AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ







       Mətbuat xidmətinin məlumatı | 01 Noyabr 2018 - 13:06   
    Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun “Egemen Qazaxıstan” qəzetinə müsahibəsi


    Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun Qazaxıstanın ən böyük tirajlı dövlət qəzeti olan “Egemen Qazaxıstan” qəzetində Qazax dilində müsahibəsi dərc olunmuşdur (https://egemen.kz/article/177068-azerbayzhan-respublikasynynh-premer-ministri-astana-elbasynynh-ulken-zhenhisi )

    Həmin müsahibənin Azərbaycan dilində tərcüməsini təqdim edirik.

    Sual: - Novruz müəllim, Siz MDB hökumət rəhbərləri Şurasının Astana görüşündə iştirak etmək üçün Qazaxıstana səfər edəcəksiniz. Səhv etmiriksə, Baş nazir statusunda ilk rəsmi xarici səfəriniz olacaq. Azərbaycanla eyni kökü və dəyərləri paylaşan, hazırda sıx tərəfdaşlıq və dostluq münasibətləri olan Qazaxıstan səfərinizdən gözləntilər nələrdir?

    Cavab: - Noyabr ayının 2-də Qazaxıstanın paytaxtı Astana şəhərinə səfərim nəzərdə tutulur. Doğrudur, mən Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının iclasında Baş nazir kimi ilk dəfə iştirak edəcəyəm. Lakin bu mənim Baş nazir statusunda xaricə ilk səfərim deyil. Mən birinci dəfə Fransanın paytaxtı Paris şəhərində səfərdə oldum. İyunun 13-də Parisdə Beynəlxalq Sərgilər Bürosunun Baş Assambleyasının 163-cü sessiyasında “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyinə namizədlik təqdimatları keçirilirdi. Həmin sessiyada Bakı şəhərinin namizədliyi ilə bağlı çıxış etdim. Bundan sonra iyulun 9-da mən Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün Ankara şəhərində səfərdə oldum.

    Qeyd etməliyəm ki, 1993-cü ildən MDB-nin rəsmi üzvü olan Azərbaycan Respublikası təşkilat çərçivəsində müxtəlif sahələrdə, xüsusən humanitar sahədə əməkdaşlığın inkişafına böyük önəm verir. Mədəniyyət, elm, idman və digər sahələr üzrə həyata keçirilən çoxtərəfli əməkdaşlıq ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. MDB, həmçinin regional və beynəlxalq məsələlərin müzakirəsi üçün əlverişli əməkdaşlıq platforması olmaqla bərabər, cinayətkarlığa və müasir təhdidlərə qarşı tədbirlərin həyata keçirilməsində də öz töhfəsini verməkdədir. MDB Hökumət Başçıları Şurasının Qazaxıstanda nəzərdə tutulan növbəti iclası üzv ölkələr arasında bir sıra məsələlərin, o cümlədən iqtisadi, maliyyə və humanitar məsələlərinin müzakirəsi baxımından, Azərbaycan üçün də mühüm əhəmiyyət daşıyır.

    O ki qaldı Qazaxıstan səfərindən gözləntilərimizə, biz qardaş ölkəyə səfər edirik və əminəm ki, bu səfər həm MDB ölkələri ilə, həm də konkret olaraq Qazaxıstanla ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinə, əməkdaşlıq imkanlarının genişləndirilməsinə öz töhfəsini verəcəkdir.

    Sual: - Azərbaycan və Qazaxıstan müstəqilliklərinin 27-ci ilini qeyd edir. Müstəqilliyimizin bərpasından sonra sarsılmaz təməllər üzərində qurulan bu münasibətlər indi də yüksək siyasi iradə ilə ən ali səviyyədə davam etdirilir. Hər zaman qarşılıqlı etimada əsaslanan ikitərəfli münasibətlərimizin inkişaf dinamikasını necə dəyərləndirərdiniz?

