Aprelin 29-da Azərbaycanın Baş naziri Artur Rasi-zadə Norveçin xarici işlər naziri Yonas Qar Störenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Azərbaycan-Norveç əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayan Azərbaycan hökumətinin başçısı ümid etdiyini bildirdi ki, Norveç nümayəndə heyətinin səfəri ölkələrimizin ikitərəfli münasibətlərinin inkişafına təkan verəcəkdir. Norveç şirkətləri Azərbaycanda yanacaq-energetika, humanitar sahələrdə müxtəlif layihələrdə fəal iştirak edirlər.

Azərbaycan iqtisadiyyatının dinamik inkişafından danışan Artur Rasi-zadə dedi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi ölkəmiz üçün əsas problem olaraq qalır. Bir sıra ölkələr həmin məsələyə ikili standartlarla yanaşırlar.

orveçin xarici işlər naziri vurğuladı ki, onun ölkəsi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarlığı ilə birlikdə qaçqınların və məcburi köçkünlərin həyatının yaxşılaşdırılmasına yönəldilmiş layihənin reallaşdırılmasını davam etdirəcəkdir.

Cənab Stören Norveçin Azərbaycan ilə əlaqələri genişləndirməkdə maraqlı olduğunu qeyd edərək bildirdi ki, Norveç Azərbaycanda demokratik islahatların həyata keçirilməsini, qeyri-hökumət təşkilatları ilə əlaqədar bir sıra vacib qərarların qəbul edilməsini yüksək qiymətləndirir. AzərTAc