Nazirlər kabinetində görüş

Sentyabrın 8-də Azərbaycanın Baş naziri Artur Rasi-zadə ölkəmizdə səfərdə olan Özbəkistan Baş nazirinin müavini Nodirxon Xanovun başçılıq etdiyi nümayəndə heyəti üzvlərinin bir qrupu ilə görüşmüşdür.

Baş nazir Artur Rasi-zadə son illər qazanılmış nailiyyətlər, dövlətimizin xarici siyasətinin əsas istiqamətləri barədə danışaraq demişdir ki, Azərbaycan indi dünyada ən sürətlə inkişaf edən ölkələrdən biridir. Həyata keçirilən islahatlar ölkədə makroiqtisadi sabitliyin bərqərar olunmasına, ümumi daxili məhsulun (ÜDM) dinamik artımına səbəb olmuşdur. Azərbaycanda ÜDM-in artımı 2007-ci ildə 25 faiz, cari ilin ötən dövründə isə 17 faizə yaxın olmuşdur. Respublikamızda enerji daşıyıcılarının nəqli ilə bağlı regional layihələr həyata keçirilmiş, qeyri-neft sektoru, o cümlədən kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, təhsil, nəqliyyat və sair də prioritet sahələrdən birinə çevrilmiş və bunlarla bağlı müxtəlif dövlət proqramlarının icrasına başlanmışdır. Son 3 ildə Azərbaycanda 1500 məktəb binasının tikildiyi, ölkədə orta əmək haqqının 300 dollara çatdığı vurğulanmışdır.

Baş nazir Azərbaycanın Özbəkistan ilə əməkdaşlığın inkişafında maraqlı olduğunu, Özbəkistan Prezidenti İslam Kərimovun yaxın günlərdə ölkəmizə səfərinin dost dövlətlərimiz arasında iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafında yeni mərhələ açacağına əminliyini bildirmişdir.
A.Rasi-zadə qonaqları xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumatlandırmışdır. Baş nazir BMT Baş Məclisinin 62-ci sessiyası çərçivəsində qəbul olunmuş "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət" adlı qətnaməni dəstəklədiyinə görə dost Özbəkistan dövlətinin rəhbərliyinə minnətdarlığını bildirmişdir.

Özbəkistan Baş nazirinin müavini Nodirxon Xanov Artur Rasi-zadəyə Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq üzrə hökumətlərarası birgə komissiyanın sentyabrın 8-də Bakıda keçirilmiş növbəti iclasında müzakirə olunan məsələlər barədə məlumat vermiş, ölkəsinin nəqliyyat, kənd təsərrüfatı, avtomobil sənayesi, gübrə istehsalı və digər sahələrdə Azərbaycanla sıx əməkdaşlıq etməyə hazır olduğunu diqqətə çatdırmışdır.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılmışdır. AzərTAc