AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ







       Mətbuat xidmətinin məlumatı | 19 Oktyabr 2018 - 17:52   
    Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib


    Oktyabrın 19-da Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun  sədrliyi ilə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il üçün iş planı”na uyğun olaraq, Nazirlər Kabinetinin növbəti iclası keçirilmişdir.

    İclasda iki məsələ gündəliyə çıxarılmışdır: 1) “Peşə təhsili müəssisələri şəbəkəsinin təşkili, idarə edilməsi və maliyyələşdirilməsinin təkmilləşdirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün mövcud vəziyyət və qarşıda duran problemlər”; 2) “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın icra vəziyyəti.

    Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan təhsil islahatlarının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini vurğulayan Baş nazir Novruz Məmmədov, ölkə başçısının 15 illik Prezidentliyi  dövründə təhsil sahəsinin də dinamik inkişaf etdiyini nəzərə çatdırdı. Qeyd etdi ki, xüsusən, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbul edilməsi  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilə göstərdiyi böyük diqqət və qayğının təcəssümüdür.

    Baş nazir ötən müddət ərzində ölkəmizdə təhsil sahəsində müsbət dinamikanın müşahidə olunduğunu, bir sıra əsaslı nailiyyətlərin əldə edildiyini dedi. O, bildirdi ki, Strategiyada nəzərdə tutulmuş 5 mühüm istiqamətdə müəyyən edilmiş hədəflərə nail olmaq üçün təhsilin müxtəlif pillə və səviyyələrinə, o cümlədən peşə təhsili pilləsinə də aid dövlət sənədləri qəbul edilmiş, qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədi ilə tədbirlər görülmüşdür. “Təhsilin inkişafına dair Dövlət Strategiyası”nın və “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin əsas hədəfi ölkə iqtisadiyyatının inkişafına uyğun olaraq çevik və bazaryönümlü peşə təhsili sisteminin yaradılması və fəaliyyətinin təmin edilməsidir. Bu məqsədlə respublikada peşə təhsili müəssisələri şəbəkəsinin rasionallaşdırılması və təşkili üçün Nazirlər Kabinetinin müvafiq qərarları qəbul edilmişdir.

    Bununla yanaşı müzakirə olunan sahədəki mövcud problemlərə də toxunan Baş nazir Novruz Məmmədov bildirdi ki, müasir çağırışlara cavab verən, əmək bazarının tələblərinə uyğun peşələr üzrə kadr hazırlığını təmin edən ixtisaslaşdırılmış peşə tədris mərkəzlərinin yaradılması xüsusilə önəmlidir. Lakin, peşə təhsili müəssisələri şəbəkəsinin optimallaşdırılması, yeni peşə təhsil mərkəzlərinin yaradılması bu tipli müəssisələrdə müasir tələblərə cavab verən maddi-texniki baza və təhsil şəraiti yaradılmadan səmərə verə bilməz. Bu baxımdan “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əsas məqsədləri ölkədə ən yeni texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyət nəticələri və əhatəliliyinə görə qabaqcıl mövqe tutan təhsil sistemini yaratmaq, Azərbaycanın təhsil sistemini iqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartlarına uyğunlaşdırmaq, nəticə etibarilə ölkənin davamlı inkişafını təmin etməkdir.

    Sonra gündəlikdə duran hər iki məsələyə dair Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramovun məruzələri dinlənildi.

    Məruzələr ətrafında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Namiq Babayev, Nazirlər Kabinetinin şöbə müdiri Musa Ələkbərov və başqaları çıxış etdilər.

    Ölkədə təhsilin inkişafı məsələlərinə dair aparılan geniş fikir mübadiləsindən sonra,  müzakirələrə yekun vuran Baş nazir Novruz Məmmədov nəzərdə tutulmuş tapşırıqların icrası ilə əlaqədar müvafiq göstərişlər verdi.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018