AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 166

Bakı şəhəri, 22 iyul 2008-ci il

«Ölkələrarası övladlığa götürmə ilə bağlı əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə hüquqi yardım göstərən orqanların akkreditasiya Qaydası»nın təsdiq edilməsi haqqında

«Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 2006-cı il 20 oktyabr tarixli 168-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 12 mart tarixli 547 nömrəli Fərmanına uyğun olaraq, ölkələrarası övladlığa götürmə ilə bağlı dövlət orqanları ilə övladlığa götürənlərə hüquqi yardım göstərən orqanlar arasında yaranan münasibətlərin, habelə bu sahədə fəaliyyət göstərən hüquqi şəxslərin fəaliyyətinin tənzimlənməsi və ölkələrarası övladlığa götürmə sahəsində dövlət nəzarətinin həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. «Ölkələrarası övladlığa götürmə ilə bağlı əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə hüquqi yardım göstərən orqanların akkreditasiya Qaydası» təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. Rasi-zadə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 iyul tarixli 166 nömrəli qərarı ilə təsdiq edilmişdir

Ölkələrarası övladlığa götürmə ilə bağlı əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə hüquqi yardım göstərən orqanların akkreditasiya Qaydası

1. Ümumi müddəalar

1.1. Bu Qayda ölkələrarası övladlığa götürmə ilə bağlı əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında daimi yaşayan uşağın övladlığa götürülməsi sahəsində hüquqi yardım göstərən orqanların akkreditasiya qaydasını, övladlığa götürmə ilə bağlı həmin orqanların hüquq və vəzifələrini, Azərbaycan Respublikasının vətəndaşı olan uşaqları övladlığa götürən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında daimi yaşayan uşağın övladlığa götürülməsi sahəsində hüquqi yardımın göstərilməsi şərtlərini müəyyən edir, övladlığa götürülmüş uşaqların həyatı ilə bağlı Azərbaycan Respublikasının dövlət orqanlarının məlumatlandırılması qaydasını, bu sahədə akkreditə edilmiş hüquqi şəxslərin fəaliyyətinə dövlət nəzarəti ilə bağlı məsələləri tənzimləyir.

1.2. Azərbaycan Respublikasının ərazisində ölkələrarası övladlığa götürmə ilə bağlı əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə hüquqi yardım mərkəzi orqanın akkreditə etdiyi orqanlar tərəfindən həyata keçirilə bilər.

1.3. Akkreditə edilmiş orqanın fəaliyyəti qeyri-kommersiya xarakteri daşıyır. Akkreditə edilmiş orqan övladlığa götürmə ilə bağlı əsassız maliyyə qazancı və ya hər hansı başqa mənfəət əldə edə bilməz. Akkreditə edilmiş orqana yalnız övladlığa götürmə ilə bağlı xərclər, o cümlədən hüquqi yardımın göstərilməsi, işçilərin əməkhaqqı, sənədlərin tərtibatı, övladlığa götürülmüş uşaqların həyatı barədə məlumatların toplanılması üçün zəruri olan maliyyə vəsaitləri ödənilir. Akkreditə edilmiş orqanın övladlığa götürən şəxslərə göstərdiyi xidmətlərin dəyəri onlar arasında bağlanan müqavilə ilə müəyyən olunur.

1.4. Akkreditasiya iki il müddətinə verilir.

1.5. Akkreditə edilmiş orqan yalnız mərkəzi orqan tərəfindən ona həvalə edilmiş səlahiyyətlər hüdudunda fəaliyyət göstərə bilər. Akkreditə edilmiş orqanın tərkibinə, fəaliyyətinə və maliyyə durumuna nəzarət mərkəzi orqan tərəfindən həyata keçirilir.

1.6. «Ölkələrarası övladlığa götürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında» Haaqa Konvensiyasının (bundan sonra Haaqa Konvensiyası) iştirakçısı olan xarici dövlətin mərkəzi orqanı tərəfindən akkreditə edilmiş orqanlar Azərbaycan Respublikasının ərazisində yalnız o halda fəaliyyət göstərə bilər ki, Azərbaycan Respublikasının mərkəzi orqanı tərəfindən onların fəaliyyətinə icazə verilsin. Mərkəzi orqan icazəni akkreditasiya üçün müəyyən edilmiş qaydada verir.

