Aprelin 29-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə ölkəmizə yeni təyin olunmuş Rusiya Federasiyasının fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxini və Qətər Dövlətinin respublikamızdakı fövqəladə və səlahiyyətli səfiri Mübarək Ben Fəhd Cəsim Əl-Səni onların xahişi ilə qəbul etmişdir.


Ölkəmizdə diplomatik missiyalarına başlamaları münasibətilə qonaqları səmimi təbrik edən Baş nazir Artur Rasi-zadə səfirlərə Azərbaycandakı mövcud iqtisadi-siyasi və sosial durum, habelə Qarabağ münaqişəsi və onun həlli yolunda Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyi barədə ətraflı məlumat vermişdir. O, istər Azərbaycan-Rusiya, istərsə də Azərbaycan-Qətər dövlətləri arasındakı uğurlu diplomatik əlaqələrin, aparılan səmərəli fikir mübadilələrinin, ayrı-ayrı dövlət və özəl qurumlarının iqtisadi-humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığının əlaqələrimizin daha intensiv şəkildə inkişafına kömək edəcəyinə əminliyini bildirmişdir.


Səmimi qəbula görə Azərbaycanın Baş nazirinə təşəkkürlərini bildirən Rusiya Federasiyasının və Qətər Dövlətinin səfirləri ölkəmizlə münasibətlərə böyük əhəmiyyət verdiklərini vurğulayaraq, regionda lider dövlətə çevrilmiş Azərbaycanla əlaqələrin daha da fəallaşdırılması istiqamətində çalışacaqlarını bildirmişlər.


Qəbulda tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.


Nazirlər Kabinetinin Mətbuat Xidməti