AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ







       Görüşlər | 20 Noyabr 2018 - 16:48   
    Baş nazir Novruz Məmmədov ATƏM-in Minsk konfransının ilk sədri ilə görüşüb


    Noyabrın 20-də Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov italiyalı diplomat və ATƏM-in (hazırkı ATƏT) Minsk konfransının ilk sədri Mario Raffaelli ilə görüşüb.
    Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində Mario Raffaellinin fəaliyyətini xatırladan Novruz Məmmədov Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində problemin hələ də həllini tapmamasını təəssüflə qeyd edib. Münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri, ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməli olduğunu vurğulayan Baş nazir Novruz Məmmədov, məsələnin ədalətli həllinə beynəlxalq ictimaiyyətin diqqətinin daha da artırılmasının zəruriliyini diqqətə çatdırıb.
    Mario Raffaelli “Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni fəaliyyət və üçüncü tərəflərin məsuliyyəti” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etmək üçün Bakıda səfərdə olduğunu söyləyib. O, ölkəmizlə, eyni zamanda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kifayət qədər məlumatlı olduğunu bildirərək, 25 il sonra yenidən Azərbaycana səfərindən məmnunluğunu ifadə edib.
    Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018