Martın 2-də Azərbaycanın Baş naziri Artur Rasi-zadə ölkəmizdə səfərdə olan Acarıstan Muxtar Respublikası hökumətinin başçısı Levon Varşalomidze ilə görüşmüşdür.


Azərbaycanın Baş naziri Artur Rasi-zadə bildirmişdir ki, Gürcüstan Azərbaycanın strateji tərəfdaşıdır. Azərbaycan-Gürcüstan ikitərəfli münasibətlərinin genişləndirilməsi baxımından Acarıstan Muxtar Respublikası ilə iqtisadi əlaqələr böyük əhəmiyyətə malikdir. Azərbaycan Gürcüstan iqtisadiyyatına sərmayə qoymaqla yanaşı, bu ölkə və digər dövlətlərlə birlikdə energetika, nəqliyyat sahələrində və digər sahələrdə beynəlxalq miqyaslı layihələr həyata keçirir.


Muxtar respublika hökumətinin başçısı demişdir ki, səfər çərçivəsində Azərbaycanın mədəniyyət və turizm, nəqliyyat nazirliklərində, "Azərbaycan Hava Yolları" QSC-də görüşlər keçirmişdir. Bu gün Acarıstan Gürcüstanın, xüsusilə turizm sahəsində sürətlə inkişaf edən bölgəsidir. Azərbaycan muxtar respublikanın iqtisadiyyatına iri sərmayələr qoyan ölkələrdən biridir. Bu baxımdan, Bakı ilə Batumi arasında birbaşa reyslərin açılması barədə danışıqların böyük əhəmiyyəti vardır. AzərTAc.