AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ







       Görüşlər | 04 Oktyabr 2018 - 17:43   
    Baş nazir Novruz Məmmədov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi ilə görüşüb


    Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov oktyabrın 4-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Bağdat Amreev ilə görüşüb.

    Görüşdə türk dövlətləri arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsi, o cümlədən ticari-iqtisadi, mədəni-humanitar sahələrdə regional əməkdaşlığın dərinləşdirilməsi, Türk Şurasının gələcək fəaliyyət planları müzakirə edilib.  

    Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi seçilməsi münasibətilə Bağdat Amreevi təbrik edən Baş nazir Novruz Məmmədov ona fəaliyyətində uğurlar arzuladı.

    Novruz Məmmədov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Azərbaycan üçün çox önəmli təşkilat olduğunu diqqətə çatdıraraq qeyd edib ki, bu Şura türkdilli ölkələr arasında əməkdaşlığın genişləndirilməsində xüsusi rola malikdir. 

     Azərbaycan-Qazaxıstan münasibətlərinə toxunan Baş nazir ölkələrimiz arasında çox yaxşı dostluq əlaqələrinin olduğunu deyərək bildirib ki, dövlət başçılarımız arasında olan səmimi dostluq münasibətləri əlaqələrimizin belə yüksək səviyyəyə qalxmasında mühüm rol oynayır.

     Türkdilli dövlətlər arasındakı dostluq münasibətlərindən məmnunluğunu ifadə edən baş katib Bağdat Amreev 2009-cu ildə Azərbaycanın qədim Naxçıvan diyarında  əsası qoyulan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının bu əlaqələrin inkişafına xüsusi impuls verdiyini vurğulayıb. Oktyabrın 3-də Şuranın yaradılmasının 9 illiyinin qeyd olunduğunu diqqətə çatdıran Bağdat Amreev  ötən müddət ərzində üzv ölkələr arasında əməkdaşlığın gücləndirilməsi üçün mühüm addımların atıldığını bildirib. “Azərbaycan Şuranın yaradıldığı ölkə olaraq təşkilatın fəaliyyətinin və türkdilli ölkələr arasında əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayır”,- deyə baş katib vurğulayıb.

    Söhbət zamanı 2019-cu ildə  Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünə Azərbaycanın ev sahibliyi etməsi ilə bağlı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərlə əlaqədar fikir mübadiləsi aparılıb.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018