Aprelin 23-də Moldova Respublikasının Prezidenti Vladimir Voronin Azərbaycana rəsmi səfərə gəlmişdir.

Hər iki ölkənin dövlət bayraqlarının asıldığı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Moldova Prezidenti Vladimir Voronini təyyarənin pilləkəni yanında Azərbaycanın Baş naziri Artur Rasi-zadə və digər rəsmi şəxslər qarşıladılar.

Milli geyimli uşaqlar Moldova rəhbərinə gül-çiçək dəstəsi təqdim etdilər.

Qarşılanma mərasimindən sonra hava limanının ali qonaqlar üçün salonunda Prezident Vladimir Voronin və Baş nazir Artur Rasi-zadə arasında qısa protokol söhbəti oldu.
Moldova Prezidenti hava limanından fəxri motosikletçilər dəstəsinin müşayiəti ilə onun üçün ayrılmış iqamətgaha yola düşdü. AzərTAc