AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ







       Tədbirlər | 15 Aprel 2019 - 11:39   
    Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransda Azərbaycan Respublikasının Baş naziri cənab Novruz Məmmədovun çıxışı


    Hörmətli konfrans iştirakçıları! Dəyərli qonaqlar!
    İlk növbədə, hər birinizi Bakıda salamlayır, Azərbaycana “Xoş gəlmisiniz” deyirəm.
    Narkotiklərlə Mübarizə üzrə Beynəlxalq Konfrans dünyada narkotiklərə qarşı mübarizə sahəsində təşkil edilən ən mötəbər tədbirlərdən biridir. Əminəm ki, konfrans narkotiklərin qanunsuz dövriyyəsi və çirkli pulların yuyulması ilə mübarizədə beynəlxalq təcrübənin öyrənilməsinə, müvafiq sahədə əməkdaşlığın daha da gücləndirilməsinə öz töhfəsini verəcəkdir. Bu konfrans həmçinin digər dövlətlərlə səmərəli təcrübə mübadiləsinə imkan yaradacaqdır.
    Beynəlxalq səviyyədə narkotiklərə qarşı mübarizə sahəsində ixtisaslaşan qurumları və ekspertləri bir araya gətirən qlobal əhəmiyyətli bu tədbirin Bakıda keçirilməsi Azərbaycan Respublikasının narkotiklərə qarşı mübarizədə beynəlxalq əməkdaşlığına verilən qiymətdir. Xüsusi vurğulamaq istəyirəm ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 15 noyabr tarixli Sərəncamı ilə Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılmışdır. Tədbirlə bağlı bəzi təşkilati məsələlərin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən işçi qrupu yaradılmış və Tədbirlər Planı təsdiq edilmişdir.
    Son illər Azərbaycan bir çox mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir. Bu sırada BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunu, Dünya Dini Liderlərinin Sammitini, Qlobal Bakı Forumunu, Bakı Beynəlxalq Humanitar Forumunu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının toplantılarını, Avroviziya mahnı müsabiqəsini, I Avropa Oyunlarını, IV İslam Həmrəyliyi Oyunlarını və digər tədbirləri qeyd etmək olar.
    Bu ənənənin davamı olaraq Azərbaycan cari ildə də bir sıra mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edəcəkdir. Bir neçə gündən sonra “Formula-1” Bakı Qran Prisi başlayır. Bundan başqa, 2019-2022-ci illərdə Azərbaycanın sədrlik edəcəyi Qoşulmama Hərəkatının Zirvə Görüşü, Dünya dini liderlərinin II Bakı sammiti, Avropa Gənclər Olimpiya Festivalı, futbol üzrə UEFA Avropa Liqasının final oyunu Bakıda keçiriləcəkdir.
    Yenidən müstəqillik qazanmasının 28-ci ilini yaşayan Azərbaycan Respublikasının çoxşaxəli xarici siyasəti bütün ölkələrlə qarşılıqlı surətdə faydalı əməkdaşlıq və tərəfdaşlıq prinsiplərinə əsaslanır. Azərbaycan həm ikitərəfli, həm də çoxtərəfli formatda sülhə və təhlükəsizliyə töhfə vermək üçün müxtəlif beynəlxalq platformalarda fəal iştirak edir.
    Azərbaycan artıq beynəlxalq aləmdə özünü etibarlı tərəfdaş kimi təsdiq etmişdir. Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu transmilli enerji, nəqliyyat-logistika layihələri ölkəmizi qlobal və regional miqyasda mühüm tərəfdaşa çevirmişdir. Respublikamız Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən enerji və nəqliyyat dəhlizlərində aparıcı rola malikdir. Tərəfdaşlarımızla birgə həyata keçirdiyimiz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və tikilməkdə olan TAP boru kəmərləri neft və qaz resurslarını Avropaya nəql etməklə, böyük bir regionun enerji xəritəsini tamamilə dəyişmişdir. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.
    Azərbaycan Amerika Birləşmiş Ştatları ilə bir çox sahələrdə, o cümlədən təhlükəsizlik, qlobal risk və təhdidlərə qarşı mübarizə sahələrində qarşılıqlı faydalı əməkdaşlıq edir. ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq anti-terror koalisiyasına qoşulan ilk dövlətlərdən biri Azərbaycan olmuşdur. Azərbaycan və ABŞ regional və qlobal səviyyədə terrorizmlə, narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə birgə fəaliyyət göstərirlər.
