AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ







       Mətbuat xidmətinin məlumatı | 30 Noyabr 2018 - 16:04   
    Baş nazir Novruz Məmmədov Milli Məclisin iclasında iştirak etmişdir


    Noyabrın 30-da Milli Məclisin növbəti plenar iclası keçirilib.
    Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov iclasda iştirak edib.
    Milli Məclisin sədri Oqtay Əsədov iclası açaraq gündəlik barədə məlumat verib. O bildirib ki, iclasın gündəliyinə 45 məsələ, o cümlədən, üçüncü oxunuşda Dövlət büdcə zərfinə daxil olan "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında", "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında", "İşsizlikdən sığorta fondunun 2019-cu il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında" Azərbaycan Respublikası qanununun layihələri daxildir. Plenar iclasda həmçinin ikinci oxunuşda Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Büdcə sistemi haqqında", "Dövlət borcu haqqında", "Sosial sığorta haqqında", "İşsizlikdən sığorta haqqında", "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunlarında dəyişiklik edilməsi barədə və digər qanunvericilik aktları ilə bağlı məsələlərə də baxılacağı bildirilib.
    Hökumət üzvlərinin də iştirak etdiyi iclasda müzakirələrdən sonra deputatlar 2019-cu ilin Dövlət büdcəsi zərfinə daxil olan layihələri üçüncü oxunuşda qəbul ediblər.
    Parlament 2019-cu il üzrə dövlət büdcəsinin gəlirlərini 23 milyard 168 milyon manat, xərclərini 25 milyard 190 milyon manat, büdcə kəsrini 2 milyard 22 milyon manat səviyyəsində təsdiqləyib. 2019-cu il dövlət büdcəsinin neft gəlirlərinin hesablanmasında orta ixrac qiyməti 60 ABŞ dolları nəzərdə tutulub.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018