    Cavab: - Sovetlər İttifaqı dağıldıqdan sonra müttəfiq respublikalar öz müstəqilliyinə qovuşub və indi biz artıq öz taleyimizin sahibiyik. Qazaxıstanla Azərbaycanı tarixi dostluq-qardaşlıq telləri bağlayır. Burada eyni soykök, eyni mədəni və mənəvi faktorlar önəm kəsb edir. Eyni zamanda, Azərbaycanla Qazaxıstan strateji tərəfdaşdırlar. Bizim ölkələrin liderləri, Ulu öndər Heydər Əliyevlə Nursultan Nazarbayev hələ Sovet dövründən iki dost, qardaş xalqın rəhbərləri kimi sıx əməkdaşlıq şəraitində çalışıblar. Bu dostluq, qardaşlıq ənənəsi müstəqillik illərində daha da inkişaf etdirilib. Azərbaycan Prezidenti İlham Əliyev də Qazaxıstanla ikitərəfli faydalı əməkdaşlığı xarici siyasətimizin prioritetləri sırasında hər zaman vurğulayıb. Biz əlaqələrimizdəki dinamikanı yüksək dəyərləndirərək, bu münasibətlərin xalqlarımızın mənafeyi naminə davamlı olması üçün səylərimizi əsirgəmirik.

    Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasından keçən 26 il ərzində münasibətlərimiz bütün sahələr üzrə inkişaf edib. Xüsusən, Qazaxıstanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycanın ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanan haqlı mövqeyinə ikitərəfli və çoxtərəfli müstəvilərdə dəstəyini yüksək qiymətləndiririk.

    Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 2017-ci ildə Bakıda keçirilmiş 14-cü iclasında yol xəritəsi imzalanmış, onun icrası ilə bağlı həyata keçirilmiş tədbirlər cari ilin 31 oktyabr tarixində Astanada baş tutmuş Komissiyanın 15-ci iclasında buna müvafiq olaraq müzakirə olunmuşdur. Azərbaycan və Qazaxıstan Çindən Avropaya qədər uzanan beynəlxalq nəqliyyat dəhlizinin üzərində yerləşir. Hər iki ölkənin marağı bu tranzit xəttin imkanlarından maksimal dərəcədə faydalanmaqdır. 2017-ci ilin 30 oktyabr tarixində istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Yeni Bakı Beynəlxalq Dəniz Limanı, Qazaxıstanın qərb və şərq sərhədlərini birləşdirən dəmir yolu xətləri və Kurık dəniz limanı ölkələrimizin tranzit potensialının daha da artırılmasına xidmət edir. Artıq biz Çin-Avropa istiqamətində region üzərindən yükdaşımalarının artdığını görürük. İnanıram ki, ölkələrimiz arasında mövcud olan bu regional əməkdaşlıq modeli gələcəkdə daha da genişlənərək qlobal miqyasda öz töhfəsini verəcəkdir.

    Sual: - Bu il Astananın paytaxt elan olunmasının 20 illiyidir. Şəhərin paytaxt kimi açılış mərasimində Azərbaycan xalqının Ümumilli lideri Heydər Əliyev fəxri qonaq olaraq iştirak və çıxış etmişdi. O, çıxışında bu addımı tarixi hadisə və Nursultan Nazarbayevin görkəmli qələbəsi adlandırmışdı. Maraqlıdır, 20 il sonra Astana Azərbaycandan necə görünür?

    Cavab: - Azərbaycan xalqının Ümumilli lideri Heydər Əliyevin uzaqgörənliklə söylədiyi fikirlər bu gün də öz aktuallığını saxlamaqdadır. Geosiyasi və strateji baxımdan paytaxtın Alma-Atı şəhərindən Astanaya köçürülməsi mühüm tarixi hadisə, Prezident Nursultan Nazarbayevin əsl qələbəsi idi. Bildiyiniz kimi, Astana şəhərinin 20 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də videomüraciətlə Qazaxıstan xalqını təbrik etmiş və Astananın müstəqil Qazaxıstanın bir simvoluna çevrildiyini qeyd etmişdir. Bu gün 20 yaşlı paytaxt sürətlə inkişaf edərək Qazaxıstanın yüksək iqtisadi inkişafının bir simvoluna çevrilməklə yanaşı, həm də dünyanın ən gözəl şəhərlərindən biri olmuşdur. Qədimliyi və müasirliyi özündə birləşdirən Bakımızdan baxanda müasir Astananın gələcəyini çox parlaq görürük. Astanada tikilən gözəl saraylar, uca göydələnlər, enli, yaraşıqlı prospektlər, gözəl istirahət guşələri, bağlar, parklar XXI əsrin şəhərinin şöhrətini daha da artırır. Ümid edirəm ki, Astananın uğurları bundan sonra daha da artacaq və Bakı-Astana qardaşlığının genişlənməsinə və möhkəmlənməsinə səbəb olacaqdır.