1.7. Akkreditə edilmiş orqan öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Haaqa Konvensiyasını, ölkələrarası övladlığa götürmə sahəsində Azərbaycan Respublikasının qanunvericiliyini, bu Qaydanı, eləcə də Azərbaycan Respublikasının digər qanunvericilik aktlarını rəhbər tutur.

2. Əsas anlayışlar

2.1. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. akkreditasiya - Azərbaycan Respublikasının vətəndaşı olan uşaqları övladlığa götürən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə hüquqi yardımın göstərilməsi üçün hüquqi şəxslərə icazənin verilməsidir;

2.1.2. akkreditə edilmiş orqan - qanunvericiliklə müəyyən edilmiş qaydada mərkəzi orqan tərəfindən akkreditə edilmiş, ölkələrarası övladlığa götürmə sahəsində əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə hüquqi yardım göstərən qeyri-kommersiya hüquqi şəxsdir;

2.1.3. mərkəzi orqan - Haaqa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq mərkəzi orqan qismində təyin edilmiş orqandır (Azərbaycan Respublikası üçün - Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi);

2.1.4. övladlığa götürən şəxslər - Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların övladlığa götürülməsi ilə bağlı müraciət etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdir.

3. Akkreditə edilmiş orqanın vəzifələri

3.1. Akkreditə edilmiş orqanın vəzifələri aşağıdakılardır:

3.1.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ölkələrarası övladlığa götürmə məsələləri ilə bağlı Azərbaycan Respublikasının vətəndaşı olan uşağı övladlığa götürmək istəyən əcnəbi və vətəndaşlığı olmayan şəxslərə hüquqi yardım və digər xidmətləri göstərmək;

3.1.2. uşağı övladlığa götürmək istəyən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciəti əsasında onları övladlığa götürmə prosesində təmsil etmək, bununla bağlı qanunvericiliklə müəyyən edilmiş tədbirləri həyata keçirmək;

3.1.3. övladlığa götürmə ilə bağlı təqdim edilən sənədlərin müəyyən olunmuş qaydada tərtib edilməsini təmin etmək;

3.1.4. övladlığa götürən şəxslərin daxili qeydiyyatını aparmaq, onların sənədlərinin saxlanılmasını təmin etmək;

3.1.5. mərkəzi orqan tərəfindən müəyyən edilmiş məhdudiyyətlər çərçivəsində uşaqların övladlığa götürülməsi ilə bağlı zəruri tədbirləri həyata keçirmək;

3.1.6. övladlığa götürülmüş uşaqların gələcək həyatı barədə Azərbaycan Respublikasının mərkəzi orqanını öz səlahiyyətləri daxilində məlumatlandırmaq, mərkəzi orqanın müəyyən etdiyi müddət ərzində onların həyatına nəzarət edilməsini təmin etmək, övladlığa verilmiş uşağın sosial-psixoloji vəziyyəti, sağlamlıq durumu, inkişafı, təhsili, uşağı övladlığa götürmüş ailənin maddi və psixoloji vəziyyəti, uşaqla ailədə davranış və uşağın davranışı, ailəyə uyğunlaşması və s. barədə məlumatları toplamaq və mərkəzi orqana təqdim etmək;

3.1.7. mərkəzi orqanın sorğusuna əsasən tələb olunan sənədləri müəyyən olunmuş müddətdə təqdim etmək;

3.1.8. övladlığa götürən şəxslər barədə ətraflı məlumatları mərkəzi orqana təqdim etmək;

3.1.9. ölkələrarası övladlığa götürmə üçün qanunla müəyyən edilmiş tələblərə uyğun gəlməyən şəxslər barədə məlumatları mərkəzi orqana təqdim etmək;

3.1.10. ildə iki dəfə, altı aydan bir olmaqla, öz fəaliyyəti, maliyyə durumu və mərkəzi orqan tərəfindən tələb edilən digər məsələlər barədə ətraflı məlumatı mərkəzi orqana təqdim etmək (hesabatda işçilərin əməkhaqları, fəaliyyət dövründə xərcləri, gəlirləri və digər məlumatlar əks etdirilir);

