AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ







       Mətbuat xidmətinin məlumatı | 14 May 2019 - 18:05   
    Baş Nazirin müavini Yaponiyanın “Fuji Optical Co. Ltd” şirkətinin rəhbəri ilə görüşüb


    Mayın 14-də Azərbaycan Respublikasının Nazirlər Kabinetində Yaponiyanın “Fuji Optical” şirkətinin rəhbəri Akio Kanainin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub. Görüşdə Baş nazirin müavini Əli Əhmədov “Fuji Optical” şirkətinin ölkəmizdə həyata keçirdiyi xeyirxah missiyaların yüksək qiymətləndirildiyini söyləyib. O, minlərlə qaçqın, məcburi köçkün və aztəminatlı ailəyə yüksək keyfiyyətli eynəklərin paylanıldığını, onların ödənişsiz göz müayinəsi xidmətlərindən faydalandığını, bunun əsl humanizm nümunəsi olduğunu vurğulayıb. Görüşdə qonaqlara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verilib.
    Akio Kanai Azərbaycanda bu xeyirxah missiyanı həyata keçirməkdən məmnunluğunu bildirib. O, ölkəmizdə bu kimi xeyriyyə fəaliyyətlərini davam etdirəcəklərini diqqətə çatdırıb. A.Kanai missiyanın ərsəyə gəlməsində köməyi olan hər kəsə, o cümlədən qonaqpərvərliyə görə Azərbaycan hökumətinə və xalqına minnətdarlığını bildirib.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018