AZƏRBAYCAN  RESPUBLİKASININ

NAZİRLƏR  KABİNETİ

Q Ə R A R

№ 227

Bakı şəhəri, 22 sentyabr 2008-ci il


"Yanar dağ" dövlət tarix-mədəniyyət və təbiət qoruğunun bəzi məsələləri barədə


"Yanar dağ" dövlət tarix-mədəniyyət və təbiət qoruğunun yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 2 may tarixli 2141 nömrəli Sərəncamının 2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "Yanar dağ" dövlət tarix-mədəniyyət və təbiət qoruğu Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilsin.

2. "Yanar dağ" dövlət tarix-mədəniyyət və təbiət qoruğunun sərhədləri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası və Abşeron Rayon İcra Hakimiyyəti ilə razılaşdırmaqla, təqdim etdiyi plan-sxemə uyğun olaraq müəyyən edilsin (əlavə olunur).

3. "Yanar dağ" dövlət tarix-mədəniyyət və təbiət qoruğu haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Baş naziri A. Rasi-zadə



Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 22 sentyabr tarixli 227 nömrəli qərarı ilə təsdiq edilmişdir

                          


«Yanar  dağ»  dövlət tarix-mədəniyyət və təbiət  qoruğu haqqında

Ə S A S N A M Ə

 

I. Ümumi müddəalar


1.1. «Yanar dağ» dövlət tarix-mədəniyyət və təbiət qoruğu (bundan sonra - Qoruq) Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 2 may tarixli 2141 nömrəli Sərəncamı ilə yaradılmış elmi tədqiqat müəssisələrinə bərabər tutulan qurumdur.

Qoruq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət  göstərir.

1.2. Qoruq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, qüvvədə olan digər normativ hüquqi aktları, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əmrlərini, kollegiya qərarlarını və bu Əsasnaməni rəhbər tutur.

1.3.  Qoruğun bütün ərazisi toxunulmazdır, onun istifadəsində və nəzarəti altındadır. 

1.4. Qoruq dövlət büdcəsindən maliyyələşən təşkilatdır, xəzinə hesabına, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və öz  adı həkk olunmuş möhürə, müvafiq künc ştamplarına və blanklara  malikdir. Qoruğun öz emblemi vardır.

1.5. Qoruq fəaliyyətinə dair illik hesabatı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə təqdim edir.

1.6.  Qoruq ərazisində yerləşən abidələrin təhlükəsizliyini, onların funksional təyinatını, memarlıq-estetik görünüşünü və uzunömürlülüyünü təmin etmək məqsədi ilə Qoruğun Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş sərhədləri və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin aidiyyəti təşkilatlarla razılaşdırmaqla təyin etdiyi mühafizə zonası mövcuddur.

1.7. Bu ərazidə torpaq mövcud qanunvericiliyə əsasən təsərrüfat istifadəsindən və mülki dövriyyədən tamamilə və ya qismən çıxarılır və Qoruğun daimi istifadəsinə verilir.

 

II. Qoruğun vəzifələri və fəaliyyət istiqamətləri


2.1. Qoruq bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

2.1.1. Qoruq ərazisində dövlət nəzarətini həyata keçirir;

2.1.2. Qoruq sahəsinə aid proqnozlaşdırma və planlaşdırma işlərini təşkil edir və Qoruğun inkişafını təmin edir;

  • 2.1.3. Qoruğun idarə edilməsi ilə bağlı müvafiq planlar hazırlayır, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşdırır və həyata keçirir;

2.1.4. Qoruq ərazisindəki yaşıllaşdırma sahələrini və nəqliyyat hərəkətini müvafiq qaydada təşkil edir. Abidələrə yaxın olan və ya onların mühafizə zonasından keçən yol sahələrində boru kəmərlərinin, elektrik xətlərinin və digər kommunikasiyaların, eləcə də nəqliyyat vasitələrinin hərəkəti abidələrin qorunması üçün təhlükə yaratdıqda, onların məhdudlaşdırılması və ya qadağan edilməsi üçün qanunvericiliyə uyğun qaydada tədbirlər görür;

  • 2.1.5. tarix və mədəniyyət abidələrində konservasiya, inşaat-möhkəmləndirmə, abadlıq, bərpa, rekonstruksiya, regenerasiya işlərinin səviyyəsinin artırılması və onların istifadəyə uyğunlaşdırılması üzrə layihə təkliflərini hazırlayır. Layihələr Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq edildikdən sonra Qoruğun və layihə müəllifinin (müəlliflərinin) nəzarəti altında həyata keçirilir;
  • 2.1.6. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin qərarı əsasında Qoruq sərhədləri daxilində abidələrin və tikililərin bərpa və təmirini planlaşdırır və təşkil edir, bu işlərin həyata keçirilməsinə nəzarət edir, abidələr üçün hər hansı təhlükə yarada bilən təmir işlərinin aparılması ilə əlaqədar təhlükəsizlik tədbirlərini müəyyənləşdirərək, müvafiq qaydada işlər görür;

