AZƏRBAYCAN  RESPUBLİKASININ

NAZİRLƏR  KABİNETİ

QƏRAR

№ 6

Bakı şəhəri, 8 yanvar 2009-cu il


"Kurortlar haqqında Nümunəvi Əsasnamə"nin təsdiq edilməsi haqqında


"Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 7 may tarixli 756 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:


1. "Kurortlar haqqında Nümunəvi Əsasnamə" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

               


Azərbaycan Respublikasının Baş naziri   A. Rasi-zadə

 



Azərbaycan Respublikası Nazirlər  Kabinetinin  2009-cu il 8 yanvar tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmişdir


Kurortlar haqqında Nümunəvi

 

ƏSASNAMƏ

1. Ümumi müddəalar

1.1. Kurort - təbii müalicə ehtiyatlarına malik olan, müalicə-sağlamlıq müəssisələri, qurğuları və turizm infrastrukturu obyektləri yerləşən xüsusi mühafizə olunan təbiət ərazisidir. 

Ərazinin kurort kimi tanınması həmin ərazinin və orada mövcud olan təbii müalicə ehtiyatlarının tibbi-bioloji, kurortoloji, geoloji, hidrogeoloji və digər tədqiqatları əsasında müvafiq qanunvericiliyə  uyğun olaraq müəyyən edilir.

1.2. Kurortun ərazisində aşağıdakı zonalar yerləşir:

təbii müalicə ehtiyatları, onların istifadə olunması üçün qurğu və tikililər, sanatoriya-kurort və istirahət müəssisələri,  həmçinin istirahət və müalicə üçün kurortlara gələn insanlara xidmət göstərən məişət, iaşə və  ticarət obyektləri yerləşən kurort zonası;

kurort ərazisində daim yaşayan əhali üçün nəzərdə tutulmuş yaşayış evləri, ictimai binalar və digər qurğu və tikililər yerləşən zona; 

mərkəzləşdirilmiş təsərrüfat və texniki xidmətlərin yerləşdiyi zona.

1.3. Azərbaycan Respublikasında kurortlar maddi-texniki təminatı, təqdim olunan xidmətlərin çeşidi və nomenklaturasına, göstərilən xidmətlərin səviyyəsi və keyfiyyətinə görə beynəlxalq, respublika və yerli əhəmiyyətli kateqoriyalara bölünür.

Bələdiyyə mülkiyyətində olan yerli əhəmiyyətli kurortlar istisna olmaqla, digər kurortların əsasnamələri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

1.4. Kurortların təşkili və ləğvi aidiyyəti icra hakimiyyəti orqanlarının rəy və təklifləri nəzərə alınmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən  həyata keçirilir.

1.5. Kurortların öyrənilməsi, istifadəsi, inkişafı sahəsində fəaliyyətinin əlaqələndirilməsini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, mühafizəsi sahəsində isə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir.

1.6. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi sanatoriya-kurort müəssisələrində müalicə-profilaktika işinin təşkilinə nəzarət edir, elmi-metodik və konsultativ yardım göstərir.

                       

2.  Kurortların inkişafı və  tikinti işlərinin aparılması

2.1. Kurortların inkişafı onların inkişaf proqramına uyğun olaraq həyata keçirilir.

2.2. Kurort ərazisi daxilində inşaat üçün torpaq sahələrinin ayrılması   kurortların inkişafı proqramına uyğun olaraq qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.

2.3. Yanğından mühafizə, nəqliyyatın və ictimai asayişin təhlükəsizliyi üzrə tədbirlər kurortların inkişaf proqramına uyğun və xüsusi mühafizə olunan təbiət ərazilərində müvafiq işlərin aparılması üçün qanunvericilikdə müəyyən edilmiş qaydalara riayət edilməklə həyata keçirilir.

2.4. Kurortların tutumu, müəyyən edilmiş qaydada təsdiq edilmiş  mineral su ehtiyatları, müalicəvi palçıq ehtiyatları müvafiq tipli  kurortlarda müalicəyə olan tələbat nəzərə alınmaqla, tikinti üçün əlverişli ərazinin  ölçülərindən asılı olaraq təyin olunur.

2.5. Yeni sanatoriya-kurort müəssisələrinin tikintisi və ya fəaliyyətdə olanların genişləndirilməsi məqsədi ilə torpaq sahələri ayrılmamışdan əvvəl onların yerləşəcəyi yerin müəyyən edilməsi müvafiq qanunvericiliklə tənzimlənir.

 

3. Kurortların sanitariya mühafizəsi

 

3.1. Kurortların  təbii müalicə ehtiyatlarının  çirklənməsinin və vaxtından əvvəl tükənməsinin qarşısının alınması məqsədi ilə qanunvericiliyə uyğun olaraq onların ətrafında sanitariya mühafizə zonaları müəyyən edilir.

3.2. Sanitariya mühafizə zonalarında eroziya proseslərinə gətirib çıxaran və təbii müalicə ehtiyatlarına, kurortların sanitariya vəziyyətinə mənfi təsir göstərən, torpağı, havanı, suyu çirkləndirən, meşələrə, yaşıllığa zərər yetirən fəaliyyət    zonaların növündən asılı olaraq məhdudlaşdırılır və ya qadağan edilir.

3.3. Sanitariya mühafizə zonasında kurortların sanitariya vəziyyətinin lazımi səviyyədə təmin edilməsi və saxlanılması üçün sanitar-sağlamlaşdırma və digər tədbirlər həyata keçirilir.    

 3.4. Kurortların sanitariya mühafizə  zonasında sanitariya mühafizə qaydalarına riayət olunması üzərində nəzarət Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir.

 3.5. Kurortların sanitariya mühafizəsi üzrə tədbirlərin həyata keçirilməsi   məcburidir.    


 

4. Təbii müalicə ehtiyatlarından istifadə və kurortların abadlaşdırılması

4.1. Mineral su və müalicəvi palçıq mənbələrinin istifadəsinə (onların resurslarına müvafiq olaraq və texnoloji istismar sxemi  əsasında),  müalicəvi palçıq və mineral suların debitinə, kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə nəzarət səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və bələdiyyələr tərəfindən həyata keçirilir.

4.2. Kurortlar üçün aşağıdakı tədbirlər daxil olmaqla, sanitariya-sağlamlaşdırma planı hazırlanır:

tikinti-montaj işlərinin həyata keçirilməsi;

kurortun təbii müalicə ehtiyatlarının mühafizəsi və onlardan istifadə ilə əlaqədar olan işlər;

su təminatı və kanalizasiya, yol və abadlıq işləri ilə əlaqədar olan tədbirlər.


5. Kurortlarda tibbi xidmətin təşkili

5.1. Kurortlarda müalicə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş, elmi cəhətdən əsaslandırılmış metodika əsasında həyata keçirilir.

5.2. Kurortlarda müalicə-sağlamlaşdırma məqsədi ilə təbii müalicə ehtiyatlarının istifadə olunması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş konkret göstəriş və əks-göstərişlərə uyğun həyata keçirilir.

5.3. Şəxslərin sanatoriya-kurort müalicəsinə seçilməsi və göndərilməsi  müəyyən olunmuş qaydada həyata keçirilir.

5.4. İstirahət və müalicə məqsədi ilə kurorta göndərilmiş şəxslərdə yoluxucu və digər xəstəliklər aşkar edildikdə və ya onların sağlamlıq vəziyyətinin kəskin pisləşdiyi  hallarda, onlar yerli səhiyyə müəssisələrinə hospitalizə olunurlar. 


_____________________