AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       SƏRƏNCAMLAR | 29 Dekabr 2018 - 12:29   
    “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kommunal xidmətlərə qoşulma proseslərinin daha da sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 dekabr tarixli 434 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə


    “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kommunal xidmətlərə qoşulma proseslərinin daha da sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 dekabr tarixli 434 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə:
    1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla:
    1.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kommunal xidmətlərə qoşulma proseslərinin daha da sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 dekabr tarixli 434 nömrəli Fərmanına (bundan sonra – Fərman) uyğunlaşdırılması ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
    1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
    2. Azərbaycan Respublikasının Energetika Nazirliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, sahibkarların tikinti obyektlərinin qaz təchizatı şəbəkələrinə qoşulması qaydasının layihəsini (layihədə Fərmanın 1-ci hissəsində qeyd olunan tələblər əsasında hər bir sahibkarlıq subyekti üçün verilən qazın buraxılış həcminin yuxarı hədləri göstərilməklə) iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
    3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, sahibkarların tikinti obyektlərinin su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulması qaydasının layihəsini (layihədə Fərmanın 1-ci hissəsində qeyd olunan tələblər əsasında hər bir sahibkarlıq subyekti üçün verilən suyun buraxılış həcminin yuxarı hədləri göstərilməklə) iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
    4. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Fərmanın 1.1.5-ci yarımbəndində göstərilən məlumatların mühəndis-kommunikasiya təminatı xidmətləri göstərən təchizat müəssisələrinin internet saytlarına yerləşdirilməsi formasını və müddətini müəyyən edən qaydaların layihəsini iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
    5. Razılaşma prosesinin iştirakçıları (əsas və birgə icraçılar) bu Sərəncamın icrası ilə bağlı normayaratma vəzifələrindən irəli gələn məsələlər üzrə (layihə və təkliflərin baxılması, hazırlanması, razılaşdırılması, təqdim edilməsi və s.) müvafiq tədbirlər görüb, icra vəziyyəti tələb etdikdə məlumatları icra üçün ayrılmış müddətin birinci yarısı başa çatanadək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər. Eyni zamanda, hüquqi aktların layihələrini əsas icraçıya təqdim edən subyektlər “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun müvafiq olaraq 48.2-ci, 48.3-cü və 48.5-ci maddələrinin tələblərinə əməl edilməsini təmin etsinlər.
    6. Mərkəzi icra hakimiyyəti orqanları bir aydan gec olmayaraq, Fərmanın 2.5-ci bəndinin və 3-cü hissəsinin icrasını təmin etmək məqsədi ilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər.
    7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Fərmana uyğunlaşdırılmasını təmin edib, bu barədə iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
    8. Bu Sərəncamın 1-ci, 5-ci, 6-cı və 7-ci hissələrinin icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının hüquq şöbəsinə, 2-ci hissəsinin icrasına sənaye və energetika məsələləri şöbəsinə, 3-cü və 4-cü hissələrinin icrasına nəzarət kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinə həvalə edilsin.
    9. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

    Azərbaycan Respublikasının Baş naziri

    Novruz Məmmədov

    Bakı şəhəri, 29 dekabr 2018-ci il


     

     







    © Nazirlər Kabineti 2008 - 2018