2.1.7. Qoruq ərazisində yerləşən abidələrin və tikililərin inventarlaşmasını aparır, səlahiyyətləri daxilində Qoruğun pasportunu hazırlayır, qanunvericilikdə nəzərdə tutulmuş qaydada abidələr aşkar edilərsə, onların siyahıya və dövlət qeydiyyatına alınması üçün tədbirlər görür;

2.1.8.  Qoruğun elmi fondları müddətsiz saxlanılır;

2.1.9. Qoruq ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin mühafizəsini və toxunulmazlığını təmin edir, onlardan istifadə qaydalarının və Qoruğun mühafizə rejiminin pozulmasının qarşısının alınması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydada zəruri tədbirlər görür;

2.1.10. Qoruq ərazisində turizmin inkişaf etdirilməsini, turist marşrutlarının müəyyən edilməsini və bununla bağlı infrastrukturun yaradılmasını təşkil edir;

2.1.11. elmi tədqiqatlar və araşdırmalar təşkil edir, abidələrin aşkar edilməsi və öyrənilməsi üçün mütəxəssisləri cəlb edir;

  • 2.1.12. hər il dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi üzrə nəzərdə tutulmuş vəsait dairəsində abidələrin elmi, mədəni və tarixi əhəmiyyətini təbliğ edir, sərgilər, fotostendlər, ekskursiyalar, mühazirələr təşkil edir, sənədli və qısametrajlı filmlərin çəkilişi və elmi-kütləvi ədəbiyyatların nəşri üçün müvafiq tədbirlər görür;
  • 2.1.13. Qoruğun ərazisində qanunvericiliyə uyğun olaraq arxeoloji qazıntı işlərinin aparılmasını müvafiq qaydada təşkil edir, abidələrin öyrənilməsinə, arxeoloji qazıntıların aparılmasına və bu növ digər işlərə nəzarət edir; Qoruğun ərazisində arxeoloji abidələrin qazıntısına və aşkar edilməsinə Azərbaycan Milli Elmlər Akademiyasının icazəsi olduqdan və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində qeydə alındıqdan sonra yol verilir. Arxeoloji qazıntı zamanı Qoruq ərazisində aşkar olunan tarix və mədəniyyət abidələri Qoruğun fonduna təhvil verilir;
  • 2.1.14. Qoruğun ərazisində baş verə bilən fövqəladə halların qarşısının alınması üçün tədbirlər görür;

2.1.15. elmi tədqiqatların aparılma metodları Qoruğun rejiminin tələblərinə zidd olmadıqda hazırlanmış elmi təkliflər Qoruqda tətbiq edilə bilər.

2.1.16. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.

III. Qoruğun xüsusi mühafizə rejiminin xüsusiyyətləri və

ərazisində yerləşən abidələrdən istifadə qaydaları

  3.1. Qoruğun ərazisində yerləşən tarix-mədəniyyət abidələrindən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada istifadə oluna bilər.

  3.2. Qoruğun ərazisində yerləşən elmi, tarixi, mədəniyyət əhəmiyyətli  abidələr və təbii landşaft dövlət tərəfindən qorunur. Onların bədii-estetik görkəminin dəyişdirilməsi və onlar üçün təhlükə yarada biləcək hər hansı işlərin aparılması qadağandır.

3.3. Qoruğun ərazisində yerləşən abidələrdən və torpaqdan istifadə edən hüquqi və fiziki şəxslərlə abidələrin və istifadə etdikləri ərazinin qorunması üçün müəyyən olunmuş qaydada mühafizə müqavilələri  bağlanılır.

  • 3.4. Qoruğun ərazisi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş tələblərə əməl etmək şərtilə, tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi, təbiəti mühafizə, elmi tədqiqat, ətraf mühitin monitorinqi və turizm məqsədləri üçün istifadə edilə bilər;

3.5. Qoruğun ərazisində aşağıdakılar qadağandır:

  • 3.5.1. tarix və mədəniyyət abidələrində konservasiya, inşaat-möhkəmləndirmə, abadlıq, bərpa, rekonstruksiya, regenerasiya işlərinin səviyyəsinin artırılması və onların istifadəyə uyğunlaşdırılması layihəsi üzrə (Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq edilmiş bərpa və təmir işləri istisna olunmaqla) hər hansı tikinti işlərinin aparılması;
  • 3.5.2. tarix-mədəniyyət abidələrinə və təbii landşafta təhlükə yaradan hər bir fəaliyyət;
  • 3.5.3. geoloji kəşfiyyat və faydalı qazıntı işlərinin aparılması;
  • 3.5.4. xüsusi ekoloji təhlükə yaradan kimya sənayesi, metallurgiya, nüvə energetikası və digər müəssisələrin fəaliyyəti;
  • 3.5.5. müəyyən edilmiş yerlərdən kənar nəqliyyat vasitələrinin hərəkəti və dayanacaqların təşkili, çadırların qurulması və tonqal qalanması;

3.6. Qoruq ərazisində tarix, mədəniyyət, ekoloji, elmi dəyəri aşağı sala bilən fəaliyyət növləri qanunvericiliklə müəyyən edilmiş qaydada məhdudlaşdırıla və yaxud qadağan edilə bilər.


