AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ







       Görüşlər | 14 Dekabr 2018 - 17:53   
    Baş nazir Novruz Məmmədov ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin nümayəndələri ilə görüşüb


     Dekabrın 14-də Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Avropa və Avrasiya bürosu üzrə Administratorunun müavini Brok Birmanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
    Görüşdə Novruz Məmmədov Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında çox sıx əməkdaşlıq əlaqələrinin olduğunu bildirib. Azərbaycanın son illər əldə etdiyi nailiyyətləri barədə qonağa məlumat verən Baş nazir deyib: “Bildiyiniz kimi, hazırda beynəlxalq münasibətlərdə müəyyən gərginliklər müşahidə olunur. Ancaq buna baxmayaraq, Azərbaycan müəyyənləşdirdiyi inkişaf yolu ilə inamla irəliləyir və demokratik inkişaf yoluna sadiqdir”.
    Azərbaycan Hökuməti ilə USAID arasında da yaxşı münasibətlərin olduğunu qeyd edən Novruz Məmmədov bildirib ki, 1992-ci ildən qurulan bu əlaqələr müxtəlif sahələri əhatə edir. “Hesab edirəm ki, ötən illər ərzində bizim kənd təsərrüfatı, səhiyyə, humanitar və digər istiqamətlərdəki əlaqələrimiz səmərəli olub. Biz bundan sonra da əməkdaşlığımızı konstruktiv əsaslarla davam etdirmək əzmindəyik”,- deyə Baş nazir vurğulayıb.
    Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə qonağa ətraflı məlumat verən Baş nazir BMT-nin münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnamənin hələ də yerinə yetirilmədiyini təəssüflə qeyd edib, ATƏT-in Minsk qrupunun həmsədri kimi Amerika Birləşmiş Ştatlarının bu münaqişənin sülh yolu ilə nizamlanması istiqamətindəki səylərinin bundan sonra da davam etdirilməsinin vacibliyini xüsusi vurğulayıb.
    Görüşdə Brok Birman ölkəmizə səfəri müddətində apardığı danışıqlar və keçirdiyi görüşlər barədə məlumat verib.
    Söhbət zamanı Azərbaycan Hökuməti ilə USAID arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

     


     

     







    © Nazirlər Kabineti 2008 - 2018