3.1.11. özü barədə zəruri məlumatları (ünvanı, əlaqə üçün məlumatları, təsisçiləri, işçi heyəti, strukturu, fəaliyyət dairəsi və s.) və xarici ölkədə nümayəndəliklərinin dəyişməsi və ya yenidən formalaşdırılması ilə əlaqədar məlumatları mərkəzi orqana təqdim etmək;

3.1.12. ölkələrarası övladlığa götürmə ilə bağlı qarşılaşdığı çətinliklər və fəaliyyətinə mənfi təsir edən hallar barədə mərkəzi orqana məlumat vermək;

3.1.13. öz fəaliyyətinin şəffaflığını təmin etmək;

3.1.14. akkreditə edilməsi üçün müraciət etdikdə, təqdim etdiyi məlumatlardan hər hansı birinin dəyişməsi barədə mərkəzi orqana məlumat vermək;

3.1.15. uşağın övladlığa verilməsi ilə bağlı digər vəzifələri həyata keçirmək.

3.2. Akkreditə edilmiş orqan öz fəaliyyəti, riayət edilən prosedur qaydaları, övladlığa götürmə ilə bağlı həyata keçirilən xidmətlər və onların dəyəri barədə mütəmadi olaraq mərkəzi orqanı məlumatlandırmalıdır. Akkreditə edilmiş orqan aşağıda göstərilən qaydada müvafiq məlumatları Azərbaycan Respublikasının mərkəzi orqanına təqdim edir:

3.2.1. övladlığa götürülmüş uşaqların ölümü, onlarla qəddar rəftar, uşaqların övladlığa götürənin ailəsinə adaptasiya olunmaması, övladlığa götürmədən imtina və ya uşaqların başqa ailəyə yenidən verilməsi ilə əlaqədar təcili məlumatlar - 24 saat müddətində;

3.2.2. övladlığa götürməyə namizədlərin həyat şəraiti, övladlığa götürülmüş uşağın həyat şəraiti üzərində nəzarətin həyata keçirilməsi ilə bağlı hesabatlar və məlumatlar - bu Qaydanın 11-ci bölməsində müəyyən olunmuş müddətdə;

3.2.3. özünün fəaliyyəti və ya öhdəlikləri ilə bağlı tələb olunan digər məlumatları - mərkəzi orqanın sorğusuna əsasən.

4. Akkreditə edilmiş orqan tərəfindən göstərilən xidmətlər

4.1. Akkreditə edilmiş orqan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkələrarası övladlığa götürmə ilə bağlı hüquqi yardım göstərir.

4.2. Akkreditə edilmiş orqan tərəfindən ölkələrarası övladlığa götürməklə əlaqədar əlavə xidmətlər də təklif edilə bilər. Akkreditə edilmiş orqan ölkələrarası övladlığa götürmə ilə əlaqədar bu Qaydada nəzərdə tutulmamış digər xidmətlərin göstərilməsi üçün mərkəzi orqanın razılığını almalıdır.

4.3. Hüquqi yardım aşağıdakıları əhatə edir:

4.3.1. Azərbaycan Respublikası vətəndaşı olan uşağı övladlığa götürən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin övladlığa götürmənin ölkədaxili və beynəlxalq hüquq qaydaları barədə məlumatlandırılması;

4.3.2. övladlığa götürən şəxslərin hüquq və vəzifələri barədə məlumatlandırılması;

4.3.3. övladlığa götürmə ilə bağlı sənədlərin toplanması və tərtib edilməsi;

4.3.4. toplanmış sənədlərin qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq etdirilməsi;

4.3.5. övladlığa götürmək istəyən şəxslərin adından məhkəməyə müraciət edilməsi və məhkəmədə təmsilçiliyin həyata keçirilməsi;

4.3.6. övladlığa götürən şəxslərin ailə vəziyyəti, əmlak vəziyyəti, ailədaxili durum, ailədə münasibətlər, övladlığa götürənlərin tibbi müayinəsi, məsuliyyətə cəlb edilib-edilməməsi barədə və tələb olunan digər məlumatların mərkəzi orqan tərəfindən müəyyən edilən xüsusi anket formasına uyğun olaraq hazırlanması;

