Azərbaycan-Gürcüstan münasibətləri dinamik sürətlə inkişaf edir

İyunun 1-də Azərbaycanın Baş naziri Artur Rasi-zadə Gürcüstan hökumətinin başçısı Nika Gilauri ilə görüşmüşdür. Hökumət başçılarının təkbətək görüşündən sonra geniş tərkibdə görüş olmuşdur.

Artur Rasi-zadə qeyd etmişdir ki, strateji tərəfdaşlıq səviyyəsində olan Azərbaycan-Gürcüstan münasibətləri bütün istiqamətlər üzrə fəal inkişaf edir. Artur Rasi-zadə iki ölkə arasında xüsusilə ticarət sahəsində əlaqələri yüksək qiymətləndirmiş və demişdir ki, münasibətlərimizin belə yüksək səviyyəyə çatmasında dövlətlərimizin başçılarının mühüm rolu olmuşdur. Azərbaycan hökumətinin başçısı ikitərəfli əlaqələrin inkişafının regionun ümumi vəziyyətinə də müsbət təsir göstərdiyini vurğulamışdır.

Baş nazir vəzifəsində Azərbaycana ilk dəfə səfər etdiyini vurğulayan Gürcüstan hökumətinin başçısı Nika Gilauri isə ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirmişdir. Nika Gilauri ölkələrimiz arasında ələqələrdən razı qaldığını söyləyərək, ən çətin məqamlarda Azərbaycanın Gürcüstana hər zaman yardım etdiyini xatırlatmışdır. Gürcüstan hökumətinin başçısı Azərbaycanın Gürcüstan iqtisadiyyatına sərmayə qoymaqla yanaşı, bu ölkə ilə birlikdə energetika, nəqliyyat və digər sahələrdə beynəlxalq miqyaslı layihələr həyata keçirdiyini vurğulamışdır. Nika Gilauri Azərbaycan-Gürcüstan əlaqələrinin, birgə həyata keçirilən iri regional layihələrin nəinki region, həm də bütün Avropa üçün böyük əhəmiyyətə malik olduğunu diqqətə çarpdırmışdır.

AzərTAc.