AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ







       Görüşlər | 25 Oktyabr 2018 - 18:02   
    Baş nazir Novruz Məmmədov Uruqvay Baş Assambleyasının nümayəndələr palatasının sədri ilə görüşüb


    Oktyabrın 25-də Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov paytaxtımızda təşkil edilən VI Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizə səfərə gələn Uruqvay Baş Assambleyasının nümayəndələr palatasının sədri Xorxe Qandi ilə görüşüb.
    Baş nazir Novruz Məmmədov paytaxtımızda təşkil edilən “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda foruma qatılan Xorxe Qandinin bu tədbirdə iştirakının ölkələrimiz arasındakı əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.
    Bakı Forumunun artıq ənənəyə çevrildiyini vurğulayan Baş nazir, ölkəmizin bir çox yüksək səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini söyləyib.
    Azərbaycan ilə Uruqvay arasında müxtəlif istiqamətlər üzrə münasibətlərin inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu deyən Baş nazir, hər iki ölkənin iqtisadi, siyasi və mədəni sahələrdə əlaqələrin daha da genişləndirilməsi imkanları barədə danışıb.
    Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qonağa ətraflı məlumat verən Baş nazir Novruz Məmmədov problemin ancaq beynəlxalq hüquq çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipi əsasında həllinin mümkün olduğunu nəzərə çatdırıb.
    Uruqvay Baş Assambleyasının nümayəndələr palatasının sədri Xorxe Qandi Bakıda keçirilən forumda iştirak etmək üçün aldığı dəvətə və səmimi qəbula görə təşəkkürünü bildirib. Qonaq, regionun inkişaf edən ölkələrindən olan Azərbaycanda, qədimliklə müasirliyin vəhdətini özündə birləşdirən paytaxtımızda olmasından məmnunluğunu ifadə edib.
    Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018