Aprelin 28-də Azərbaycanın Baş naziri Artur Rasi-zadə Avropa Şurası Nazirlər Komitəsinin sədri, Slovakiyanın xarici işlər naziri Yan Kubişin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Slovakiya xarici siyasət idarəsinin başçısı bildirmişdir ki, onun ölkəsinin iqtisadiyyatı yaxşı sürətlə inkişaf edir. Slovakiya ÜDM-in artım sürətinə və xarici sərmayələrin həcminə görə Avropada öncül yerlərdən birini tutur. O, həmçinin Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkənin artan rolunu vurğulamışdır. Lakin Slovakiya nazirinin sözlərinə görə, ikitərəfli münasibətlər iki ölkənin iqtisadi potensialına cavab vermir. Sıx iqtisadi əlaqələrin yaradılmasına nazirlik və idarələrin nümayəndə heyətlərinin, özəl biznes təmsilçilərinin qarşılıqlı səfərləri kömək edə bilər.

Baş nazir Artur Rasi-zadə ölkədə iqtisadi vəziyyət, həyata keçirilən qlobal energetika və nəqliyyat layihələri barədə qonaqlara məlumat verərək bildirmişdir ki, hüquqi və qanunvericilik bazalarının olmaması Azərbaycan ilə Slovakiya arasında iqtisadi münasibətlərin inkişafına maneə yaradır. Biznes forumlarının keçirilməsi, birbaşa əlaqələrin yaradılması bir çox istiqamətlərdə qarşılıqlı surətdə faydalı əməkdaşlığın inkişafına yaxşı təkan verə bilər.

Qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən Baş nazir, bir sıra beynəlxalq təşkilatların bu problemin həllinə ikili standartlarla yanaşdığını vurğulamışdır. AzərTAc