AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ







       Görüşlər | 20 Fevral 2019 - 14:17   
    Baş nazir Novruz Məmmədov Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb


    Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov fevralın 20-də Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
    Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olduğunu vurğulayan Baş nazir ölkələrimizin və xalqlarımızın tarixən bir-birinə çox güclü tellərlə bağlı olduğunu bildirib. Azərbaycan və Türkiyə parlamentlərinin ölkələrimiz arasında münasibətlərin inkişafındakı rolundan bəhs edən Novruz Məmmədov Türkiyə nümayəndə heyətinin bu səfərinin, keçirilən görüşlərin əlaqələrimizin daha da genişləndirilməsi baxımından önəmli olduğunu deyib.
    Azərbaycanın və Türkiyənin iştirakı ilə həyata keçirilən qlobal əhəmiyyətli layihələrdən bəhs edən Baş nazir qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi, TANAP, TAP kimi qlobal əhəmiyyətli layihələrin həyata keçirilməsi qardaş ölkələrimiz arasındakı əməkdaşlığı daha da dərinləşdirir.
    Şamil Ayrım Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun yeni tərkibdə Azərbaycana ilk dəfə səfər etdiyini bildirib. O, səfər zamanı Azərbaycan-Türkiyə əlaqələrinin hazırkı vəziyyətinə, münasibətlərin daha da dərinləşdirilməsi istiqamətində görülməli olan işlərə dair önəmli müzakirələr aparıldığını diqqətə çatdırıb. Qardaş ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə ən yüksək səviyyədə olduğunu deyən Şamil Ayrım Azərbaycanın və Türkiyənin iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən neft-qaz sektorunda birgə bir sıra mühüm layihələrə imza atdıqlarını söyləyib. O, birgə həyata keçirilən bu layihələrin Azərbaycan və Türkiyə ilə yanaşı, bölgənin də inkişafına mühüm töhfələr verdiyini diqqətə çatdırıb.
    Dostluq qrupunun rəhbəri Türkiyənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli işində daim Azərbaycanın yanında olduğunu bildirib, bu problemin tezliklə ədalətli həll ediləcəyinə əminliyini ifadə edib.
    Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018