IV. Qoruğun maliyyələşdirilməsi


Qoruğun maliyyələşdirilməsi dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər və Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan digər mənbələr hesabına həyata keçirilir.


V.Qoruğun hüquq və məqsədləri


5.1.  Qoruğun əsas  hüquq və məqsədləri aşağıdakılardır:

5.1.1. ərazisində yerləşən tarix-mədəniyyət abidələrini, təbii landşaftı qoruyub saxlamaq;

5.1.2. Qoruğun ərazisində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin razılığı olmadan  görülən hər hansı abadlıq, bərpa, rekonstruksiya, regenerasiya və təmir-tikinti işlərinin aparılmasına qadağa qoymaq;        

5.1.3. Qoruq ərazisində dövlət (bələdiyyə) mülkiyyətində olan abidələrin  istifadəsinin, o cümlədən icarəyə verilməsinin mövcud qanunvericiliyə uyğunlaşdırılmasını təmin etmək;

5.1.4. mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılması üçün təkliflər vermək;

5.1.6. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;

5.2. Qoruğun mühafizə zonasında abidələr üçün hər hansı təhlükə yaratmayan inşaat-təmir işlərinin görülməsi müvafiq qanunvericiliyə əsasən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin razılığı ilə həyata keçirilir.



VI. Qoruğun fəaliyyətinin təşkili


6.1. Qoruğun fəaliyyətinə Azərbaycan Respublikasının mədəniyyət və turizm  naziri tərəfindən vəzifəyə təyin və azad edilən direktor rəhbərlik edir.

6.2. Qoruğun baş fond mühafizə, direktor müavinləri və baş mühasibi direktorun təqdimatı ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən vəzifəyə təyin və  azad edilirlər. Qoruğun digər işçiləri direktor tərəfindən vəzifəyə təyin və azad edilirlər.

6.3.  Direktor:

6.3.1. Qoruğa həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

6.3.2. Qoruğu bütün idarə, təşkilat və müəssisələrdə etibarnaməsiz təmsil edir;

6.3.3. Qoruğun işçiləri arasında vəzifə bölgüsünü aparır, onları mükafatlandırır, intizam məsuliyyətinə cəlb edir, əmək və icra intizamına nəzarət edir və onlara etibarnamələr verir;

6.3.4. öz səlahiyyətləri daxilində əmr və sərəncamlar verir;

6.3.5. Qoruğun illik və perspektiv iş planlarının tərtib  olunmasını təmin edir, elmi tədqiqat işlərinin yerinə yetirilməsinə və Qoruq ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən tətbiq olunmuş xüsusi rejimə əməl edilməsi üçün  tədbirlər görür;

6.3.6. müəyyən olunmuş qaydada Qoruğun strukturunun dəyişdirilməsi haqqında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə təkliflər verir.

6.4.   Qoruq mühafizəçiləri:

6.4.1. inventar kitabına əsasən onlara tapşırılmış tarix və mədəniyyət abidələrinin mühafizəsinə cavabdehdirlər;

6.4.2. Qoruq abidələrinin toxunulmazlığının təmin edilməsi üçün müxtəlif təsvirlər və yazıların aparılmasına, razılıq olmadan Qoruğun sərhədləri daxilində abidələrdən istifadə olunmasına, ərazisində yanğın təhlükəsi yarada bilən müxtəlif  tədbirlərin keçirilməsinə yol verməməli, üzərində tarixi yazılar, ornament, relyef və qayaüstü təsvirlər olan daşlara xüsusi diqqət yetirməli, abidələrdə olan dəyişikliklər, dağıntı və söküntülər, habelə onlardan qanunsuz istifadə olunması barədə rəhbərliyə və müvafiq orqanlara xəbər verməli, abidələrin mühafizə zonasında müxtəlif tikinti, torpaq, kənd təsərrüfatı, icazəsiz arxeoloji qazıntı işlərinin aparılmasına, ərazidə yeraltı, yerüstü partlayış işlərinə, xüsusi icazə olmadan abidələrin ölçülməsinə, onlarda olan bədii təsvirlərin surətlərinin çıxarılmasına icazə verməməlidirlər.

6.5. Qoruq mühafizəçiləri respublikanın rayon və şəhərlərində abidələrin mühafizəsinə və istifadəsinə dair keçirilən bütün seminar və yığıncaqlarda iştirak edə, həmçinin mədəniyyət işçilərinin təkmilləşdirmə kurslarında təhsil və təcrübə mübadiləsi keçə bilərlər.

6.6. Qoruğun strukturu və işçilərinin say həddi müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq edilir.



VII. Qoruğun  fəaliyyətinin dayandırılması və ləğvi


Qoruğun fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dayandırıla və yenidən təşkil edilə  bilər.