Novruz İsmayıl oğlu Məmmədov

 1947-ci ildə anadan olmuşdur. 1964-cü ildə orta məktəbi bitirərək, Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun Avropa dilləri fakültəsinin fransız dili şöbəsinə daxil olmuşdur. 1970-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmiş və Azərbaycan Respublikası Təhsil Nazirliyinin qərarı ilə İnstitutda müəllim vəzifəsində saxlanılmışdır.

1967-1968-ci illərdə Əlcəzairdə, 1971-1973-cü illərdə Qvineyada, 1978-1981-ci illərdə yenidən Əlcəzairdə tərcüməçi, baş tərcüməçi işləmişdir.

1991-ci ildə dissertasiya işini müdafiə edərək, filologiya elmləri namizədi elmi dərəcəsini almışdır.

1992-1993-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun hazırlıq, 1993-1997-ci illərdə isə fransız dili fakültələrinin dekanı vəzifəsində işləmişdir.

1995-1997-ci illərdə Azərbaycan Respublikası Prezidentinin fransız dili üzrə tərcüməçisi olmuş və dəfələrlə dövlət başçısını Fransaya, Avropa Şurasına səfərlərdə müşayiət etmişdir.

1997-ci ilin aprel ayında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri təyin edilmişdir.

2002-ci ilin yanvarında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ona fövqəladə və səlahiyyətli səfir rütbəsi verilmişdir.

2012-ci ilin noyabr ayında Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini təyin edilmişdir. Birinci dərəcəli dövlət müşaviridir.

2017-ci ilin may ayında Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli 8 nömrəli Sərəcamı ilə Azərbaycan Respublikasının Baş naziri təyin edilmişdir

1998-ci ildə Azərbaycan-Fransa dostluq münasibətlərinin möhkəmlənməsində xidmətlərinə görə Prezident Jak Şirak tərəfindən Fransanın Fəxri Legion Ordeni ilə təltif olunmuşdur.

2005-ci ilin sentyabrından YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvüdür.

2007-ci ilin mart ayında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir.

2009-cu ildə Polşa Prezidenti Lex Kaçinskinin sərəncamı ilə Azərbaycan-Polşa münasibətlərinin inkişafı sahəsindəki xidmətlərinə görə Polşanın Fəxri Legion Ordeni ilə təltif olunmuşdur.

2017-ci il 13 mart  tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Şərəf' ordeni ilə təltif edilmişdir.

İşlədiyi müddətdə Azərbaycan Respublikası Prezidentinin xarici ölkələrə səfərlərində, müxtəlif sammit, beynəlxalq forum və konfranslarda Azərbaycanın rəsmi nümayəndə heyətinin üzvü olmuş, ikitərəfli və çoxtərəfli danışıqlarda iştirak etmişdir.

IX sinif üçün fransız dili dərsliyinin ("Le Français", 1994), "Fransız dilinin praktik fonetikası" (1997), "Geosiyasətə giriş" (iki cilddə, 2011), “Xarici Siyasətin Azərbaycan Modeli” (2012), "Xarici siyasət: reallıqlar və gələcəyə baxış" (2013), “Dış Politika: Gerçeklikler ve Geleceğe Bakış” (2015) və başqa kitabların, elmi, ictimai və siyasi mövzularda 150-dən artıq məqalənin müəllifidir.

Rəhbərlik etdiyi və redaktoru olduğu nəşrlər: “Diplomatiya: ensiklopedik lüğət” (2005, redaktor), “Qlobal Siyasət: Təhdidlər, çağırışlar, ümidlər” (2013, redaktor), “Кто прав тот и сильнее?” (2013, redaktor), “Müasir beynəlxalq münasibətlər sistemi: Newtimes.az-ın baxış bucağı” (2014, redaktor), “Günümüz Jeosiyasi Süreçlerinin Perde Arkası” (2015, redaktor), “Müstəqil Azərbaycanın 25 ili Səfirlərin gözü ilə” (2016, ideya müəllifi).

N.Məmmədov, həmçinin bir neçə kitabı tərcümə etmişdir: “Правда o тeppope: армянский терроризм - истоки и причины” (2000, rus dilinə), Piyer Qamarra - "L'Assassin a le prix Goncourt" 1963 (Azərbaycan dilinə, 2010), Philippe Braillard, Mohammad Reza Djalili "Les relations internationales". 1997. (azərbaycan dilinə, 2010).

Azərbaycan Dillər Universitetinin fransız dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiridir.

 Azərbaycan, fransız, rus, ingilis və türk dillərini mükəmməl bilir.

Evlidir. Üç övladı və nəvələri var.