    Hörmətli konfrans iştirakçıları!
    Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq müasir dünyanı ciddi narahat edən qlobal problemlərdən biridir. Əfsuslar olsun ki, narkomaniya bu gün dünyanın bir çox dövlətlərində dəhşətli bəlaya çevrilməkdədir. Bu bəla həm narkotik istifadəçisinin müxtəlif cinayətlər törətməsinə səbəb olur, həm də cəmiyyətin mənəvi və intellektual potensialının aşınmasına, genefondun tənəzzülünə və digər mənfi hallara gətirib çıxarır. Narkotiklərin qanunsuz dövriyyəsi cinayətkarlığın artmasına səbəb olmaqla yanaşı, həm də terrorizmin maliyyə mənbəyi kimi beynəlxalq təhlükəsizliyə əsas təhdidlərdən biri hesab edilir.
    Müstəqilliyimizin ilk illərindən başlayaraq Ümummilli liderimiz Heydər Əliyev cəmiyyətimizin sağlam inkişafının vacibliyini vurğulayaraq demişdir: “Narkomaniya və narkobizneslə mübarizə hər bir ölkənin, xalqın, millətin fiziki və əqli sağlamlığı uğrunda aparılan mübarizədir”.
    Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi irimiqyaslı tədbirlərin icrası nəticəsində Azərbaycan dünya ölkələri arasında özünəməxsus yer tutmuşdur.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin narkomaniyanın dəf edilməsində dövlət və hüquq-mühafizə orqanlarından konkret nəticələr tələb etməsi bu ümumbəşəri fəlakətin ölkəmizdə yayılması təhlükəsinə Azərbaycanın qətiyyətli mövqeyini əks etdirir.
    Respublikamızda sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması siyasəti narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni prioritet vəzifə kimi müəyyən etmişdir. Bu sahədə dövlət proqramları qəbul edilmiş, qanunvericilik bazası təkmilləşdirilmiş, institusional islahatlar həyata keçirilmiş, Azərbaycan müvafiq beynəlxalq təşəbbüslərə qoşulmuşdur.
    Hələ 1996-cı ildə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmışdır. Prezident İlham Əliyev tərəfindən bu sahə üzrə son 15 ildə 13 fərman, 56 sərəncam imzalanmış, Milli Məclis tərəfindən 38 qanun qəbul edilmiş, bir neçə Dövlət proqramı hazırlanmışdır. Azərbaycan narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağlı bir sıra beynəlxalq konvensiyalara qoşulmuşdur.
    Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni vahid strategiya çərçivəsində həyata keçirmək Azərbaycan dövlətinin əsas prioritetlərindən biridir. Bu istiqamətdə təbliğat işlərinin əhatə dairəsi genişləndirilmiş, kompleks profilaktik tədbirlər görülmüşdür.
    Beləliklə, ölkəmizdə narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması, müalicə-bərpa sahəsindəki fəaliyyətin müasir dövrün tələblərinə uyğunlaşdırılması üçün elmi və praktiki araşdırmaların aparılması və digər məsələlərin həlli istiqamətində sistemli fəaliyyət davam etdirilməkdədir.
    Hörmətli konfrans iştirakçıları!
    Bu gün Azərbaycan Respublikası Prezidentinin apardığı məqsədyönlü siyasət və həyata keçirdiyi dərin iqtisadi islahatlar nəticəsində ölkəmiz uğurla inkişaf edir. Ölkədə görülən işlərə beynəlxalq təşkilatlar, dünyanın aparıcı maliyyə qurumları tərəfindən yüksək qiymət verilir. Xüsusi qeyd etməliyəm ki, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan dünyada 25-ci yerdədir.
    Bizim bütün iqtisadi göstəricilərimiz müsbətdir. Onlardan bəzilərini diqqətinizə çatdırmaq istəyirəm. Keçən il Azərbaycanda iqtisadi artım 1,4 faiz olmuşdur. Qeyri-neft sektoru 1,8 faiz, qeyri-neft sənaye məhsulu isə 9,1 faiz artmışdır.
