Mayın 29-da Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov Bakı Ekspo Mərkəzində keçirilən  XXV yubiley Beynəlxalq Neft və Qaz sərgisində, həmçinin Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gəlmiş Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye üzrə parlament nazirinin müavini Daisaku Hirakini  qəbul edib. 

  Səmimilik şəraitində keçən görüş zamanı son illər Azərbaycanla Yaponiya arasında siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin əhəmiyyətli dərəcədə inkişaf etdiyi vurğulandı.  Yaponiya şirkətlərinin “Azəri-Çıraq-Günəşli” neft yataqlarının işlənilməsində uğurlu iştirakının bu əlaqələrin  formalaşmasına təkan verdiyini xatırladan tərəflər,   Azərbaycan Hökuməti ilə Yaponiya konsorsiumları arasında qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da intensiv davam etdiriləcəyinə əminlik bildirdilər. Bu kontekstdə Yaponiyanın Dövlət Neft-Qaz Şirkətinin (JOGMEC)  Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə (SOCAR) birgə perspektivli neft-qaz bloklarında seysmik və geoloji tədqiqatlar aparmaq niyyətində olduğu nəzərə çatdırıldı. Yaponiyalı mütəxəssislər neft-qaz laylarının kəşfiyyatı ilə yanaşı, Azərbaycanlı həmkarları ilə birgə texnoloji işlərin görülməsini və təcrübə mübadiləsinin aparılmasını da nəzərdə tuturlar.

  Yaponiyanın İNPEX və İTOÇU şirkətlərinin ölkəmizdə səmərəli fəaliyyət göstərdiyini bir daha xüsusi qeyd edən Baş nazir Novruz Məmmədov Yaponiyalı qonaqlara gələcək birgə əməkdaşlıqda uğurlar arzuladı.

  Qəbulda tərəfləri maraqlandıran bir  sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparıldı.

 Nazirlər Kabinetinin

Mətbuat Xidməti