Nazirlər Kabinetində qəbul


Sentyabrın 26-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə Heydər Əliyev Fondunun, Gənclər və İdman  Nazirliyinin təşkilatçılığı ilə Bakıda keçirilən Dünya gənclərinin IV məşğulluq sammitinin (YES) işində iştirak etmək üçün ölkəmizə gəlmiş İraq Respublikasının Gənclər və İdman naziri Casim Məhəmməd Cəfəri qəbul etmişdir.

Səmimi qəbula görə Azərbaycanın Baş nazirinə təşəkkür edən Casim Məhəmməd Cəfər bölgənin ən inkişaf etmiş ölkələrindən biri olan Azərbaycana səfərindən məmnun qaldığını bildirərək,  Bakı sammitinin yüksək səviyyədə təşkil olunduğunu vurğuladı. O, demokratik dövlət quruculuğu yolları ilə inkişaf etməkdə olan İraq Respublikasının infrastrukturun bərpasında, habelə neft-qaz sənayesinin, humanitar sferaların, elm, təhsil, mədəniyyət qurumlarının dirçəldilməsində Azərbaycanın köməyinə böyük ehtiyacı olduğunu, iqtisadiyyat sahəsində respublikamızın topladığı zəngin təcrübədən İraq xalqının da yararlanmasının faydalı olacağını nəzərə çatdırdı. Qonaq bu məqsədlə  İraqın Baş naziri Nuri Əl Malikinin Azərbaycanın Baş nazirinə ünvanladığı müraciətin mətnini Artur Rasi-zadəyə təqdim etməkdən şərəf duyduğunu bildirdi.

Baş nazir Artur Rasi-zadə ölkəmizin böyük məmnuniyyətlə dost İraq Respublikası ilə əlaqələri genişləndirməyə, onun dirçəlişi üçün hərtərəfli köməklik göstərməyə, xüsusilə neft-qaz sahələrində təcrübə mübadiləsinin aparılmasına, müxtəlif istehsal sahələrinə investisiya qoyuluşuna, habelə mədəni-humanitar sferada əməkdaşlığa hazır olduğunu qonağın nəzərinə çatdırdı. Baş nazir bütün bu irimiqyaslı işlərin həyata keçirilməsi üçün hər iki ölkənin müvafiq qurumları arasında əlaqələrin  genişləndirilməsinin vacibliyini vurğuladı.

Qəbulda tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı. 


* * *


Sentyabrın 26-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə İnşaat fəaliyyəti sahəsində əməkdaşlıq üzrə MDB dövlətləri Hökumətlərarası Şurasının Bakıda keçirilən XXVI iclasında iştirak edən nümayəndə heyətlərinin rəhbərlərini qəbul etmişdir.

Qonaqları səmimi salamlayan Baş nazir Artur Rasi-zadə Azərbaycanla MDB-nin digər üzv dövlətləri arasındakı əməkdaşlığın və qarşılıqlı faydalı əlaqələrin bir çox sahələr üzrə inkişaf etdiyini, o cümlədən, inşaat sektorunda da belə əlaqələrin genişləndirilməsinin zəruriliyini vurğuladı. Sonra ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi durumu barədə qonaqlara məlumat verən Baş nazir dedi ki, qlobal enerji və nəqliyyat layihələrinin reallaşdırılması iqtisadiyyatımızın sürətli inkişafına, müxtəlif yönlü sosial proqramların uğurla həyata keçirilməsinə imkan yaradır.  

Respublikamızın qarşısında duran ən böyük problem kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsini xatırladan Baş nazir Artur Rasi-zadə, Azərbaycan tərəfinin məsələni beynəlxalq hüquq müstəvisində nizama salınmasına çalışsa da, Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən münaqişənin hələlik həll edilməmiş qaldığını bildirdi.  

Sonda Azərbaycanın Baş naziri qonaqlara öz işlərində müvəffəqiyyətlər arzuladı.               

Nümayəndə heyətinin üzvləri çıxış edərək, Şuranın iclasında müzakirə olunan məsələlərin  inşaat və mənzil-kommunal təsərrüfatı sahəsində bütün MDB dövlətləri üçün əhəmiyyət kəsb edəcəyinə əminliklərini ifadə etdilər. Qeyd olundu ki, tikinti işlərinin təşkilində belə təcrübə mübadilələri həmişə səmərəli nəticələr verir. Görüşün sonunda Şuranın Bakı iclasının yüksək səviyyədə hazırlanmasına və göstərilən qonaqpərvərliyə görə nümayəndələr Azərbaycan hökumətinə təşəkkür etdilər.


                 Nazirlər Kabinetinin

                 Mətbuat Xidməti