4.3.7. övladlığa götürmək istəyən şəxslərin sənədlərinin mərkəzi orqana təqdim edilməsi;

4.3.8. övladlığa verilən uşaq barədə məlumatların toplanılması və övladlığa götürmək istəyən şəxslərə təqdim edilməsi;

4.3.9. övladlığa götürmək istəyən şəxslərə ölkəyə gəlmək üçün tələb olunan sənədlərin hazırlanmasında və onların Azərbaycan Respublikasına gəlişi və gedişi ilə bağlı məsələlərdə köməklik göstərilməsi;

4.3.10. digər dövlətlərin akkreditə edilmiş orqanları ilə əməkdaşlıq.

5. Akkreditə edilmək üçün müraciət etmiş hüquqi şəxsə dair tələblər

5.1. Akkreditə edilməsi üçün müraciət etmiş orqan qeyri-kommersiya hüquqi şəxs olmalı və onun fəaliyyəti qeyri-kommersiya xarakteri daşımalıdır.

5.2. Akkreditə edilməsi üçün müraciət etmiş orqana dair aşağıdakı tələblər irəli sürülür:

5.2.1. fəaliyyətini müəyyən edən təsis sənədləri olmalıdır;

5.2.2. fəaliyyəti Haaqa Konvensiyası və Azərbaycan Respublikasının qanunvericiliyi ilə ziddiyyət təşkil etməməlidir;

5.2.3. etik standartlara uyğun təlimatlandırılmış və ölkələrarası övladlığa götürmə sahəsində iş təcrübəsinə malik olan şəxslər tərəfindən idarə olunmalıdır;

5.2.4. müraciət etmiş orqanın işçi heyəti akkreditə orqanının vəzifələrinin yerinə yetirilməsi üçün kifayət qədər peşəkar, ölkələrarası övladlığa götürmə barədə zəruri biliklərə və bu sahədə təcrübəyə malik olmalıdır;

5.2.5. ölkələrarası övladlığa götürmənin bütün mərhələlərinin (hüquqi yardımın göstərilməsi, övladlığa verildikdən sonra uşağın həyatı barədə məlumatların toplanması və s.) təmin edilməsi üçün zəruri imkanlara malik olmalıdır;

5.2.6. fəaliyyəti üçün kifayət edən maliyyə vəsaiti olmalıdır.

5.3. Mərkəzi orqan akkreditə edilmək üçün Azərbaycan Respublikasının qanunvericiliyini və Haaqa Konvensiyasını əsas götürməklə, əlavə tələblər müəyyən edə bilər.

6. Xarici dövlətdə akkreditə edilmiş orqana dair əlavə tələblər

6.1. Azərbaycan Respublikasının ərazisində yalnız Haaqa Konvensiyasının iştirakçısı olan dövlətlərdə həmin dövlətin mərkəzi orqanı tərəfindən müvafiq qaydada akkreditə edilmiş hüquqi şəxslər akkreditə orqanı qismində fəaliyyət göstərə bilərlər.

6.2. Azərbaycan Respublikasında fəaliyyət göstərmək üçün icazə öz ölkəsinin mərkəzi orqanı tərəfindən akkreditə edildikdən sonra, 3 il müddətində ölkələrarası övladlığa götürmə ilə bağlı fəaliyyət göstərmiş xarici dövlətin akkreditə edilmiş orqanına verilə bilər.

6.3. Bu Qaydanın tələblərinə cavab verən xarici dövlətdə akkreditə edilmiş orqan Azərbaycan Respublikasında fəaliyyət göstərmək üçün mərkəzi orqana müraciət etməlidir.

7. Azərbaycan Respublikasında akkreditə edilmiş orqanın xarici dövlətin ərazisində fəaliyyəti

7.1. Azərbaycan Respublikasında akkreditə edilmiş orqan yalnız Azərbaycan Respublikasının mərkəzi orqanı və xarici dövlətin Haaqa Konvensiyası üzrə mərkəzi orqanı tərəfindən müvafiq icazə verildiyi halda həmin xarici dövlətin ərazisində fəaliyyət göstərə bilər.

