AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ







       Tədbirlər | 11 Sentyabr 2018 - 09:04   
    Baş nazir Novruz Məmmədov Özbəkistan Respublikasının milli bayramı münasibətilə keçirilən rəsmi qəbulda iştirak edib


    Özbəkistanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Dövlət müstəqilliyinin 27-ci ildönümü münasibətilə sentyabrın 10-da rəsmi qəbul təşkil edib.

    Rəsmi qəbulda Azərbaycan tərəfindən əsas qonaq olaraq Azərbaycan Respublikasının Baş naziri cənab Novruz Məmmədov iştirak edib.

    Baş Nazir Novruz Məmmədovun çıxışı

    Hörmətli cənab Səfir!

    Xanımlar və cənablar!

    Özbəkistan Respublikasının Milli bayramı - Dövlət Müstəqilliyinin 27-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Prezidenti və Hökuməti adından qardaş Özbəkistan xalqını və dövlətini təbrik edir, daim əmin-amanlıq və rifah arzulayıram.

    Ölkələrimiz arasındakı əlaqələr ortaq milli, mənəvi və mədəni dəyərləri ilə bir-birinə sıx bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanır. Münasibətlərimizin belə möhkəm təməllər üzərində inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi xüsusi məmnunluq doğurur. Hazırda ölkələrimiz arasında mövcud olan qarşılıqlı siyasi etimad və dialoq əməkdaşlığımızın daha da inkişaf etdirilməsi və dərinləşməsinə zəmin yaradır.

    Bu münasibətlərin möhkəmlənməsində dövlətlərimizin başçılarının qarşılıqlı səfərlərinin xüsusi əhəmiyyəti vardır. Əminəm ki, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri cənab Şavkat Mirziyoyev arasında yaranmış səmimi münasibətlər ikitərəfli əlaqələrimizin bütün sahələrdə daha da genişlənməsinə öz töhfəsini verəcəkdir.

    Müstəqillik yolu ilə inamla irəliləyən qardaş Özbəkistanın dövlətçiliyinin möhkəmləndirilməsi, sosial-iqtisadi sahələrdə əldə etdiyi uğurlar və beynəlxalq aləmdə artan nüfuzu bizi sevindirir.

    Ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi baxımından Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya mühüm rol oynayır.

    Azərbaycan öz tərəfdaşları ilə birgə bütün istiqamətlərdə böyük nəqliyyat və enerji infrastrukturu layihələri həyata keçirir. Belə layihələrdən biri də keçən ilin oktyabr ayında açılışı olan Bakı-Tbilisi-Qars dəmir yoludur. Asiyadan Avropaya yükdaşımalarında ən qısa yol olan Bakı-Tbilisi-Qars dəmir yolu Özbəkistan üçün də əlverişli imkandır və açılış mərasimində Özbəkistan Respublikası Baş nazirinin iştirakı bu baxımdan əlamətdardır.

    Ümumilikdə, Azərbaycan-Özbəkistan əlaqələrinin genişlənməsi və dərinləşməsi Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında sülhün və sabitliyin möhkəmlənməsinə xidmət etməkdədir. Bu baxımdan biz iqtisadi-ticari, humanitar və  təhlükəsizlik sahələrində qarşılıqlı faydalı əməkdaşlığımızın ardıcıl şəkildə inkişaf etdirilməsində maraqlıyıq.

    Azərbaycan və Özbəkistan xalqlarının tarixi və mədəni bağlılıqları mədəniyyət və incəsənət, elm və təhsil, gənclər və idman sahələrində əlaqələrimizin inkişafında da xüsusi rol oynayır.

    Daşkənd şəhərindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin iki ölkə arasında humanitar əlaqələrin inkişafında mühüm rol oynadığını da vurğulamaq istərdim. Bu baxımdan bir sıra əsərlərimizin, xüsusilə, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin "Xəmsə"sinin özbək dilinə tərcümə edilərək nəşr olunması təqdirəlayiqdir.

    İkitərəfli müstəvidə uğurla inkişaf edən əməkdaşlıq münasibətlərimizlə yanaşı  ölkələrimiz beynəlxalq təşkilatlarda da fəal qarşılıqlı dəstək nümayiş etdirirlər. Beynəlxalq təşkilatlarda, ilk növbədə Birləşmiş Millətlər Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında bir-birimizi həmişə dəstəkləyirik.

    Xüsusilə vurğulamaq istərdim ki, Özbəkistanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın beynəlxalq hüquq normalarına, dövlətlərin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanan haqlı mövqeyinə nümayiş etdirdiyi dəstəyi yüksək qiymətləndiririk.

    Bir daha əmin olduğumu bildirirəm ki, ölkələrimiz arasındakı tarixi ənənəvi qardaşlıq və dostluq münasibətləri sağlam təməllər üzərində daim inkişaf etdiriləcəkdir.

    Sonda bir daha Özbəkistan xalqını və Hökumətini bu əlamətdar gün münasibətilə təbrik edir, dost və qardaş Özbəkistan xalqına sülh, tərəqqi və firavanlıq arzulayıram.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018