AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ







       Görüşlər | 29 Mart 2019 - 16:56   
    Baş nazir Novruz Məmmədov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb


    Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov martın 29-da ölkəmizdə səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
    Baş nazir Novruz Məmmədov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonu ölkəmizdə görməkdən məmnunluğunu bildirdi.
    Baş nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana səfərlərini xatırladaraq, ölkələrimiz arasındakı münasibətlərin strateji xarakter daşıdığını vurğuladı.
    Azərbaycan ilə Macarıstanın tarixi köklərə əsaslanan sıx münasibətlərinin olduğunu deyən Novruz Məmmədov ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən iqtisadiyyatın müxtəlif istiqamətlərində, energetika, turizm, kənd təsərrüfatı, İKT, elm, təhsil, humanitar sahələrdə mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırdı.
    Baş nazir Macarıstanın Ermənistan-Azərbaycan münaqişəsində ölkəmizin ədalətli mövqeyini daim müdafiə etdiyinə görə minnətdarlığını bildirdi.
    Novruz Məmmədov Peter Siyartonun Azərbaycana səfəri çərçivəsində bu gün Azərbaycan Dillər Universitetində açılacaq Macar Dili və Mədəniyyəti Mərkəzinin iki ölkə arasında humanitar əməkdaşlığa töhvə verəcəyini qeyd etdi.
    Ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsi üçün kifayət qədər imkanların olduğunu deyən Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto dedi ki, Azərbaycana hər səfərində paytaxtımızda gördüyü inkişaf onda dərin təəssürat yaradır.
    Avropanın, o cümlədən Macarıstanın enerji mənbələrinin şaxələndirilməsinin önəmindən söz açan Peter Siyarto Cənub Qaz Dəhlizinin önəminə toxundu və bu layihənin reallaşdırılmasında Azərbaycanın rolunu yüksək qiymətləndirdi.
    Qonaq Macarıstanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında müşahidəçi statusu ilə təmsil olunduğunu xatırladaraq, tarixi köklərlə bağlı olduğu türkdilli dövlətlərlə əməkdşalığın dərinləşdirilməsində maraqlı olduqlarını dedi.
    Görüşdə iqtisadi, energetika, investisiya qoyuluşu, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.

     


     

     







    © Nazirlər Kabineti 2008 - 2018