    Sual: - Bir neçə ay öncə Aktauda Xəzəryanı dövlətlərin başçıları Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı imzaladılar. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Aktauda Prezident İlham Əliyevlə görüşərkən belə bir ifadə işlətmişdi: “Artıq dəniz vasitəsilə biz çox yaxın olduq”. Başqa sözlə, artıq Xəzər bizi ayırmır, birləşdirir. Sizcə, statusun həlli bizim coğrafi yaxınlığımıza, iqtisadi münasibətlərimizə, tranzit imkanlarımıza necə təsir göstərəcək?

    Cavab: - Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin də söylədiyi kimi, həqiqətən də biz daha yaxın olduq. Belə ki, “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya” tarixi sənəd olmaqla, Xəzər dənizində Xəzəryanı dövlətlərin əməkdaşlığının daha da inkişaf etdirilməsi baxımından fundamental əhəmiyyətə malikdir. Avqustun 12-də Aktau şəhərində Konvensiyanın imzalanması ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli əsasda iqtisadi-ticari sahədə əlaqələrin intensivləşməsinə daha əlverişli şərait yaradacaqdır. İlk növbədə ona görə ki, Konvensiya Xəzəryanı dövlətlərin dənizdə suveren və müstəsna hüquqlarını tanımaqla, dənizin hüquqi statusuna dair qeyri-müəyyənliyi aradan qaldırır. Bundan başqa, Konvensiya bu günədək Xəzər dənizində sahilyanı dövlətlər tərəfindən həyata keçirilən təsərrüfat-iqtisadi fəaliyyətlərin hüquqi çərçivəsini müəyyənləşdirməklə, bu kimi fəaliyyətlərin təhlükəsizliyini təmin edir. Bütün bunlar ölkələrimiz arasında mövcud əməkdaşlığın daha da dərinləşdirilməsinə geniş imkanlar açır. Həmçinin, “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”da əks olunmuş dəniz üzgüçülüyünün azadlığı və təhlükəsizliyinin təmin olunması prinsipləri, eləcə də tərəflərə məxsus gəmilərin limanlara sərbəst giriş-çıxış hüququ Xəzərin regionda tranzit potensialını artırmaqla, ölkələrimiz arasında tərəfdaşlıq əlaqələrinin yüksəldilməsinə və xalqlarımızın rifahına xidmət edəcəkdir.

    Sual: - Türkdilli ölkələrin dövlət başçılarının 2009-cu ildə Naxçıvanda keçirilən sammitində əsası qoyulan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və Beynəlxalq Türk Akademiyası kimi təşkilatların yaradılmasının gələn il 10 ili tamam olur. Bu təşkilatların kökü, dili, dini, mədəniyyəti bir olan xalqlarımızın yaxınlaşması və çoxtərəfli münasibətlərin inkişafında oynadığı rolu necə qiymətləndirirsiniz?

    Cavab: - Məlum olduğu kimi, əsası 2009-cu il oktyabrın 3-də Naxçıvan Sazişi ilə qoyulmuş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətinin əsas məqsədi türkdilli dövlətlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir. Bu çərçivədə Şura qardaş ölkələrimiz arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, regionda və dünyada sülhün bərqərar olması, ortaq maraq kəsb edən bütün sahələrdə əməkdaşlığın gücləndirilməsi, hərtərəfli və balanslaşdırılmış iqtisadi yüksəlişə, sosial və mədəni inkişafa səy göstərilməsi üçün çox əlverişli şərait yaradır. Eləcə də, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA), Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu üzv ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirməklə yanaşı, ortaq dil, mədəniyyət, tarix və digər istiqamətlər üzrə fəaliyyət göstərir, xalqlarımızın daha da yaxınlaşmasına xidmət edir.

