AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 155

Bakı şəhəri, 10 iyul 2008-ci il

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin fəaliyyətinin tənzimlənməsi barədə

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzinin nəzdində orta musiqi məktəbinin fəaliyyətinin tənzimlənməsi barədə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan SSR Nazirlər Sovetinin 1967-ci il 24 noyabr tarixli 595 nömrəli qərarı ilə Azərbaycan Respublikasının Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin Dzerjinski adına klubunun nəzdində yaradılmış musiqi məktəbinin fəaliyyəti Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzinin nəzdində davam etdirilsin və onun maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsində Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin saxlanılması üçün nəzərdə tutulmuş vəsait hesabına təmin edilsin.

2. Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən orta musiqi məktəbinin tədris planı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Respublikasının orta musiqi məktəbləri üçün müəyyən etdiyi tədris planına müvafiq olaraq Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi tərəfindən təsdiq edilsin.

3. Həmin orta musiqi məktəbində təhsil alan şagirdlərin sayının son həddi 150 (yüz əlli) nəfər müəyyən edilsin.

4. Müəyyən edilsin ki, orta musiqi məktəbinin işçilərinin aylıq vəzifə maaşlarının məbləğləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin mülki işçilərinin vəzifə maaşlarına uyğun olaraq təsdiq edilir və orta musiqi məktəbinin işçilərinin aylıq vəzifə maaşlarına əlavələr, eləcə də onlara maddi yardım və mükafat qanunvericiliyə əsasən Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin mülki işçiləri üçün müəyyən olunmuş qaydaya uyğun olaraq ödənilir.

5. “Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin Dzerjinski adına klubunun nəzdində orta musiqi məktəbinin təşkili haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1967-ci il 24 noyabr tarixli 595 nömrəli qərarı qüvvədən düşmüş hesab edilsin.

6. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının

Baş naziri A. Rasi-zadə