AZƏRBAYCAN  RESPUBLİKASININ

NAZİRLƏR  KABİNETİ

QƏRAR

№ 185

Bakı şəhəri, 12 avqust 2008-ci il


«Tullantıların yığılması (toplanması), yerləşdirilməsi, istifadəsi və zərərsizləşdirilməsinə görə haqqın müəyyən edilməsi Qaydası»nın təsdiq edilməsi haqqında


«İstehsalat və məişət tullantıları haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə»  Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 iyul tarixli 609 nömrəli Fərmanının 1.9-cu bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:


1. «Tullantıların yığılması (toplanması), yerləşdirilməsi, istifadəsi və zərərsizləşdirilməsinə görə haqqın müəyyən edilməsi Qaydası»   təsdiq edilsin (əlavə olunur).


2. Bu qərar imzalandığı gündən qüvvəyə minir


Azərbaycan Respublikasının Baş naziri A. Rasi-zadə

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il  12 avqust tarixli 185 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

Tullantıların yığılması (toplanması), yerləşdirilməsi, istifadəsi və zərərsizləşdirilməsinə görə haqqın müəyyən edilməsi


Q A Y D A S I



1. Bu Qayda tullantıların yığılması (toplanması), yerləşdirilməsi, istifadəsi və zərərsizləşdirilməsinə görə haqqın müəyyən edilməsi mexanizmini tənzimləyir.

2.  Bu Qayda Azərbaycan Respublikasının ərazisində təbiətdən istifadə ilə bağlı hər hansı fəaliyyəti həyata keçirən təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq,  hüquqi və fiziki şəxslərə ( bundan sonra - təbiətdən istifadəçi)  şamil edilir.

3. Tullantıların yığılması (toplanması), yerləşdirilməsi, istifadəsi və zərərsizləşdirilməsinə görə haqqın tətbiqi tullantılarla əlaqədar iqtisadi stimullaşdırma formalarından və təbiətdən pullu istifadə istiqamətində idarəetmənin iqtisadi üsullarından biri olub, ətraf mühitin mühafizəsi  qanunvericiliyinin pozulmasına görə məsuliyyət prinsiplərini müəyyən edir.

4. Tullantıların yığılması (toplanması), yerləşdirilməsi, istifadəsi və zərərsizləşdirilməsinə görə haqq (bundan sonra - tullantılara görə haqq) tullantıların həcmini (kütləsini), növünü və digər xüsusiyyətlərini (toksiklik sinfini) nəzərə alaraq, çirkləndirici tərəfindən ödənilir.

5. Tullantılara görə haqqın ödənilməsi təbiətdən istifadəçini ətraf  mühitin mühafizəsi tədbirlərini yerinə yetirməkdən, eləcə də ekoloji qanun pozmalarına görə cərimə sanksiyalarından və ətraf mühitin çirkləndirilməsi ilə əlaqədar təsərrüfata, vətəndaşların sağlamlığına və əmlakına vurulmuş ziyanın mövcud qanunvericilik əsasında ödənilməsi məsuliyyətindən azad etmir.

6.  Tullantılara görə haqqın miqdarı aşağıdakılara görə təyin edilir:

qanunvericiliklə müəyyən edilmiş limitlər (məhsul istehsalında xammal və materialların sərfi normaları əsasında müəyyənləşdirilmiş tullantı həcmi və ya kütləsi) həddində yerləşdirilən tullantının həcminə görə;

qanunvericiliklə müəyyən edilmiş limitdən artıq (məhsul istehsalı zamanı xammal və materialların sərfi normaları əsasında müəyyən edilmiş normadan artıq əmələ gələn, istifadə edilməmiş tullantıların yerləşdirilməsi, eləcə də texnoloji reqlamentlər və normativlər üzrə nəzərdə tutulmamış həcmdə məhsul istehsalı zamanı yaranan tullantıların həcmi və ya kütləsi) həcmdə yerləşdirilməsinə görə.

7. Tullantılara görə haqqın hesablanması və onun  ödənilməsi Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə razılaşdırmaqla,  Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tərtib və təsdiq edilmiş təlimata uyğun aparılır.

8. Tullantıların yığılması (toplanması) və yerləşdirilməsi təbiətdən istifadəçiyə məxsus ərazilərdə və ya ətraf mühitə neqativ təsir mənbəyinin yerləşdiyi sənaye zonası hüdudlarında aparılarsa,  tullantılara görə haqqın miqdarı hesablanarkən "0.3" əmsalı tətbiq edilir.

9. Məişət tullantıları poliqonlarının (zibilxanaların) ətraf mühitə təsiri nöqteyi-nəzərindən, onları istismar edən təşkilatlar təbiətdən istifadəçi hesab edilirlər, tullantılara görə haqqın ödənilməsi nöqteyi-nəzərindən isə onlar  təbiətdən istifadəçi sayılmır və bu haqqın ödənilməsindən  azaddırlar.

10.  Toksiki  tullantılar  zərərsizləşdirilmək,  basdırılmaq  və  saxlanılmaq üçün xüsusiləşdirilmiş poliqonlarda yerləşdirilərkən təbiətdən istifadəçidən tullantılara görə haqq tutulmur. Təbiətdən istifadəçi isə yerləşdirilən toksiki tullantıların ekoloji risklə əlaqədar müəyyən edilmiş qaydalar üzrə sığortasını təmin edir. 

11. Tullantıların limitdən artıq yerləşdirilməsinə görə haqqın məbləği limit həddində yerləşdirilən vahid həcmdə tullantı üçün müəyyənləşdirilmiş normativin 5 misli miqdarında qəbul edilir.

12. Qanunvericilikdə müəyyən olunmuş qaydada icazə alınmadan tullantılar bu məqsədlə ayrılmamış ərazilərdə və ya poliqonlarda, zibilxanalarda, tutumlarda, şlam-anbarlarda yerləşdirilərsə və ya tullantı emalı ilə məşğul olan müəssisələrə aparılarsa, tullantılara görə haqq 10 dəfə artırılır. 

13. Təbiətdən istifadəçi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılan müddətdə tullantılara görə haqqı  ödəmədiyi halda, hər gecikən gün üçün 0,1 faiz cərimə tutulur.

14. Bərk məişət tullantılarına görə haqq  emal sənayesinin qeyri-toksiki tullantılarının normativləri əsasında təyin olunur.

15. Təbiətdən istifadəçi tərəfindən təkrar emal edilən, yaxud başqa istehsalat sahələrində xammal kimi tətbiq edilən tullantılara görə haqq ödənilmir.

16. Regional və regionlararası çərçivədə həyata keçirilən təbiəti mühafizə tədbirlərində öz vəsaiti hesabına iştirak edən təbiətdən istifadəçinin ödədiyi tullantılara görə haqq bu tədbirlərə sərf etdiyi vəsait miqdarında azaldıla bilər.

17. Tullantılara görə haqqın  təbiətdən istifadəçinin fəaliyyət növündən asılı olaraq azaldılması və ya bu ödəmədən azad edilməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təqdimatı əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçililir.