməsi və s.) müvafiq tədbirlər görüb icra vəziyyəti tələb etdikdə, məlumatları icra üçün ayrılmış müddətin birinci yarısı başa çatanadək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər. Eyni zamanda, hüquqi aktların layihələrini əsas icraçıya təqdim edən subyektlər “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun müvafiq olaraq 48.2-ci, 48.3-cü və 48.5-ci maddələrinin tələblərinə əməl edilməsini təmin etsinlər.
    5. Mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, Fərmanın 3.2-ci bəndinin və 5-ci hissəsinin icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər.
    6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Fərmana uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
    7. Bu Sərəncamın 1-ci, 4-cü, 5-ci və 6-cı hissələrinin icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının hüquq şöbəsinə, 2-ci və 3-cü hissələrinin icrasına nəzarət Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinə həvalə edilsin.
    8. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

    Azərbaycan Respublikasının Baş naziri

    Novruz Məmmədov

    Bakı şəhəri, 3 iyul 2019-cu il


     

     







    © Nazirlər Kabineti 2008 - 2018