7.2. Akkreditasiya üçün müraciət etmiş orqan xarici dövlətin ərazisində fəaliyyət göstərmək istədikdə, bu barədə müraciətdə qeyd etməli və bunu əsaslandırmalıdır.

7.3. Xarici dövlətin ərazisində fəaliyyət göstərmək üçün icazə Azərbaycan Respublikasının mərkəzi orqanı tərəfindən 2 il müddətinə verilir.

8. Akkreditə edilmək üçün müraciət etmiş orqanın işçi heyətinə dair irəli sürülən tələblər

8.1. Rəhbər işçilər və əməkdaşlar da daxil olmaqla, akkreditə orqanının işçi heyəti aşağıdakı tələblərə cavab verməlidir:

8.1.1. ölkələrarası övladlığa götürmə ilə əlaqədar mövcud beynəlxalq hüquqi sənədlərdən irəli gələn tələbləri, habelə milli qanunvericiliyin tələblərini bilməlidir;

8.1.2. zəruri ünsiyyət qabiliyyəti, peşə hazırlığı, sosial iş və uşaqların sosial təminatı sahəsində müvafiq təcrübəyə malik olmalıdır;

8.1.3. qanunvericiliklə müəyyən olunmuş digər tələblərə cavab verməlidir.

8.2. Ölkələrarası övladlığa götürmə sahəsində peşə hazırlığının təmin edilməsi məqsədi ilə akkreditə edilmiş orqan tərəfindən işçilərin ixtisasartırma təlimlərinin keçirilməsi təmin edilməlidir.

9. Akkreditasiya qaydası

9.1. Akkreditə edilməsi üçün mərkəzi orqana müraciət edilir. Akkreditə edilməsi üçün müraciət etmiş orqan tərəfindən aşağıdakı sənədlər təqdim olunur:

9.1.1. hüquqi şəxsin təsis sənədləri və dövlət qeydiyyatı barədə sənədlər;

9.1.2. əmlak vəziyyəti, işçiləri, təşkilatın ştatı və strukturu barədə məlumatlar;

9.1.3. xarici dövlətdə akkreditə edildiyini təsdiq edən sənədlər (müvafiq halda);

9.1.4. akkreditə edildiyi xarici dövlətin mərkəzi orqanının, həmin orqan olmadığı halda, onun səlahiyyətlərini həyata keçirən dövlət orqanının tövsiyəsi;

9.1.5. iş təcrübəsi barədə ətraflı məlumatlar (müvafiq halda);

9.1.6. akkreditə edilmiş orqan qismində digər dövlətlərdə fəaliyyət göstərməsi barədə məlumatlar (müvafiq halda);

9.1.7. işçi heyətin əməkhaqqı ilə təmin edilməsi barədə məlumatlar;

9.1.8. fəaliyyəti dövründə həyata keçirmək istədiyi xidmət növləri haqqında məlumat;

9.1.9. müraciət etmiş orqan tərəfindən göstərilən xidmətlərin qiyməti barədə məlumatlar;

9.1.10. mərkəzi orqanın zəruri hesab etdiyi digər məlumatlar.

9.2. Akkreditə edilmək üçün təqdim olunmuş sənədlər həmin dövlətin rəsmi dilində tərtib edilməli, qanunvericiliklə müəyyən edilmiş qaydada leqallaşdırılmalı və onların Azərbaycan dilinə tərcüməsi notarial qaydada təsdiq olunmalıdır.

9.3. Təqdim edilmiş sənədlərdə hər hansı çatışmazlıq, qeyri-müəyyənlik və ya boşluq aşkar edildiyi halda, akkreditə edilməsi üçün müraciət etmiş şəxs bu barədə yazılı qaydada məlumatlandırılır və nöqsanların aradan qaldırılması üçün mərkəzi orqan tərəfindən 45 gün müddət təyin edilir.

9.4. Akkreditə edilməsi üçün müraciət etmiş orqan barədə əlavə məlumatların toplanılması məqsədi ilə mərkəzi orqan qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının dövlət orqanlarına, diplomatik nümayəndəliklərinə, habelə xarici ölkələrin aidiyyəti dövlət orqanlarına sorğu göndərə bilər.

