AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ







       Səfərlər | 02 Noyabr 2018 - 14:37   
    MDB ölkələrinin hökumət başçılarının nümayəndə heyəti Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə görüşüb


    Astanada MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edən nümayəndə heyətlərinin başçıları noyabrın 2-də Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevlə görüşüblər.
    Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov görüşdə iştirak edib.

    Prezident Nursultan Nazarbayev MDB üzv ölkələrinin əməkdaşlığının möhkəmləndirilməsində Şuranın iclasının xüsusi əhəmiyyətini vurğuladı və bildirdi ki, bu tədbir qarşılıqlı faydalı əlaqələrin daha da inkişafına kömək edəcək. Dövlət başçısı MDB ölkələri arasında ticari-iqtisadi əlaqələrin inkişaf etdirilməsinin vacibliyini söylədi.
    Qazaxıstan Prezidenti bildirdi ki, MDB ölkələrimiz arasında tarixi əlaqələrin qorunmasına və hər bir ölkənin suverenliyini gücləndirməyə imkan verən tamhüquqlu bir təşkilatdır. MDB daxilində qarşılıqlı ticarət artmaqda davam edir. Ötən il ticarət dövriyyəsi 164 milyard ABŞ dolları təşkil edib ki, bu da 25 faiz artım deməkdir.

    Nursultan Nazarbayev MDB Hökumət Başçıları Şurasının əvvəlki iclasının yekunlarına da toxunaraq deyib: “Biz təşkilatın gücləndirilməsi məsələlərini nəzərdən keçirdik. Bu, işin səmərəliliyinin artırılmasına və müasir reallıqlara uyğunlaşdırılmasına yönəlmiş modernləşmə prosesinin təşviqini nəzərdə tutur. Birlik çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi məqsədilə İqtisadi İnkişaf Strategiyasını yeniləmək və MDB ölkələrinin Xidmətləri üzrə Azad Ticarət Sazişinin qəbul edilmiş layihələrinin icrasını sürətləndirmək lazımdır”.
    Bundan əlavə, Qazaxıstan Prezidenti Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclasında irəli sürülən yeni təkliflərin müzakirəsinin nəticələri barədə məlumat verdi. Təkliflərin arasında Birlik daxilində ticarət maneələrinin aradan qaldırılması, nəqliyyat və logistika, turizm sektorlarında qarşılıqlı əlaqələrin səmərəliliyinin artırılması, kosmik sənayedə layihələrin həyata keçirilməsi, rəqəmsal iqtisadiyyatın inkişafı və innovativ həllərin istifadəsi məsələləri mühüm yer tutur.

    Nursultan Nazarbayev Dövlət Başçıları Şurasının iclasında irəli sürülən təkliflərin yerinə yetirilməsi ilə bağlı praktiki işin lazım olduğunu qeyd etdi, bütün istiqamətlər üzrə kompleks tədbirlər planının hazırlanmasının vacibliyini bildirdi. Vurğuladı ki, bu təşəbbüslərin həyata keçirilməsi həm iqtisadi inkişafa, həm də ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsinə kömək edəcək.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018