    Bu mənada Astanada yerləşən Beynəlxalq Türk Akademiyasının fəaliyyətini xüsusi qeyd etmək istərdim. Yarandığı ilk gündən etibarən türkdilli xalqların elmi, mədəni, tarixi, ədəbiyyatı ilə bağlı çoxsaylı tədqiqatlar aparan, kitablar ərsəyə gətirən Türk Akademiyası öz töhfələri ilə bizləri bir-birinə daha da yaxınlaşdırır.

    Məlum olduğu kimi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə Görüşü 2019-cu ildə Azərbaycanda keçiriləcəkdir. Bu tarix həmçinin Naxçıvan Sazişinin imzalanmasının 10-cu ildönümünə təsadüf edir. Zirvə Görüşünün yüksək səviyyədə keçirilməsi üçün Azərbaycan hökuməti bütün səylərini göstərəcəkdir. İnanıram ki, bu təşkilat çərçivəsində gələcəkdə qardaş ölkələrimiz arasındakı bağlar daha da möhkəmlənəcək, xalqlarımızın taleyi və mənafeyi naminə əhəmiyyətli addımlar atılacaqdır.

    Sual: - Bildiyiniz kimi, Qazaxıstan yaxın zamanlarda tam şəkildə latın əlifbasına keçəcək. Siz həm də bir filoloq və dilçisiniz. Sizcə, bu qərar xalqlarımızın daha da yaxınlaşmasına, türkdilli dövlətlər arasında inteqrasiyaya necə təsir göstərəcək?

    Cavab: - Əlbəttə, dil ünsiyyət vasitəsi kimi təkcə insanları deyil, həm də xalqları bir-birinə daha da yaxınlaşdırmaq gücünə malikdir. Vaxtilə geniş bir arealda yayılaraq eyni mədəniyyəti paylaşan və eyni kökə malik türksoylu xalqlar uzun əsrlər boyu davam edən ictimai-siyasi proseslər nəticəsində bir-birindən ayrı düşmüşdülər. Nəticədə bir çox fərqli özəlliklər yaranmışdı ki, bunlardan biri də dilə, onun əlifbasına edilən təsir idi. Bu günün reallığı isə yenidən xalqların birliyinə nail olmaq, inkişafımızı təmin etmək üçün geniş imkanlar açır. Biz bu imkanlardan lazımınca yararlanmağa çalışmalıyıq.

    Bildiyiniz kimi, Azərbaycan əlifbası da ötən əsrdə bir neçə dəfə dəyişikliyə məruz qalmışdı. Bununla belə, biz qədim və zəngin tarixə malik milli mədəniyyətimizi, o cümlədən ana dilimizi qoruyub saxladıq. Hətta keçən əsrin 70-ci illərində dahi Heydər Əliyev Azərbaycan SSR-nin Konstitusiyasında Azərbaycan dilinin dövlət dili elan olunması kimi qeyri-mümkün bir işə belə nail olmuşdu. Sonradan, müstəqillik illərində Ulu öndərimiz qətiyyətli addımlar ataraq latın əlifbasına keçidi də təmin etdi. Hesab edirəm ki, bu gün Qazaxıstanın da tam şəkildə latın əlifbasına keçməsi tarixi zərurətdən doğan bir addımdır. Türksoylu xalqlar yenə də geniş ərazilərdə, müxtəlif ölkələrdə və dövlətlərdə yaşamalarına baxmayaraq, eyni əlifba vasitəsilə ünsiyyət qura biləcək, gələcək nəsillər bir-birini daha yaxşı başa düşəcək və lazımi məqamlarda bir-birinə arxa-dayaq duraraq birgə inkişafa nail olacaqlar. Bu mənada dost, qardaş Qazax xalqının qətiyyətli addımını alqışlayır, yeni əlifbaya keçid münasibətilə səmimi təbrik edir və uğurlar arzu edirəm.

     

     


     

     







    © Nazirlər Kabineti 2008 - 2018