9.5. Təyin edilmiş müddət ərzində nöqsanlar aradan qaldırılmadıqda, müraciət üçün təqdim edilmiş sənədlər baxılmır və geri qaytarılır.

9.6. Akkreditə edilməsi üçün müraciət etmiş orqan müraciətin qeydə alındığı tarixdən etibarən, 3 ay müddətində müraciətə baxılmasının nəticəsi barədə məlumatlandırılır. Zəruri hallarda bu müddət daha 1 (bir) ay artırıla bilər.

9.7. Müraciət etmiş şəxsə mərkəzi orqan tərəfindən akkreditə edilməsini təsdiq edən müvafiq sənəd verilir.

9.8. Xarici dövlətin mərkəzi orqanı tərəfindən akkreditə edilmiş orqanın Azərbaycan Respublikasında fəaliyyət göstərməsi üçün icazə Azərbaycan Respublikasının ərazisində əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə hüquqi yardım göstərən orqanın akkreditasiyası üçün nəzərdə tutulmuş qaydada verilir.

9.9. Azərbaycan Respublikasının mərkəzi orqanı tərəfindən akkreditə edilmiş orqanın xarici dövlətin ərazisində fəaliyyət göstərməsi üçün icazə Azərbaycan Respublikasının mərkəzi orqanının razılığı əsasında həmin xarici dövlətin qanunvericiliyi ilə müəyyən edilmiş qaydada verilir.

10. Akkreditasiyadan imtina edilməsi

10.1. Aşağıdakı hallarda mərkəzi orqan tərəfindən akkreditasiyadan imtina edilir:

10.1.1. akkreditə edilməsi üçün müraciət etmiş orqan bu Qaydada müəyyən edilmiş tələblərə cavab vermədikdə;

10.1.2. akkreditə edilməsi üçün müraciət etmiş orqan tərəfindən yanlış məlumatlar təqdim edildikdə;

10.1.3. akkreditə edilməsi üçün müraciət etmiş orqan barədə məlumatların toplanılması ilə əlaqədar göndərilmiş sorğuya Azərbaycan Respublikasının və xarici dövlətlərin müvafiq dövlət orqanları tərəfindən mənfi rəy verildikdə;

10.1.4. akkreditə edilməsi üçün müraciət etmiş orqanın qeydiyyata alındığı dövlətin ərazisində ictimai-siyasi və iqtisadi-sosial vəziyyət, ətraf mühitin vəziyyəti qeyri-qənaətbəxş olduğu halda, habelə hər hansı səbəbdən həmin dövlətin ərazisində uşaqların müdafiəsi üçün çətinlik olduqda;

10.1.5. akkreditə edilməsi üçün müraciət etmiş orqanın dövlətinin qanunvericiliyində Azərbaycan Respublikasında övladlığa götürmə barədə çıxarılmış qərarın tanınması üçün maneə olduqda;

10.1.6. akkreditə edilməsi üçün müraciət etmiş orqanın dövlətinin qanunvericiliyində uşaq hüquqlarının, xüsusilə ölkələrarası övladlığa götürülmüş uşaqların hüquq və azadlıqlarını, onların qanuni mənafelərini məhdudlaşdıran müddəalar olduqda;

10.1.7. akkreditə edilməsi üçün müraciət etmiş orqan və ya onun əməkdaşları tərəfindən əvvəllər qanunvericiliyin və ya etik qaydaların pozulması barədə məlumatlar olduqda, habelə övladlığa götürülmüş uşaqların həyatı ilə bağlı nəzarətin həyata keçirilməsinə dair öhdəliklər pozulduqda;

10.1.8. xarici dövlətin mərkəzi orqanı tərəfindən akkreditə edilmiş orqanın akkreditasiyası və ya ona Azərbaycan Respublikasının ərazisində əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə hüquqi yardım göstərmək üçün verilmiş icazə ləğv edildikdə.

