AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ







       Görüşlər | 17 May 2019 - 13:19   
    Baş Nazir Novruz Məmmədov Çexiya Parlamenti Deputatlar Palatası sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb


    Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov mayın 17-də Çex Respublikası Parlamentinin Deputatlar Palatasının sədri Radek Vondraçekin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
    Baş Nazir Novruz Məmmədov ölkəmizin müstəqilliyini bərpa etməsindən sonra Azərbaycan-Çexiya əlaqələrinin inkişaf mərhələsinə qədəm qoyduğunu bildirərək dövlət başçılarımızın qarşılıqlı səfərlərinin, görüşlərinin ölkələrimiz arasındakı münasibətlərin inkişafına mühüm töhfələr verdiyini deyib. 2015-ci ildə ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalandığını xatırladan Baş Nazir qeyd edib ki, Azərbaycan Respublikası ilə Çex Respublikası arasında siyasi, iqtisadi, humanitar, elmi-texniki və digər sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurulub.
    Azərbaycanın Dağlıq Qarabağ regionunun və onun ətrafında yerləşən 7 bölgənin uzun illərdir erməni işğalı altında olduğunu bildirən Novruz Məmmədov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizin ədalətli mövqeyinə verdiyi dəstəyə, Xocalı soyqırımı ilə bağlı qəbul olunmuş sənədə görə Çex Respublikasına və onun parlamentinə minnətdarlığını ifadə edib.
    Ölkəmizə geniş tərkibdə nümayəndə heyəti ilə səfər etdiklərini vurğulayan Radek Vondraçek Azərbaycan ilə Çexiya arasında çox yaxşı münasibətlərin mövcud olduğunu, bu səfərlərinin də ikitərəfli əlaqələrin daha da genişləndirilməsinə töhfə vermək məqsədi daşıdığını vurğulayıb. Azərbaycanın Çexiyanın etibarlı tərəfdaşı olduğunu qeyd edən Radek Vondraçek ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini dəstəklədiyini söyləyib.
    Görüşdə ölkələrimizin parlamentləri arasında da yaxşı əlaqələrin qurulduğu qeyd olunub, həmçinin hökumətlərarası birgə komissiyanın fəaliyyətinə, enerji, turizm, ticarət, təhsil sahələrində əməkdaşlığın genişləndirilməsinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

     


     

     







    © Nazirlər Kabineti 2008 - 2018