    Ölkə iqtisadiyyatına son 15 il ərzində 250 milyard dollardan artıq sərmayə qoyulmuş və Azərbaycanın iqtisadiyyatı üç dəfədən çox artmışdır. Yoxsulluq səviyyəsi 49 faizdən 5,4 faizə endirilmiş, 2 milyona yaxın yeni iş yeri yaradılmışdır və hazırda işsizlik 5 faiz səviyyəsindədir.
    Ötən il Azərbaycan üçüncü peykini orbitə buraxaraq kosmik dövlət kimi öz mövqeyini daha da möhkəmləndirdi. 2018-ci ildə Cənub Qaz Dəhlizinin rəsmi açılışı olmuş, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı işə başlamışdır. Beləliklə, Azərbaycan həm də dünyada logistik mərkəz və tranzit ölkə kimi tanınır.
    Son illər ərzində ölkədə infrastrukturun yaradılması ilə bağlı mühüm işlər görülmüşdür. 2004-cü ildən bu günə qədər ümumilikdə 15 min kilometr avtomobil yolu çəkilmişdir. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan infrastrukturun inkişafı üzrə dünyada 30-cu, yol infrastrukturunun keyfiyyətinə görə isə 34-cü yerdədir.
    Azərbaycan Respublikasının sosial-iqtisadi həyatında əldə olunmuş nailiyyətlər narkomaniyaya qarşı mübarizənin gücləndirilməsində mühüm rol oynamaqla yanaşı, bu sahədə hələ də mövcud olan nöqsanların aradan qaldırılması məqsədilə dövlət və hüquq-mühafizə orqanları qarşısında konkret tələblər qoyur.
    Aparılmış islahatlar və həyata keçirilmiş tədbirlər nəticəsində son 5 ildə dövriyyədən 8 ton 354 kiloqram narkotik vasitə çıxarılmışdır. Ölkəmizdə ən müasir avadanlıqlarla təchiz olunmuş yeni narkoloji müalicə mərkəzi tikilib istifadəyə verilmişdir.
    Beynəlxalq təcrübə nəzərə alınmaqla, aidiyyəti orqanların mütəxəssislərinin iştirakı ilə ali və orta ixtisas təhsili müəssisələrində, internat məktəblərində, cəzaçəkmə müəssisələrində mütəmadi olaraq maarifləndirmə tədbirləri, sosial sorğular keçirilmiş, təcrübə mübadiləsi məqsədilə beynəlxalq təşkilatlarla birgə seminarlar, təlimlər təşkil edilmişdir.
    Bir məqamı da vurğulamaq istərdim ki, dünya ictimaiyyəti hərbi münaqişə zonalarından narkotiklərin qanunsuz dövriyyəsi üçün istifadə olunmasından dərin narahatlıq hissi keçirir. Azərbaycan da belə bir problemlə üzləşmişdir. Bildiyiniz kimi, artıq 25 ildən çoxdur ki, Azərbaycanın tarixi torpaqları olan Dağlıq Qarabağ və ətraf 7 rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. İşğal altındakı həmin ərazilərdən narkotik vasitələrin istehsalı və tranziti üçün istifadə edilməsi narkobiznesin və beynəlxalq terrorizmin genişlənməsinə münbit şərait yaradır.
    Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizə cəlb edilən şirkətlərin iqtisadi fəaliyyəti işğalın davam etdirilməsinə, eləcə də narkotrafikə və digər cinayət hallarına şərait yaradır. Bunların aradan qaldırılması üçün işğal olunmuş ərazilərdə iqtisadi, maliyyə fəaliyyətlərinin, pul köçürmələrinin, sərmayə yatırılmasının qarşısı alınmalıdır. Azərbaycan tərəfindən sözügedən vəziyyətə nəzarət edilməsi məqsədilə müvafiq “qara siyahılar” tərtib olunur. Bununla bağlı, Azərbaycan işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyətə cəlb olunan fiziki və hüquqi şəxslərin mənsub olduğu ölkələri müvafiq tədbirlər görməyə çağırır.
    Hazırki beynəlxalq konfrans bu cür qeyri-qanuni iqtisadi fəaliyyətin qarşısını almaq üçün aidiyyəti ölkələrə birbaşa müraciət etmək imkanı yaradır. Ümidvarıq ki, bu istiqamətdə görülən ciddi tədbirlər öz müsbət töhfəsini verəcəkdir.
    Hörmətli konfrans iştirakçıları!
    Əminəm ki, siz Narkotiklərlə Mübarizə üzrə Beynəlxalq Konfransda səmərəli müzakirələr, qarşılıqlı hörmət prinsipləri əsasında açıq dialoq aparacaq, Azərbaycan paytaxtından bəşəri bəlaya qarşı mübarizənin gücləndirilməsi üçün dünyaya yeni mesajlar verəcəksiniz.
    Diqqətinizə görə minnətdaram, konfransın işinə uğurlar arzulayıram.

     


     

     







    © Nazirlər Kabineti 2008 - 2018