Nazirlər kabinetində görüş

 Avqustun 14-də Baş nazir Artur Rasi-zadə ölkəmizdə səfərdə olan Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Allan Harrisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Baş nazir Azərbaycanın son illərdəki uğurları, həyata keçirilən islahatlar, dövlətimizin xarici siyasətinin əsas istiqamətləri barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, Avropa ilə Asiya arasında körpü olan Azərbaycan inkişaf sürətinə görə dünya ölkələri arasında birincilər sırasına çıxmışdır. Respublikada enerji daşıyıcılarının nəqli ilə bağlı iri layihələr həyata keçirilmiş, ölkə daxilində infrastruktur inkişaf etdirilmişdir.
         Ölkəmizin qonşu dövlətlərlə sülh, əmin-amanlıq şəraitində yaşamaq istədiyini vurğulayan A.Rasi-zadə qonaqları xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumatlandırmışdır. O bildirmişdir ki, təcavüzkar Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından problem hələ də həllini tapmamışdır. Dünyanın aparıcı dövlətləri, beynəlxalq təşkilatlar bu məsələdə Ermənistana təsir etməli, öz sözlərini deməlidir. Bu münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq normalar əsasında həll edilməlidir.
           Baş nazir Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini, əlaqələrin daha da genişlənməsi və möhkəmlənməsində ABŞ-da yaşayan yəhudi icmasının da rolunu vurğulamışdır.
           Respublikamızda ilk dəfə səfərdə olduqlarını və Azərbaycana dost kimi gəldiklərini söyləyən Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Allan Harris qurumun fəaliyyəti barədə qısa məlumat vermişdir.
           Qonaq Azərbaycanda müxtəlif dinlərin dinc yanaşı fəaliyyət göstərməsindən, buradakı yəhudi icması üçün də hər cür şəraitin olmasından məmnunluğunu söyləmişdir. ABŞ-ın Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi hesab etdiyini deyən Devid Allan Harris münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı olduğunu bildirmişdir.
Görüşdə bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

AzərTAc