AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ







       Görüşlər | 21 Fevral 2019 - 17:54   
    Baş nazir Novruz Məmmədov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb


    Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov fevralın 21-də Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembon ilə görüşüb.

    Baş nazir Novruz Məmmədov Dünya Bankı ilə Azərbaycan arasında çox yaxşı əməkdaşlıq əlaqələrinin qurulduğunu bildirib. Əlaqələrin inkişafında yüksək səviyyəli görüşlərin mühüm rolunun olduğunu vurğulayan Novruz Məmmədov bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Dünya Bankının baş icraçı direktoru xanım Kristalina Georgiyeva ilə görüşünü xatırladıb. Baş nazir bildirib ki, Dünya Bankı ilə Azərbaycan arasında müəyyən sahələrin, o cümlədən kənd təsərrüfatı, təhsil, səhiyyə, məhkəmə sisteminin avtomatlaşdırılması, özünüməşğulluq kimi sahələrin daha da inkişafı üçün önəmli olan layihələrə, əməkdaşlığın gələcək perspektivlərinə dair müzakirələr aparılır. Bu layihələrin həyata keçirilməsinin ölkəmiz üçün mühüm əhəmiyyət daşıdığını qeyd edən N.Məmmədov deyib: “Bu günə qədər Azərbaycan ilə Dünya Bankı arasında 50-yə yaxın layihə reallaşıb, 10-a yaxın layihə isə hazırda həyata keçirilir. Hesab edirəm ki, sizin ölkəmizə səfərinizin, keçirilən səmərəli görüşlərin bu əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyəti var”.

    Novruz Məmmədovu Azərbaycan Respublikasının Baş naziri təyin olunması münasibətilə təbrik edən Mersi Tembon Azərbaycanda çox qısa müddət ərzində nail olunan inkişafdan məmnunluğunu bildirib, bu uğurların əldə olunmasında Azərbaycan dövlətinin və xalqının qətiyyətini xüsusi vurğulayıb və bunu təqdir etdiklərini deyib.

     Görüşdə Şimal-Cənub nəqliyyat dəhlizi  istiqamətində infrastruktur layihələrinin icrasına dəstək, Azərbaycanda  icbari tibbi sığorta sisteminin formalaşdırılması və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018