İyulun 31-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə ölkəmizdə səfərdə olan Belarus Respublikasının Səhiyyə naziri Vasili Jarkonu qəbul etmişdir.

           Görüşdə Azərbaycanla Belarusun dövlət və hökumət başçılarının qarşılıqlı rəsmi səfərləri zamanı əldə olunmuş razılaşmalardan sonra iqtisadiyyatın bir çox sahələrində səmərəli əməkdaşlığın əsasının qoyulduğu xüsusi vurğulanmışdır. Bu baxımdan Belarusun Səhiyyə nazirinin səfəri çərçivəsində hər iki ölkənin Səhiyyə nazirlikləri arasında bağlanmış  Əməkdaşlıq Sazişinin də  müsbət nəticələr verəcəyinə əminlik bildirilmişdir.    


            Səfər zamanı Azərbaycanın Səhiyyə nazirliyinin rəhbərliyi ilə görüşərək qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apardığını deyən Vasili Jarko xatırlatmışdır ki, son illər Belarusda bir çox nailiyyətlərin qazanılması ölkənin inkişafına səbəb olmuşdur. Xüsusən, əhalinin sağlamlığının qorunması sahəsindəki uğurlara toxunan qonaq Belarusda müasir avadanlıqlarla təchiz edilmiş səhiyyə ocaqlarının mövcudluğunu, mürəkkəb əməliyyatlar aparıldığını, o cümlədən ürək-damar xəstəlikləri, ətraf oynaqların müalicəsi və bərpası sahəsində müsbət nəticələr əldə edildiyini nəzərə çatdırdı. O bütün bu nailiyyətləri  Azərbaycanlı həmkarları ilə də bölüşməyə hazır olduğunu bildirdi.


            Səhiyyədə aparılan islahatlara toxunarkən Baş nazir Artur Rasi-zadə ölkə rəhbərliyinin bu sahəyə daim diqqət yetirdiyini, ölkəmizdə son illərdə yeni səhiyyə obyektlərinin tikilib istifadəyə verildiyini, yüksək ixtisaslı həkim kadrlarının hazırlandığını qeyd etdi. Sonra qonağın irəli sürdüyü təkliflərin Azərbaycanda geniş maraq doğuracağını vurğulayan Baş nazir səhiyyə nazirlikləri arasında əlaqələrin daha da genişləndirilməsi, irəli sürülən təkliflərin öyrənilərək reallaşdırılması üçün müvafiq tapşırıqlar verdi.



Nazirlər Kabinetinin

Mətbuat Xidməti