Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz

qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır.

Bu soyqırım, eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.

                                                             Heydər Əliyev

 

Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı öz dədə-baba yurdlarından, tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmuşdur. Azərbaycanlıların öz doğma torpaqlarından qovulması sovet dövründə də davam etmişdir.1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunaraq, Azərbaycanın Kür-Araz ovalığında yerləşdirilmişdir. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 300 minədək azərbaycanlı ev-eşiyindən qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildə Dağlıq Qarabağ ətrafında başlayan hadisələr ermənilərin "dənizdən dənizə Böyük Ermənistan" dedikləri sərsəm ideyanı reallaşdırmaq cəhdinin növbəti mərhələsi idi. Bu hadisələr kəndlərin, şəhərlərin dağılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi.

Bütün beynəlxalq hüquq normalarına zidd olaraq, Ermənistan Dağlıq Qarabağı özünə birləşdirmək cəhdi ilə bu yolda bütün cinayət və vəhşiliklərə hazır olduğunu nümayiş etdirmişdir. XX əsrin ən qəddar cinayətlərindən olan Xocalı soyqırımı aqressiv erməni siyasətinin acı nəticəsidir. Bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ağır cinayətlərdəndir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.

Tarixdə Xocalı-Gədəbəy mədəniyyəti kimi tanınan, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirən Xocalı kurqanları, müxtəlif abidələr, məişət əşyaları bəşər  cəmiyyətinin inkişafına töhfə verən maddi mədəniyyət nümunələridir. Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv ediliməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsi ilə darmadağın edilməsi özünü “mədəni xalq” adlandıran erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı, dünya mədəniyyətinə qarşı saymazlıq hesab edilir.

1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 366-cı rus-sovet motoatıcı alayının da iştirakı ilə Xocalı şəhərinə hücuma keçdilər. Erməni vandallarının xüsusi amansızlıqla şəhərdə törətdikləri vəhşiliklər əsil soyqırım aktı idi. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu, 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca amansızlıqla qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-nin taleyi hələ də məlum deyildir.

   

Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilmişdir. Rusiyanın "Memorial" hüquq-müdafiə mərkəzinin məlumatına əsasən, dörd gün ərzində Ağdam şəhərinə Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilmiş, onlarla meyitin qeyri-insani təhqirlərə məruz qaldığı  aşkar edilmişdir. Ağdamda 181 meyitin (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizası zamanı  151 nəfərin ölümünə güllə yarasının, 20 nəfərin ölümünə qəlpə yarasının səbəb olması,10 nəfərin küt alətlə vurularaq öldürülməsi müəyyən edilmişdir. Həmçinin adamların baş dərisinin diri-diri soyulması faktı da qeydə alınmışdır.

  

Xocalı soyqırımının epizodları insanı dəhşətə gətirir. Xocalı sakini Əntiqə erməni hərbçilərinin tələb etdiyi "bu yerlər böyük Ermənistanın bir hissəsidir" sözlərini dilinə gətirmədiyinə görə ermənilər tərəfindən diri-diri yandırılmışdır. Digər Xocalı sakini Səriyyə Talıbova danışırdı ki, "4 mesxeti türkünün və 3 azərbaycanlının erməni qəbrinin üstündə  başını kəsdilər. Sonra daha 2 azərbaycanlının gözlərini çıxartdılar.".

Ermənilər sağ qalmış insanlar üzərində tamamilə təhqiredici hərəkətlər edirdilər. Onlarıın başının dərisini soyur, başlarını və bədəninin digər orqanlarını kəsir, uşaqların gözlərini çıxarır, hamilə qadınların qarnını yarırmışlar. Hücum zamanı Xocalıda istifadəsi qadağan olunmuş güllələrdən və kimyəvi silahlardan istifadə edilmişdir. Bütün bunlar müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarşı həyata keçirilən soyqırım aktı olduğunu təsdiqləyir.

Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirirlər. Bu cinayət təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivilizasiyaya, bəşəriyyətə qarşı yönəldilmiş vandalizm hadisəsidir. Sonradan Ermənistanda mühüm dövlət postları tutan Seyran Ohanyan, Serj Sarkisyan, Robert Köçəryan və digərləri Xocalı soyqırımının günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər.