Aprelin 3-də Azərbaycan Respublikasınn Baş naziri Artur Rasi-zadə ölkəmizdə səfərdə olan Belarus Respublikası Baş nazirinin müavini, Azərbaycan-Belarus hökumətlərarası komissiyasının həmsədri  Vladimir Semaşkonun rəhbərliyi ilə nümayəndə heyətini qəbul  etmişdir.

    Səmimilik şəraitində keçən qəbul zamanı hər iki ölkə arasında siyasi, iqtisadi,    mədəni-humanitar sahələrdə əlaqələrin yüksək səviyyədə olduğu və qarşılıqlı faydalı əməkdaşlığımızın daha da genişləndirilməsi üçün böyük potensialın mövcudluğu qeyd edildi. Bildirildi ki, ölkə rəhbərlərinin qarşılıqlı səfərləri zamanı əldə olunan razılaşmalar və imzalanan sənədlər əlaqələrimizin inkişafını və birgə layihələrin uğurla həyata keçirilməsini təmin edən amillərdəndir.

    Bu baxımdan dövlət başçısı İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş prioritetlərdə göstərilən tədbirlər planına, habelə respublikada kənd təsərrüfatının inkişafı ilə bağlı digər Sərəncam və göstərişlərinə uyğun olaraq, Gəncə Avtomobil zavodu ilə Minsk Traktor zavodu arasında müştərək müəssisənin yaradılması mühüm əhəmiyyət kəsb edir. Bu gün artıq Gəncə Avtomobil zavodunun nəzdində fəaliyyət göstərən həmin müəssisədə 10 mininci traktorun yığılıb təhvil verilməsi münasibətilə Belaruslu qonaqların da iştirakı ilə təntənəli tədbirin keçirilməsi bu əməkdaşlığın uğurlu nəticəsi kimi qiymətləndirildi.

  Azərbaycanlı fermerlərə ən yaxşı hədiyyə olan həmin  traktorların eyni zamanda regionun digər ölkələrinə də ixracının mümkünlüyünü müzakirə edən tərəflər, ölkələrimiz arasında  ticarət dövriyyəsinin daha da artırılmasının, qeyri-neft sektorunda, xüsusən maşınqayırma, nəqliyyat, tikinti, ərzaq, kənd təsərrüfatı və digər istiqamətlərdə birgə əlaqələrin genişləndirməsi üçün ardıcıl məsləhətləşmələrin və təcrübə mübadiləsi keçirməyin zəruriliyini vurğuladılar.

 Qəbulda  Azərbaycan-Belarus əməkdaşlığının intensiv davam etdirilməsi üçün  qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi  oldu.

 

Nazirlər Kabinetinin

Mətbuat Xidməti