11. Övladlığa götürülmüş uşağın həyat şəraiti barədə məlumatların təqdim edilməsi

11.1. Akkreditə edilmiş orqan övladlığa götürülmüş uşağın övladlığa götürən ailədə həyat şəraiti və tərbiyəsi haqqında Azərbaycan Respublikasının mərkəzi orqanına hesabatları təqdim edir. Hesabatlar bu Qayda ilə müəyyən edilmiş müddətdə təqdim olunur. Hesabatlar müvafiq xarici ölkənin dövlət dilində təqdim edilir. Hesabatlar Azərbaycan Respublikasının qanunvericiliyi və ya onun qoşulduğu beynəlxalq müqavilələrlə başqa qayda nəzərdə tutulmamışdırsa, müvafiq qaydada leqallaşdırılmalı, tərcümə və təsdiq edilməlidir.

11.2. Uşağın övladlığa götürülməsindən sonra birinci ildə uşağın həyat şəraiti və tərbiyəsi ilə əlaqədar vəziyyət məhkəmənin övladlığa götürmə haqqında qərarı qüvvəyə mindiyi tarixdən 5-ci ay bitənədək araşdırılmalı və hesabat məhkəmənin övladlığa götürmə haqqında qərarı qüvvəyə mindiyi tarixdən etibarən, 7-ci ay bitməmiş təqdim edilməlidir.

11.3. Uşağın həyat şəraiti və tərbiyəsi ilə bağlı ikinci araşdırma övladlığa götürmə haqqında məhkəmənin qərarı qüvvəyə mindiyi tarixdən 11-ci ay bitənədək aparılmalı və hesabat məhkəmənin övladlığa götürmə haqqında qərarı qüvvəyə mindiyi gündən etibarən, 13-cü ay bitməmiş təqdim edilməlidir.

11.4. Uşağın həyat şəraiti və tərbiyəsi ilə əlaqədar vəziyyətin üçüncü dəfə təhlil edilməsi övladlığa götürmə haqqında məhkəmənin qərarı qüvvəyə mindiyi tarixdən 18-ci ay bitənədək həyata keçirilməli və hesabat məhkəmənin övladlığa götürmə haqqında qərarı qüvvəyə mindiyi gündən etibarən, 19-cu ay bitməmiş təqdim edilməlidir.

11.5. Uşağın həyat şəraiti və tərbiyəsi ilə əlaqədar vəziyyətin dördüncü dəfə təhlil edilməsi övladlığa götürmə haqqında məhkəmənin qərarı qüvvəyə mindiyi tarixdən 23-cü ay bitənədək həyata keçirilməli və hesabat məhkəmənin övladlığa götürmə haqqında qərarı qüvvəyə mindiyi gündən etibarən, 25-ci ay bitməmiş təqdim edilməlidir.

11.6. Uşağın həyat şəraiti və tərbiyəsi ilə əlaqədar beşinci araşdırma övladlığa götürmə haqqında məhkəmənin qərarı qüvvəyə mindiyi tarixdən 35-ci ay bitənədək aparılmalı və hesabat məhkəmənin övladlığa götürmə haqqında qərarı qüvvəyə mindiyi gündən etibarən, 37-ci ay bitməmiş təqdim edilməlidir.

11.7. Zərurət yarandığı halda, övladlığa götürənin ailəsində baş verən hadisələr nəzərə alınmaqla, Azərbaycan Respublikasının mərkəzi orqanının qərarına əsasən hesabatlar övladlığa götürmə haqqında məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 3 il keçdikdən sonrakı müddətdə, habelə uşağın yetkinlik yaşına çatmasına qədər müddətdə təqdim edilməlidir.

12. Övladlığa götürmənin və ona aid məlumatların konfidensiallığının təmin edilməsi

12.1. Akkreditə edilmiş orqan övladlığa götürmənin, habelə övladlığa götürmə prosesində ona təqdim edilmiş məlumatların və sənədlərin konfidensiallığını (məxfiliyini) təmin etməlidir.

12.2. Övladlığa götürmə ilə bağlı məlumat və sənədlər daim məxfi qaydada saxlanılır və onların mühafizəsi təşkil edilir.

12.3. Akkreditə edilmiş orqanın fəaliyyətinə bu Qaydada müəyyən edilmiş hallarda xitam verildikdə, saxlanılan konfidensial sənədlər və məlumatlar aidiyyəti üzrə dərhal mərkəzi orqana təhvil verilməlidir.

