AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ







       Görüşlər | 17 Yanvar 2019 - 14:51   
    Baş nazir Novruz Məmmədov İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb


    Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov yanvarın 17-də İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqerinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
    Azərbaycan ilə İran arasında bütün sahələrdə yaxşı əlaqələrin olduğunu bildirən Baş nazir Novruz Məmmədov hər iki ölkə rəhbərlərinin birgə səyləri nəticəsində bu münasibətlərin daha da inkişaf etdiyini vurğulayıb. Baş nazir qeyd edib ki, əlaqələrimizin genişləndirilməsi, o cümlədən mühüm layihələrin həyata keçirilməsi istiqamətində prezidentlərimiz tərəfindən atılan addımlar ölkələrimizin və xalqlarımızın maraqlarına xidmət edir.
    Novruz Məmmədov qarşılıqlı səfərlərin əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyətli olduğunu qeyd edərək, Məhəmməd Baqerinin ölkəmizə bu səfərinin hərbi və müdafiə sahəsində əməkdaşlığın daha da inkişafına töhfə verəcəyinə əminliyini bildirib.
    İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri Azərbaycana səfərindən və keçirdiyi görüşlərdən məmnunluğunu ifadə edib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İranın mövqeyini xatırladan Məhəmməd Baqeri bildirib ki, Ermənistan Azərbaycanın tarixi torpaqlarını işğal edib və ölkəsi münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə həllinin tərəfdarıdır.
    Baş nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizin ədalətli mövqeyinə verdiyi dəstəyə görə İran tərəfinə minnətdarlığını ifadə edib.
    Məhəmməd Baqeri hər iki ölkənin xalqları arasında böyük tarixə malik əlaqələrin olduğunu bildirib. O, Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanmasının ölkələrimiz arasında yeni əməkdaşlıq imkanlarının yaranmasına təkan olacağını vurğulayıb.
    Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018