Fevralın 21-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri, general-mayor Əmir Hatəminin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir. 

 Azərbaycanla İran arasında mövcud iqtisadi-mədəni əlaqələrdən söz açan Baş nazir Artur Rasi-zadə, iki ölkə rəsmilərinin qarşılıqlı səfərlərinin dövlətlərarası münasibətlərdə mühüm əhəmiyyət kəsb etdiyini bildirdi. Müxtəlif istiqamətlər üzrə faydalı əməkdaşlıq üçün geniş imkanların olduğunu xatırladan Baş nazir, xüsusən, kənd təsərrüfatı, ticarət, enerji, nəqliyyat, loqistika, turizm və humanitar sferalarda birgə layihələrin səmərəliliyini vurğuladı.

Daha sonra İranlı qonaq nümayəndə heyətinin səfər müddətində  keçirdiyi görüşlər və hərbi-texniki məsələlərə dair apardığı danışıqlar barədə Azərbaycanın Baş nazirinə ətraflı məlumat verdi.  

 Söhbət zamanı beynəlxalq və regional təhlükəsizlik baxımından separatizm,  ekstremizm və terrorçuluqla mübarizəni daha da gücləndirməyin zəruriliyini önə çəkən Baş nazir Artur Rasi-zadə həmçinin bu kontekstdə qonaqların diqqətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəltdi. Xocalı soyqırımının ağır nəticələrini xatırladan Baş nazir Ermənistanın qeyri-konstruktiv, perspektivsiz siyasət apardığını nəzərə çatdırdı və mövcud münaqişənin yalnız beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyini vurğuladı.

Öz növbəsində İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri Əmir Hatəmi bildirdi ki, İran beynəlxalq  səviyyədə qəbul olunmuş sərhədlərin toxunulmazlığı və Azərbaycanın ərazi bütövlüyü prinsiplərini dəstəkləyir.     

 Qəbulda qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında fikir mübadiləsi oldu. 

  Nazirlər Kabinetinin

  Mətbuat xidməti