Dekabrın 4-də Tbilisidə iqtisadi məsələlər üzrə Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyanın 5-ci iclası keçirilmişdir. İclasın işində Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadənin rəhbərliyi ilə geniş tərkibdə nümayəndə heyəti iştirak etmişdir.
Azərbaycanın Baş naziri Artur Rasi-zadə ilə Gürcüstanın Baş naziri Qriqol Mqalobilişvilinin təkbətək görüşündən sonra iclas geniş tərkibdə öz işini davam etdirmişdir. Baş nazir Qriqol Mqalobilişvili iclas iştirakçılarını salamlamış, Azərbaycan-Gürcüstan münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulamışdır. Baş nazir Artur Rasi-zadə Azərbaycan ilə Gürcüstanın əlaqələrinin çox yüksək qiymətləndirildiyini qeyd etmiş və əmin olduğunu bildirmişdir ki, indən sonra da hər iki tərəf münasibətlərin inkişafı istiqamətində əməli tədbirlər görəcəkdir.
Azərbaycan hökumətinin başçısı demişdir ki, əlaqələrimizin qədim tarixi vardır və çoxlarına nümunə ola bilər. Azərbaycan bir çox ölkələrlə iqtisadi əməkdaşlıq komissiyaları yaratmışdır və onlar səmərəli fəaliyyət göstərir. Həmin komissiyalara baş nazirin müavinləri, nazirlər rəhbərlik edirlər. Gürcüstan-Azərbaycan hökumətlərarası komissiyaya isə hər iki tərəfdən baş nazirlər rəhbərlik edirlər. Bu, təsadüfi deyildir. Biz fəaliyyətimizi elə qurmalıyıq ki, başqa komissiyalara nümunə olsun. Bildiyimə görə, Baş nazir kimi siz hələ Azərbaycanda olmamısınız. Mən sizi Bakıya səfərə dəvət edirəm. Münasib bildiyiniz vaxtda sizi Azərbaycanda görməkdən çox şad olardım.
Sonra komissiyanın iclası qapalı davam etdirildi.
İclas başa çatandan sonra Baş nazirlər birgə mətbuat konfransı keçirdilər.
Gürcüstanın baş naziri Qriqol Mqalobilişvili dedi: "Mən bizim dost və qardaş ölkənin Baş nazirini və rəhbərlik etdiyi nümayəndə heyətini salamlamaqdan məmnunam. Komissiya üzvlərinə səmərəli fəaliyyətə görə təşəkkür edirəm. Hökumətlərarası iqtisadi komissiyanın 5-ci iclasının protokolu ölkələrimiz arasında münasibətlərin geniş sahələrini əhatə edir və onun gələcək inkişafına əsas yaradır".
Sonra Gürcüstanın Baş naziri Azərbaycan hökumətinin Baş naziri Artur Rasi-zadəyə türk dilində müraciət edərək sözü ona verdi.
Baş nazir Artur Rasi-zadə gürcüstanlı həmkarına yüksək qonaqpərvərliyə görə təşəkkür edib dedi: "Biz ikitərəfli münasibətlər barədə ətraflı müzakirələr apardıq. Bir daha qeyd etmək istərdim ki, Azərbaycan-Gürcüstan əlaqələri çox yüksək səviyyədədir və hazırlanmış sənəddə bu əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində çoxlu təkliflər və rəylər əksini tapıb. Əminəm ki, onların həyata keçirilməsi ölkələrimiz arasında əlaqələrin daha da yüksəlməsinə şərait yaradacaqdır".
Baş nazirlər Azərbaycanın və Gürcüstanın iştirakı ilə həyata keçirilən regional enerji və nəqliyyat layihələri barədə jurnalistlərin suallarını cavablandırdılar.
Sonra Azərbaycanın Baş naziri Artur Rasi-zadənın rəhbərlik etdiyi nümayəndə heyəti ulu öndər Heydər Əliyevin Tbilisi şəhərindəki büstü önünə əklillər qoydu.
Tədbirlərdə Azərbaycanın Gürcüstandakı səlahiyyətli səfiri Namiq Əliyev iştirak etmişdir.
Azərbaycan nümayəndə heyəti dekabrın 4-də Vətənə qayıtmışdır.


AzərTAc


5 dekabr 2008