AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       SƏRƏNCAMLAR | 26 Aprel 2019 - 15:01   
    “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 aprel tarixli 652 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə


    “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 aprel tarixli 652 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə:
    1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla:
    1.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 aprel tarixli 652 nömrəli Fərmanına (bundan sonra – Fərman) uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
    1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
    2. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (bundan sonra – Mərkəz) işçilərinin say həddi və əməkhaqqı fondu barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
    3. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məslələri Dövlət Komitəsi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla:
    3.1. dövlət qeydiyyatına alındığı gündən 15 gün müddətində Mərkəzin inzibati bina ilə təmin olunması və maddi-texniki bazasının möhkəmləndirilməsi barədə təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
    3.2. Fərmanın 3.4-cü bəndinə uyğun olaraq Mərkəzin balansına verilən dövlət əmlakının qiymətləndirilərək onun nizamnamə fondunda nəzərə alınması üçün müvafiq təkliflərini Mərkəz dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
    4. Razılaşma prosesinin iştirakçıları (əsas və birgə icraçılar) bu Sərəncamın icrası ilə bağlı normayaratma vəzifələrindən irəli gələn məsələlər üzrə (layihə və təkliflərin baxılması, hazırlanması, razılaşdırılması, təqdim edilməsi və s.) müvafiq tədbirlər görüb icra vəziyyəti tələb etdikdə, məlumatları icra üçün ayrılmış müddətin birinci yarısı başa çatanadək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər. Eyni zamanda, hüquqi aktların layihələrini əsas icraçıya təqdim edən subyektlər “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun müvafiq olaraq 48.2-ci, 48.3-cü və 48.5-ci maddələrinin tələblərinə əməl edilməsini təmin etsinlər.
    5. Mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq, Fərmanın 3.6-cı bəndinin və 6-cı hissəsinin icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər.
    6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Fərmana uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
    7. Bu Sərəncamın 1-ci, 4-6-cı hissələrinin icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hüquq şöbəsinə, 2-ci və 3-cü hissələrinin icrasına nəzarət Maliyyə və iqtisadiyyat məsələləri şöbəsinə həvalə edilsin.
    8. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

    Azərbaycan Respublikasının Baş naziri

    Novruz Məmmədov

    Bakı şəhəri, 26 aprel 2019-cu il


     

     







    © Nazirlər Kabineti 2008 - 2018