Azərbaycanın Baş naziri Artur Rasi-zadə Türkiyənin Xarici işlər naziri ilə görüşmüşdür

Mayın 26-da Azərbaycanın Baş naziri Artur Rasi-zadə Türkiyənin Xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşmüşdür.

Baş nazir Artur Rasi-zadə Türkiyənin Xarici işlər naziri Əhməd Davudoğlunu yüksək dövlət vəzifəsinə təyin olunması münasibətilə təbrik edərək bildirmişdir ki, Azərbaycan beynəlxalq səviyyədə Türkiyənin qardaşlıq köməyini daim hiss edir.


Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini qeyd edən Əhməd Davudoğlu bildirmişdir ki, Türkiyənin Azərbaycana münasibətdə siyasəti dəyişməz olaraq qalır, Azərbaycan bizim üçün çox əzizdir. Nazir demişdir ki, Bakıya səfəri ərəfəsində keçirdiyi görüşlərdə ölkəsinin aparıcı siyasi partiyalarının liderləri də bu fikirdə olduqlarını bildirmişlər. Regiondakı münaqişələr, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi probleminə toxunan Əhməd Davudoğlu ümid etdiyini bildirmişdir ki, bu münaqişələr tezliklə dinc yolla həllini tapacaqdır.

Son vaxtlar kütləvi informasiya vasitələrində müzakirə mövzusu olan Türkiyə və Ermənistan arasında sərhədlərin açılması məsələsi ilə əlaqədar Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməyənədək belə bir qərarın qəbul edilməsinin mümkün olmayacağını bildirmişdir.


AzərTAc