Nazirlər Kabinetində 2009-cu ilin Dövlət Büdcəsi haqqinda Qanun layihəsi müzakirə edilmişdir

Sentyabrın 23-də Azərbaycan Respublikasının Nazirlər Kabinetində Baş nazir Artur Rasi-zadənin sədrliyi ilə 2009-cu il və sonrakı üç il üçün dövlət büdcəsinin və icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2009-cu il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası müzakirə edilmiş, həmin dövr üçün proqnoz göstəriciləri dinlənilmişdir.
Maliyyə naziri Samir Şərifov büdcə layihəsinin əsas parametrləri barədə məlumat verərək demişdir ki, 2009-cu il üçün dövlət büdcəsinin layihəsi respublika rəhbərliyinin iqtisadi və siyasi xəttinin davamı olan ortamüddətli maliyyə siyasətinə, onun tərkib hissəsi olan ölkənin inkişaf konsepsiyasına və proqnoz göstəricilərinə, iqtisadiyyatın qeyri-neft sektorunun, sahibkarlığın inkişaf etdirilməsi, dövlətin müdafiə potensialının artırılması, informasiya, enerji, nəqliyyat və ərzaq təhlükəsizliyinin təmin edilməsi üzrə müvafiq dövlət proqramlarına, tədbirlərə və digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanmışdır.

Layihə hazırlanarkən büdcə xərclərinin sosial və investisiya yönümlülüyünə dair müəyyən olunmuş prioritetlər əsas götürülməklə, neft sektorundan yüksək gəlirlilik əldə edildiyi orta və uzunmüddətli perspektivdə vəsaitlərdən maksimum səmərə ilə istifadə olunmasına, maliyyə intizamının gücləndirilməsi və şəffaflığın təmin edilməsinə, qeyri-neft sektorunun dayanıqlı inkişaf tempinə, ölkənin makroiqtisadi vəziyyətinin sabit saxlanılmasına, inflyasiya təzyiqlərinin mümkün qədər azaldılmasına, ölkə iqtisadiyyatının idarə olunması və onun dinamik inkişafının stimullaşdırılmasına üstünlük verilmişdir.

Ölkə iqtisadiyyatının inkişafı və vergi qanunvericiliyinin tətbiqi istiqamətində təsirli tədbirlərin görülməsi nəticəsində gələn il dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun (ÜDM) 27,9 faiz həcmində və yaxud 2008-ci ilin proqnozuna nisbətən 2,4 faiz çox olacaqdır. Büdcənin gəlirləri 2008-ci il üçün olan proqnozdan 16,1 faiz çox, yəni 12 milyard 177 milyon manat nəzərdə tutulmuşdur.

Proqnoza görə 2009-cu il üçün ÜDM-in istehsalı 43,6 milyard manata, orta aylıq əmək haqqı isə 353,3 manata çatacaqdır. 2009-cu il dövlət büdcəsinin xərcləri ÜDM-in 28,3 faizi həcmində (2008-ci illə müqayisədə 1,4 faiz çox) - 12 milyard 355 milyon manat proqnozlaşdırılır ki, bu da cari ilə nisbətən 1 milyard 294,4 milyon manat və ya 11,7 faiz çoxdur.

Bildirilmişdir ki, gələn ilin dövlət büdcəsinin xərclərində cari xərclər 6 milyard 655,5 milyon manat və ya xərclərin 53,9 faizi həcmində, əsaslı xərclər 5 milyard 609,4 milyon manat və ya xərclərin 45,4 faizi həcmində, kreditlərin qaytarılması və faiz ödənişləri ilə bağlı xərclər 90,1 milyon manat və ya xərclərin 0,7 faizi həcmində olacaqdır.

Sosialyönümlü xərclərin büdcədəki xüsusi çəkisi 33 faiz olmaqla cari illə müqayisədə 790 milyon manat və ya 24,4 faiz artacaqdır.

Maliyyə naziri onu da vurğulamışdır ki, ölkənin müəyyən edilmiş strateji iqtisadi siyasətinə uyğun olaraq, 2009-cu ildə sosial müdafiə və sosial təminat xərclərinin, o cümlədən əhalinin yoxsulluq səviyyəsinin azaldılmasında müstəsna əhəmiyyəti olan minimum əmək haqqının, yaşa görə əmək pensiyalarının baza hissəsinin, sosial müavinətlərin və digər sosial təyinatlı xərclərin, tələbələrin və aspirantların təqaüdlərinin sabit şəkildə maliyyələşdirilməsi, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə əmək haqqı sisteminin təkmilləşdirilməsi, pensiya sistemlərində islahatların sürətləndirilməsi qarşıya məqsəd kimi qoyulmuşdur.

Gələn il dövlət büdcəsində konkret sahələr, proqramlar, tədbirlər üçün nəzərdə tutulmuş xərclər haqqında da məlumat verən S.Şərifov bildirmişdir ki, 2009-cu il üçün icmal büdcənin gəlirləri 22 milyard 680,1 milyon manat, xərcləri isə 14 milyard 758 milyon manat proqnozlaşdırılır.
İqtisadi inkişaf naziri Heydər Babayev 2008-ci ilin səkkiz ayına olan iqtisadi göstəricilər barədə məlumat vermiş, gələn il üçün proqnoz göstəricilərindən danışmışdır. Bildirilmişdir ki, 2009-cu ildə ÜDM-in artım sürətinin 18,9 faiz təşkil edəcəyi proqnozlaşdırılır. Adambaşına düşən ÜDM-in həcminin gələn il 6300,8 ABŞ dolları, 2012-ci ildə isə 2007-ci ilə nisbətən təxminən 2 dəfə artaraq, 7143 dollar təşkil edəcəyi nəzərdə tutulur. Neft sektorunda artımın 24,4 faiz, qeyri-neft sektorunda isə 10,5 faiz olacağı proqnozlaşdırılır. 2009-cu ildə ölkə iqtisadiyyatına 8,4 milyard manat, o cümlədən daxili mənbələr hesabına 6,5 milyard manat investisiya qoyulacaqdır.
Hökumətin bir sıra üzvləri büdcə layihəsi barədə təklif və qeydlərini bildirmişlər.

Baş nazir Artur Rasi-zadə ölkədə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə başlanmış və hazırda uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində qazanılmış nailiyyətlərdən danışmış, Azərbaycanın gələcəkdə də siyasi, iqtisadi və digər sahələrdə daha böyük uğurlar əldə edəcəyinə əminliyini bildirmişdir.

Müzakirələrin yekununa əsasən, dövlət büdcəsinin layihəsini ölkə Prezidentinə təqdim etmək qərara alınmışdır. AzərTAc