AZƏRBAYCAN  RESPUBLİKASININ

NAZİRLƏR  KABİNETİ

QƏRAR

№ 230

Bakə şəhəri, 23 sentyabr 2008-ci il


Azərbaycan Respublikası vətəndaşlarının 2008-ci ilin oktyabrın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılmasının təmin edilməsi tədbirləri haqqında


«Azərbaycan Respublikası vətəndaşlarının 2008-ci ilin oktyabrın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 sentyabr tarixli 822 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA  ALIR:

1. «2008-ci ilin oktyabrın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırış vaxtı rayon (şəhər) çağırış komissiyalarına rəhbərlik və onların fəaliyyətinə nəzarət üzrə Respublika Çağırış Komissiyasının tərkibi» təsdiq edilsin (əlavə olunur).

2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasının çağırış komissiyasını, respublikanın şəhər və rayonlarının icra hakimiyyəti orqanları isə müvafiq şəhər və rayon çağırış komissiyalarını yaratsınlar.

3. Azərbaycan Respublikası Çağırış Komissiyasının sədri:

Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrinə həqiqi hərbi xidmətə çağırışını «Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq təşkil etsin;

həqiqi hərbi xidmətə çağırılmalı olan çağırışçıların Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrinə müəyyən edilmiş proporsional bölgüyə uyğun göndərilməsini təmin etsin;

ilk növbədə həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququnu itirəcək yuxarı yaşlı çağırışçıların, eləcə də çağırışdan yayınanların hərbi xidmətə çağırılması üçün müvafiq tədbirlər görsün;

çağırışçıların hərbi komissarlıqlardan yola salınmasının yerli icra hakimiyyəti orqanlarını, Böyük Vətən müharibəsi veteranlarını və Azərbaycan Respublikasının müharibə veteranlarını cəlb etməklə, təntənəli şəraitdə keçirilməsini təmin etsin;

vətəndaşların qəbuluna, ərizə və şikayətlərinə baxılmasına həssaslıqla yanaşsın.

4. Şəhər və rayon icra hakimiyyəti orqanları vətəndaşların həqiqi hərbi xidmətə çağırışının hazırlanması və keçirilməsi işinin təşkili ilə bağlı məsələlərdə hərbi komissarlıqlara hərtərəfli köməklik göstərsinlər.

5. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi respublikanın şəhər və rayon çağırış komissiyalarına lazımi sayda ixtisaslı həkim-mütəxəssislərin və orta tibb işçilərinin ayrılmasını, onların müvafiq tibbi texnika, alətlər və digər ləvazimatlarla təchiz olunmasını və çağırışçıların tibbi yoxlanışının keyfiyyəti üzərində nəzarəti təmin etsin.

6. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi:

vətəndaşların həqiqi hərbi xidmətə çağırışını həyata keçirməkdə hərbi komissarlıqlara hərtərəfli köməklik göstərsin;

həqiqi hərbi xidmətə çağırışdan yayınan şəxslərin axtarışının həyata keçirilməsi üçün lazımi tədbirlər görsün;

hərbi komissarlıqların çağırış məntəqələrində ictimai asayişin qorunması üçün lazımi sayda polis işçilərinin, habelə respublika ərazisində çağırışçıları daşıyan avtomobil dəstələrinin müşayiəti üçün Dövlət Yol Polisi tərəfindən patrul maşınlarının ayrılmasını təmin etsin.

7. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təqdimatına əsasən «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Dövlət Dəmir Yolu 2008-ci ilin oktyabrın 1-dən 30-dək respublika ərazisində çağırışçıların daşınmasını təşkil etsinlər.

8. Şəhər və rayon çağırış komissiyaları sədrlərinin təqdimatına əsasən şəhər və rayon icra hakimiyyəti orqanları 2008-ci ilin oktyabrın 1-dən 30-dək respublika ərazisində çağırışçıların avtomobil nəqliyyatı  ilə daşınmasını təşkil etsinlər.

9. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi rayon və şəhər hərbi komissarlıqlarının çağırış məntəqələrini etibarlı və fasiləsiz telefon rabitəsi ilə təmin etsin.

10. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi çağırış dövründə rayon və şəhər hərbi komissarlıqlarının çağırış məntəqələrində mədəni hamilik işinin aparılmasını təşkil etsin.

11. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Baş naziri A. Rasi-zadə

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il  23 sentyabr tarixli 230 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

2008-ci ilin oktyabrın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırış vaxtı rayon (şəhər) çağırış komissiyalarına rəhbərlik və onların fəaliyyətinə nəzarət üzrə Respublika Çağırış Komissiyasının

 

T Ə R K İ B İ

 


            Ə.Hüseynov -  Azərbaycan Respublikasının hərbi  komissarı,  Komissiyanın sədri 

           

            A.Vəlibəyov - səhiyyə nazirinin müavini


            T.Musayev - ədliyyə nazirinin müavini


            O.Zalov  - daxili işlər nazirinin müavini


            İ.Babayev - gənclər və idman nazirinin müavini


            A.Dadaşov - AHİK sədrinin müavini