Nazirlər Kabinetinin 2018-ci il üzrə illik iş planı təsdiq edildi

Noyabrın 30-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadənin sədrliyi ilə Nazirlər Kabinetinin növbəti il üçün iş planının müzakirəsinə həsr olunmuş geniş iclası keçirilmişdir. 

İclasda Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni iş qaydasına əsasən, Nazirlər Kabinetinin Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş və Azərbaycan Respublikası Prezidentinin aktları ilə ona həvalə olunmuş səlahiyyətlərin icrası və digər tədbirlərin həyata keçirilməsi üçün  növbəti  ildə görüləcək işlərin qabaqcadan planlaşdırıldığı vurğulandı. 

Bu məqsədlə iclasda növbəti  il üçün Nazirlər Kabinetinin iş planına daxil olan təkliflərə baxılaraq müzakirə edildi və Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Nazirlər Kabinetinin  iş qaydası”nın müvafiq bəndinə əsasən,  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il üzrə illik iş planının təsdiq edilməsi barədə qərar qəbul edildi.   

 Nazirlər Kabinetinin

Mətbuat Xidməti