AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ







       Tədbirlər | 30 Oktyabr 2018 - 09:51   
    Baş nazir Novruz Məmmədov Türkiyə Cümhuriyyətinin yaranmasının 95-ci ildönümü münasibətilə keçirilən rəsmi qəbulda iştirak edib


    Türkiyənin Azərbaycandakı səfirliyi Türkiyə Cümhuriyyətinin yaranmasının 95-ci ildönümü münasibətilə oktyabrın 29-da rəsmi qəbul təşkil edib. Rəsmi qəbulda Azərbaycan tərəfindən əsas qonaq olaraq Azərbaycan Respublikasının Baş naziri cənab Novruz Məmmədov iştirak edib.

    Baş nazir Novruz Məmmədovun çıxışı

    Hörmətli cənab səfir!
    Hörmətli xanımlar və cənablar!

    Türkiyə Cümhuriyyətinin elan olunmasının 95-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Prezidenti və Hökuməti adından qardaş Türkiyə xalqını və dövlətini səmimi qəlbdən təbrik edir, Türkiyəyə daim sülh, firavanlıq, yeni nailiyyətlər və çiçəklənmə arzulayıram.
    Azərbaycan – Türkiyə münasibətləri milli, mənəvi və mədəni dəyərləri ilə bir-birinə eyni köklərlə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanır. Hazırda dünyada bir-birinə bu qədər yaxın olan ikinci bir nümunə göstərmək mümkün deyil. Bu mənada Türk dünyasının böyük oğlu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Ümummilli lider Heydər Əliyevin “Bir millət iki dövlət” ifadələri münasibətlərimizin əsl mahiyyətini əks etdirir.
    İftixarla qeyd etmək lazımdır ki, Qurtuluş savaşından sonra çox mürəkkəb və ziddiyyətli bir beynəlxalq vəziyyətdə Türkiyə Cümhuriyyətinin elan edilməsi XX əsrin ən mühüm hadisələrindən idi. Keçən dövr ərzində Türkiyə Cümhuriyyəti hərtərəfli inkişaf edərək, çox böyük və şərəfli yüksəliş yolu keçmiş, ən inkişaf etmiş dövlətlərlə bir sırada layiqli yerini tutmuşdur.
    Dünyanın siyasi xəritəsində mühim mövqeyə malik Türkiyə XXI əsrin əvvəllərindən regionda və dünyada əsas söz sahiblərindən birinə çevrilmişdir. Təsadüfi deyildir ki, Türkiyə “Böyük-İyirmilik” ölkələri içərisində ən sürətlə inkişaf edən iqtisadiyyata malik ölkələrdən biridir.
    Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanı tanıyan ilk dövlət Türkiyə olmuşdur. Müstəqilliyin ilk illərindən etibarən Türkiyə Azərbaycanın dövlət quruculuğu yolunda atdığı addımları daim dəstəkləmiş, böyük dövlətlərin iştirak etdiyi tədbirlərdə Azərbaycan naminə haqq səsini ucaltmışdır.
    Ölkəmizin ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin həmişə Azərbaycan xalqının yanında olması böyük dostluğumuzun, qardaşlığımızın ifadəsi və həmrəyliyimizin rəmzidir.
    Bu gün Azərbaycanla Türkiyə arasında bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, nəqliyyat, ticarət, humanitar, regional təhlükəsizlik, hərbi və digər sahələrdə əməkdaşlıq ən yüksək səviyyədədir.
    Münasibətlərimizin möhkəmlənməsində dövlətlərimizin başçılarının şəxsi əlaqələrinin və qarşılıqlı səfərlərinin xüsusi əhəmiyyəti vardır. Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğan arasında yaranmış dostluq və qardaşlıq münasibətləri ikitərəfli əlaqələrimizin bütün sahələrdə daha da genişlənməsinə öz müstəsna töhfəsini verir. Təsadüfi deyildir ki, hər iki ölkənin prezidentlərinin ilk rəsmi səfərlərini bir-birinin ölkəsinə etməsi artıq diplomatik ənənəyə çevrilmişdir.
    Biz ölkələrimiz və xalqlarımız üçün, hətta Avrasiya üçün böyük önəm daşıyan nəhəng layihələri - Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP neft-qaz kəmərlərinin tikintisi və istismarını birlikdə həyata keçirmişik.
    Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə 2017-ci ilin oktyabrında açılışı olmuş Bakı-Tbilisi-Qars dəmiryol xətti, Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə Bakının Azadlıq Meydanında keçirilmiş hərbi parad, bir neçə gün öncə Türkiyədə Azərbaycan tərəfindən 6,3 milyard ABŞ dolları yatırım edilmiş “STAR” neft emalı zavodunun açılışı ilə bağlı təşkil edilmiş möhtəşəm mərasim ölkələrimizin uğurunun, qardaşlığımızın bariz nümunəsi və möhtəşəm təntənəsidir.
    Əlaqələrimizin daha da dərinləşməsində Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının, İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın da xüsusi rolunu vurğulamaq istərdim.
    Bu gün Azərbaycanda 3400-ə yaxın Türkiyə şirkəti, Türkiyədə isə 2300-dən çox Azərbaycan şirkəti fəaliyyət göstərir. Hər iki ölkə şirkətləri qarşılıqlı olaraq ölkə iqtisadiyyatlarına böyük həcmdə investisiya yatırırlar və bu da münasibətlərimizdə hərtərəfli inkişafın göstəricisidir.
    Hörmətli mərasim iştirakçıları!
    İkitərəfli müstəvidə uğurla inkişaf edən əməkdaşlıq münasibətlərimizlə yanaşı, ölkələrimiz beynəlxalq təşkilatlarda da fəal qarşılıqlı dəstək nümayiş etdirirlər. Beynəlxalq təşkilatlarda, ilk növbədə Birləşmiş Millətlər Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında biz bir-birimizi həmişə dəstəkləyirik. Azərbaycan və Türkiyənin rəsmi nümayəndə heyətlərinin hər hansı biri beynəlxalq tədbirlərdə iştirak etmədikdə, dəfələrlə digərinin mövqeyini müdafiə etməsinin qürurla şahidi olmuşuq.
    Fürsətdən istifadə edərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində göstərdiyi səyə və bizim haqlı mövqeyimizi daima müdafiə etdiyinə görə Türkiyə dövlətinə və xalqına minnətdarlığımı bildirirəm.
    Əminəm ki, Azərbaycan ilə Türkiyə arasında uzun illərin sınağından çıxmış dostluq və qardaşlıq münasibətləri hər iki dövlətin strateji hədəflərinə çatmasında mühüm rol oynayacaqdır.
    Sonda bir daha qardaş Türkiyə xalqını və Hökumətini bu əlamətdar gün münasibətilə təbrik edir, Türkiyəyə və bütün türk dünyasına sülh, əmin-amanlıq və rifah arzulayıram.

     


     

     







    © Nazirlər Kabineti 2008 - 2018