Baş nazir Artur Rasi-zadənin rəhbərliyi ilə Azərbaycanın hökumət nümayəndə heyəti MDB ölkələri Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün noyabrın 13-də Moldova paytaxtına gəlmişdir.
"Kişineu" beynəlxalq hava limanında Azərbaycan hökumətinin başçısı A.Rasi-zadəni və nümayəndə heyətinin üzvlərini Moldova Baş nazirinin müavini Andrey Stratan və digər rəsmi şəxslər qarşılamışlar.

Noyabrın 14-də səhər Kişinyovda, Moldova Prezidentinin rəsmi iqamətgahında dövlət başçısı Vladimir Voronin Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün Moldova paytaxtına gəlmiş hökumət nümayəndə heyətlərinin başçıları ilə görüşmüşdür.
Moldova dövlətinin başçısı MDB ölkələrinin hökumət rəhbərlərini səmimiyyətlə salamlamış və Kişinyov sammitinin işinin uğurlu olacağına ümid etdiyini bildirmişdir. Vladimir Voronin görüşün gündəliyinə daxil edilmiş məsələlərin vacibliyini vurğulayaraq qeyd etmişdir ki, bu məsələlərin ən vacibləri iqtisadi xarakter daşıyır.
Sonra iqamətgahın "Ağ salon"unda MDB Hökumət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilmişdir. MDB İcraiyyə Komitəsinin sədri - icraçı katib Sergey Lebedev və Moldovanın Baş naziri Zinaida Qreçanaya hökumət nümayəndə heyətlərinin başçılarını səmimiyyətlə salamlamışlar.
Daha sonra Kişinyovdakı Respublika Sarayının Böyük salonunda Şuranın geniş tərkibdə iclası başlanmışdır. İclası Birliyin Hökumət Başçıları Şurasının sədri, Belarus Respublikasının Baş naziri Sergey Sidorski açmışdır.
Hökumət başçıları 30-a yaxın sənəd və qərarı müzakirə etmişlər. Görüşün əsas yekunlarından biri 2020-ci ilə qədər olan dövr üçün MDB-nin İqtisadi İnkişaf Strategiyasının imzalanması olmuşdur. Bu sənəddə Birlik ölkələrinin iqtisadi inkişafının məqsədləri, vəzifələri və mərhələləri, eləcə də iqtisadi əməkdaşlığın əsas sahələri müəyyən edilir.
Birliyin hökumət başçıları 2020-ci ilə qədər olan dövr üçün nəqliyyat sahəsində əməkdaşlığın üstün istiqamətləri ilə bağlı bir sıra sənədləri, əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqi statusu haqqında konvensiyanı imzalamış, İqtisadi Şuraya dünya böhranına qarşı mübarizə üzrə əlavə tədbirlər kompleksini işləyib hazırlamaq barədə tapşırıqlar vermiş, 2009-cu ildə Aşqabadda kənd təsərrüfatı forumu keçirilməsi təklifini bəyənmişlər. Azərbaycan öz milli maraqlarını və ölkə qanunvericiliyinə müvafiqlik prinsipini əsas tutaraq, bəzi sənədləri imzalamamışdır.
MDB Hökumət Başçıları Şurasının növbəti iclasının 2009-cu il may ayında Astanada keçirilməsi qərara alınmışdır.
İclas başa çatandan sonra keçirilmiş mətbuat konfransında elan edilmişdir ki, 2009-cu il yanvarın 1-dən etibarən MDB-nin nizamnamə orqanlarında, o cümlədən Hökumət Başçıları Şurasında sədrliyi Moldova Respublikası həyata keçirəcəkdir.

İclas çərçivəsində Azərbaycanın Baş naziri Artur Rasi-zadə və Ukrayna hökumətinin başçısı Yuliya Timoşenko arasında təkbətək görüş olmuşdur. Söhbətdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilmişdir.
 
Noyabrın 14-də Baş nazir Artur Rasi-zadənin rəhbərliyi ilə Azərbaycanın hökumət nümayəndə heyəti Vətənə qayıtmışdır. AzərTAc