13. Akkreditə edilmiş orqanın fəaliyyəti üzərində nəzarət

13.1. Akkreditə edilmiş orqanın fəaliyyəti üzərində nəzarət mərkəzi orqan tərəfindən həyata keçirilir.

13.2. Akkreditə edilmiş orqanın fəaliyyəti ilə bağlı şikayətlərə mərkəzi orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada baxılır.

13.3. Akkreditə edilmiş orqanın fəaliyyəti üzərində nəzarətin həyata keçirilməsinin əsas forması həmin orqanın fəaliyyəti barədə məlumatların toplanması və toplanmış məlumatların qiymətləndirilməsidir.

13.4. Akkreditə edilmiş orqanın fəaliyyəti üzərində nəzarət həyata keçirilərkən aşağıdakılar nəzərə alınmalıdır:

13.4.1. akkreditə edilmiş orqan və ya onun işçiləri tərəfindən qanunvericiliyin pozulması barədə Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanlarından, yerli özünüidarəetmə orqanlarından, xarici dövlətlərin mərkəzi orqanlarından və fiziki şəxslərdən alınmış məlumatlar;

13.4.2. uşağın həyat şəraiti ilə bağlı nəzarətin həyata keçirilməsi, habelə övladlığa götürmə ilə bağlı hesabatların və digər məlumatların təqdim edilməsi öhdəliyinin yerinə yetirilməməsi halları;

13.4.3. qanunvericiliyin pozulması ilə əlaqədar əvvəllər yol verilmiş pozuntuların akkreditə edilmiş orqan tərəfindən aradan qaldırılması.

13.5. İşçilərin əməkhaqları akkreditə edilmiş orqan tərəfindən müəyyən olunur və övladlığa götürülmüş uşaqların sayından asılı ola bilməz.

13.6. Akkreditə edilmiş orqan göstərdiyi xidmətlər üzrə qiymətlər barədə mərkəzi orqana məlumat verməli və həmin qiymətləri əsaslandırmalıdır. Müəyyən edilmiş qiymətlərdən kənar hər hansı ödəmələrin təyin edilməsi qadağandır. Akkreditə edilmiş orqanın fəaliyyətinin mənfəət əldə edilməsinə yönəlməsi akkreditasiyanın ləğv edilməsi üçün əsasdır.

13.7. Təqdim edilmiş məlumatların doğruluğu şübhə yaratdıqda və ya şəffaflıq baxımından qənaətbəxş olmadığı halda, mərkəzi orqan təqdim olunmuş məlumatları araşdırmaq, zəruri sənədləri və ya audit yoxlamasının aparılmasını tələb etmək səlahiyyətinə malikdir.

13.8. Göstərilən xidmətlərə görə müəyyən edilmiş qiymətlər barədə akkreditə edilmiş orqan tərəfindən məlumat tərtib edilməli və övladlığa götürmə ilə bağlı müraciət edən şəxslərə əvvəlcədən təqdim edilməlidir.

14. Akkreditə edilmiş orqanın akkreditasiyasına xitam verilməsi

14.1. Aşağıdakı hallarda mərkəzi orqanın qərarı ilə akkreditasiyaya xitam verilir:

14.1.1. akkreditə edilmiş orqan tərəfindən bu Qaydada müəyyən edilmiş tələblər pozulduqda;

14.1.2. akkreditə edilmiş orqan tərəfindən akkreditasiya zamanı yanlış məlumatlar təqdim edildikdə;

14.1.3. akkreditə edilmiş orqan öz vəzifələrini yerinə yetirmədikdə;

14.1.4. akkreditə edilmiş orqan akkreditasiya qaydasında müəyyən olunmuş hüdudlardan kənar fəaliyyət göstərdikdə;

14.1.5. xarici dövlət tərəfindən verilmiş akkreditasiyanın müddəti bitdikdə və ya bu akkreditasiyaya xitam verildikdə;

14.1.6. akkreditə edilməsi üçün müraciət etmiş hüquqi şəxs ləğv edildikdə;

14.1.7. akkreditə edilmiş hüquqi şəxs tərəfindən fəaliyyətində yol verdiyi nöqsanlar aradan qaldırılmadıqda.